Bəybala MİRZƏYEV ————————————–
Multimedia Mərkəzinin direktoru, hörmətli Osman Gündüz “”Qara qutu” nə üçün Braziliyaya göndərildi?” adlı yazısında bir sıra ehtimallar irəli sürür.
Məsələn, deyir ki, “Görünür ki, Qazaxıstan Rusiyanın basqılarına tab gətirməyib, ədalətsiz qərar vermək istəməyib və qara qutuları Braziliyaya göndərib”.
Sözügedən “qara qutu”ları Qazaxıstan əslində Azərbaycanın istəyi ilə Braziliyaya göndərib. Yəni ki, Rusiya istəsə də belə, Azərbaycanın bu qərarının qarşısını ala bilməzdi.
Braziliyanın BRİCS-in qurucu üzvlərindən biri olması isə, heç nəyi dəyişmir. Yəni ki, Rusiyanın BRİCS üzərindən Braziliyaya göstərə biləcəyi təsir və təzyiqlər də heç bir nəticə verməyəcək.
Çünki Rusiya tərəfindən vurulan təyyarəmizin “qara qutu”sunu Braziliya hökuməti yox, baş qərargahı bu ölkədə yerləşən Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) araşdırıb, incələyəcək. CENIPA-nın isə, Braziliya hökumətindən heç bir asılılığı yoxdur.
Osman bəy daha sonra yazır: “Maraqlı və düşündürücüdür Qazaxıstanın bu mövqeyi. Axı istehsalçı şirkətin, beynəlxalq qurumların nümayəndələri elə Qazaxıstandaydılar və orada bu işi bitirə bilərdilər. Doğurdanmı Qazaxıstan Rusiyanın təzyiqlərinə tab gətirə bilməyib?”.
Doğrudan da maraqlı sualdır. Ancaq istehsalçı şirkətin nümayəndələri və beynəlxalq ekspertlər hadisə yerində — Aktauda olsalar da, lakin “qara qutu”nu hadisə yerində analiz etmək, araşdırmaq mümkün deyil. Bununçün xüsusi laboratoriyalar olur. Yuxarıda adını qeyd etdiyim CENIPA təyyarə qəzalarının araşdırılması sahəsində yüksək texniki imkanlara malikdir. Odur ki, təyyarəmizin “qara qutu”sunun Braziliyaya aparılması çox normaldır.
Bununla bağlı rəsmi məlumatda da deyildiyi kimi, “bu addım həm də qəzaya dair araşdırmaların obyektivliyinə dair mümkün şübhələrin qarşısını almağa və nəticələrin beynəlxalq ictimaiyyət üçün etibarlılığını artırmağa xidmət edir”.
Qeyd edək ki, “qara qutu”nun araşdırılması prosesində azərbaycanlı mütəxəssislər də bilavasitə iştirak edəcək. Eləcə də, beynəlxalq ekspertlərin prosesi müşayiət etməsi, araşdırmaların həm əhatəliliyini, həm də keyfiyyət və dəqiqliyini daha da gücləndirəcək.
ODUR Kİ, NƏTİCƏLƏRİ GÖZLƏYƏK!
araz.az xəbər portalı.