“Təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq!”.
Bu, Hökumənin eşitdiyimiz və qulaqlarımızda qalan son səsi, çağırışı və hökmü idi.
Çox az adam bu sözləri o səslə dinləyərkən gözü yaşarmır, kövrəlmir. Lap çox az adam sosial mediada yayılmış səsə bir dəfə qulaq asır, təkrar dinləmək üçün barmağını aşağı-yuxarı verərərək, dinləmir.
Artıq insanlar öz dərdlərinin videosunun üzərinə o səsi yazıb, özlərini çəkir, paylaşırlar…
İnsan bir anın içində qəhrəmana çevrilə bilər.
Təbii ki, məğrur duruşu, çətin anlarda, hətta öləcəyini bilə-bilə o səs tonu ilə danışmaq, özündə güvəni tapıb çağırış etmək bacarığı yalnız xarakteri və iradəsi olan adamlara xas xüsusiyyətdir.
Hökumə də, sadəcə, sərnişinləri sakitləşdirmək üçün bunu demirdi, həm də onlara inam və ümid verirdi.
Bu ümid çoxlarını xilas etdi, burada Hökumənin həm səsindəki inam, həm də əməlindəki şücaət rol oynadı…
Bir çoxları düşünür ki, təyyarə dənizə düşsəydi, tapılmayacaqdı, hamı boğulub, öləcəkdi, şahid olmayacaqdı.
Razıyam, amma bir həqiqət də var ki, Hökumənin səsi səmanın ənginliyində qalacaq, yaşayacaqdı.
İlk dəfə idi ki, ölümün bir addımlığında insanlara yaşamağı israrla təlqin edən bir səs uzun illər yaddaşlarda yaşayacaq hökmə çevrildi: “Yaxşı olacaq!”.
Bu səs Azərbaycanın Milli Qəhrəmanı Hökumənin nidası və hökmü idi.
Ruhun şad olsun, səmada əbədi və diri qalan Mələk!
araz.az xəbər portalı.