Elə gün olmur ki, yaratdığı və yaxşı işləriylə tanıtdırdığı “SOCAR – AQŞ”-nin sabiq Baş direktoru Ramin İsayevin qanunsuz həbsi barədə redaksiyamıza şikayət xarakterli müraciətlər daxil olmasın. Əksəriyyəti onun qanunsuz “dəmir barmaqlıqlar” arxasına göndərilməsi barədədir. Artıq bir ildən çoxdur ki, biz də bunu yazırıq. Deyirik ki, neft-qaz sənayesi sahəsinin bacarıqlı və istedadlı mütəxəssisi kimi izini qoyan bu soydaşımız “SOCAR-AQŞ” adlı mükəmməl bir sistem qurdu. Rəhbər fəaliyyəti dövründə təkcə ölkə səviyyəsində deyil, dünya miqyasında qəbul edilən çoxsaylı ilklərə imza atdı. Səhmdarlara aid bu MMC az müddət ərzində beynəlxalq aləmdə qəbul edildi, həyata keçirdiyi əksər işləri nümunə olaraq göstərildi. Reytinqi beynəlxalq aləmə aid sıralamada gözəçarpan yerdə qərar tutan Ramin İsayev həm dövlətə, həm səhmdarlara milyonlar qazandırdı, həm də işcilərinə yaxşı maaş verdi. Onda itkilərdən də söz ola bilməzdi.
İndi Ramin İsayevin özü olmasa da, qurduğu bu sistem işləyir. Amma daha çox ziyanla, yardımlar almaqla, böyük itkilərlə, işçilərin istismarı ilə. Bunun təsdiqi kimi, əldə etdiyimiz bu müqayisəli təhlil cədvəlini dərc edirik — nə demək istədiyimizin sizə də aydın olması üçün.
Xaricdəki məlumatlı və etibarlı mənbənin araz.az-a ötürdüyü bu cədvəldə göstərilənlər də bir daha onu deyir ki, bəli, məkrli niyyət sahibləri Ramin İsayevi öz iyrənc niyyətlərini həyata keçirmək üçün tutdurublar. Onlar aradan çıxardıqları milyonları Ramin İsayevin boynuna qoymaq məqsədi ilə, buna bənzər çox saxtakarlıqlara əl atıblar.
Öncə onu qeyd etmək istəyirik ki, onun həbsini təşkil edən Yusif Cabbarov və ətrafı
cədvəldə adı keçən “Ulduz” firmasının Ramin İsayevə aid olması ilə bağlı absurd bir iddia irəli sürüblər. Bunun tam əsassız olduğunu, bədniyyət insanların şər və böhranlarını əlimizdə olan inkarolunmaz fakt və sənədlər də sübut edir. Hətta 04.07.2023-cü il tarixinədək öz sahibinə məxsus olan bu firmanın yerləşdiyi 2 hektar ərazini Yusif Cabbarov ələ keçirmək üçün müxtəlif maxinasiyalara da əl atıb. Hətta bu məqsədli vatsab yazışması da əlimizdədir. Lazım gəlsə, növbəti bir yazımızda bu yazışmanın şərhini verməyə də hazırıq.
Yeri gəlmişkən, xatırlatmaq istəyirik ki, rəhbərinin istedad və bacarığı sayəsində 2008-ci ildən başlayaraq, “SOCAR-AQŞ” milli qazma sənayesində yeniliklərə imza atmaqla da adını tarixə yazdı. Bu MMC startını verdiyi qazma əməliyyatlarıyla böyük nailiyyətlər qazanmağa başladı.
Onda bütün bu yeniliklərin reallaşdırılması, yəni, Xəzər dənizi ilə Mərkəzi Asiya bölgəsində mühəndislik xidmətlərini həyata keçirməklə, neft-qaz quyularının qazılmasının genişləndirilməsi, yeni kəşf edilən yataqlarda qazılacaq neft və qaz quyularının layihələndirilməsi, planlaşdırılması, mənimsənilməsi və əsaslı təmiri üçünsə, “SOCAR-AQŞ”-yə yeni nəsil qazma avadanlıqları hava və su kimi lazım idi. Bəli, Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqları, ümumiyyətlə, Xəzər bölgəsindəki enerji ehtiyatları — ölkəmizin neft sənayesinin inkişafı belə qazma qurğularının çox olmasını tələb edirdi. Azərbaycana böyük əhəmiyyət kəsb edən, dünyada müasir və yüksək səviyyəli belə texnika və texnologiyaların gətirilməsini isə, Ramin İsayev öz planları ilə, bu vəzifəyə təyin edildikdən az sonra ağlagəlməz şəkildə reallaşdıra bildi.
Konkret desək, icarəyə götürülən “Ulduz” firması tez bir zamanda istifadə olunası standartlara çatdırıldı. Firmanın yerləşdiyi ərazi çox keçməmiş belə texnika və texnologiyaların əsas bazası kimi tanındı. Beləcə, neft və qaz yataqlarının işlənməsi zamanı bir çox inqilabi texnologiyaların tətbiqinə, Azərbaycan qazmasının dünya miqyasında həm tanınmasına, həm də inteqrasiyası sahəsində böyük nailiyyətlərin əldə olunmasına yollar açıldı.
Cədvəldən görünür ki, bu inkişafın təməli olan bağlanmış müqavilənin müddəti 96 ay olsa da, 41 aylıq ödənişlər olub. Bir ayın icarə dəyəri 44 min 200 manat təşkil edib. 41 ay üçünsə, bu rəqəm 1 milyon 812 min 200 manat hesablanıb. Ödənilmiş məbləğin 96 ay üzrə bölgüsü ilə, 1 kvadratmetr sahə üçün, “Ulduz” firmasına ödənilmiş məbləğ 63 qəpiyə bərabər olub. Bundan artıq “SOCAR-AQŞ”-nin “Ulduz” firmasına ödənişi olmayıb və olmayacaq da. Özünüz cədvələ baxanda da, Ramin İsayevin görünən rəqəmlər müstəvisində rəhbərlik etdiyi “SOCAR-AQŞ”-yə zərər vurmadığı, səmərəli işiylə yalnız xeyir gətirdiyi aydın görsənir.
Bəs nədən ortaya korrupsiya sözü atılmalı və Ramin İsayevin bu ittihamla Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi getməlidir?! Axı, Azərbaycan ictimaiyyəti belə sadə arfimetikanı daha aydın dərk edəndir.
Yuxarıda dediyimiz kimi, Yusif Cabbarov və Samir Mollayev kimilər belə məsələlər pərdəsi altında Ramin İsayevin barəsində korrupsiya damğalı həbs qətimkan tədbiri seçdiriblərsə, bunun cavabını kim verməlidir? İlkin istintaqı aparan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi xalqımıza burada hər hansı bir korrupsiya faktının olması barədə məlumat çatdıra bilərmi?
Ən vacib şüalar budur və mütləq Azərbaycan ictimaiyyətinə bu barədə cavab verilməlidir. Belə bir ciddi məsələyə Ağır Cinayətlər Məhkəməsinin münasibətinin necə olacağı və düşündürücü suallara nə cavab verəcəyi də müşkül bir məsələyə çevrilib. Bir sözlə, məhkəmə üçün də, bütün bu müəmmalar çox çətin durum yaradacaq. Cünki indiyədək hər şey Yusif Cabbarovun və onun ətrafının istəyinə uyğun həyata keçirilib. Atalarınsa bir məsəli bu yerdə yada düşür: “Haqq nazilər, üzülməz!”.
Bununla bağlı araşdırmalarımızı davam etdiririk və onu da qeyd edirik ki, onların törətdiyi bəd əməllərlə bağlı əlimizdə dəhşət doğuran faktlar da çoxdur. Tezliklə onların dərcini də planlaşdırırıq.
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.