Hafiz HACIYEV: “Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq”

 “31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı fikirlərimi xalqımızla bölüşmək istəyirəm. Öncə başa vurduğumuz 2024-cü ilin sonuncu ayında – dekabrın 29-da “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Hüzünlü gündür və biz 2025-ci ili Yeni İl şənlikləri ilə qarşılamayacağıq…”.

araz.az xəbər verir ki, şəxsi “facebook” hesabında 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı paylaşımında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

MMP sədrinin paylaşımını təqdim edirik:

“Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə – müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır.

Qeyd edim ki, 31 Dekabr tarixinin rəsmiləşdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan 9 gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. Hazırda xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər – həmrəyliyimizin, xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir.

Sonda qeyd edim ki, rəhbəri olduğum Müasir Müsavat Partiyası 2024-cü ili də olduqca aktiv siyasi fəaliyyətdə oldu. Bu il 1 sentyabrda keçirilən erkən parlament seçkisi zamanı üzvlərimizin namizədliyinin irəli sürülməsi ilə seçkilərə qoşulmağımız, digər siyasi proseslərdə aktivlik göstərməyimiz buna misaldır. Və bu gün də partiyamız 2025-ci ilin ilk ayının sonunda keçiriləcək Bələdiyyə seçkilərinə hazırlaşır. Əminəm ki, hər zaman dövlətçiliyə xidmət edən, cənab İlham Əliyevin siyasi kursunun dəstəkçisi olan Müasir Müsavat Partiysı növbəti ildə də bu mövqeyində qalacaq və hər zaman ölkə başçısının yanında olacaq.

Bu gün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir. Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq”.

araz.az xəbər portalı.