Paytaxt Bakıdan qopub, Qobustan — Şamaxı yönünə doğru doğru yol alınca, ruhumun bir başqa üfüqə açıldığını hiss etdim. Yol getdikcə mənə qəribə bir hüzur və qeyri-adi, xoş bir sükut gətirirdi. Diri Baba türbəsinə yaxınlaşdıqca, sanki zamanın özünü buraxıb, keçmişlə gələcəyin ortasında salınmış o məkanın gizəmi məni bürüdü.
Qaya döşündə, elə qaya üzərində yerləşən bu gizəmli məkan, elə bil yalnız daşdan deyil, həm də yüzillərin alxışla, dua ilə, ümid və inancla yoğurduğu mistik enerjidən şəkillənib. Ayağımı pillələrə qoyanda, tarix öz nəfəsi ilə salamladı məni. Dərə boyu əsən və dağdöşüncə yayılan yüngül meh, bir ruhun pıçıltısıydı: “Düşün, dayan, dinlə!”…
Diri Baba türbəsinin qapısından keçincə, mistik güclərcə qorunan bir məkana daxil olmaq hissi bürüdü məni. İçəridəki sükut sanki bir pərdətək bütün dünyəvi səsləri bağlayırdı… Ora yalnız bir türbə deyil, həm də düşüncəni, mənliyi carilikdən təmizləyən bir ocaqdır sanki. Divarlara toxunduqca, daşların soyuqluğunun istiliyi (!) ilə yanaşı insanlığın sönməz işığını hiss etmək mümkün.
Çevrədə pıçıldayan alxışlar, dualar, axar çayların ahəngində oxunan qədim nəğmələr kimiydi. Daş divarların kölgəsində ürəyimizdən keçən işıqlar ayrı bir aləmdi. Hər diri diri deyil, hər ölü ölü!.. – Məkanın verdiyi əsas ismarıc bu olsa gərək… Mən xurafatçı deyiləm, doğrusu, dindar da deyiləm və Diri Baba ziyarətgahını da qapalı bir hövzə kimi deyil, zəka, təfəkkür və ruhi gücün zamana meydan oxuması aktı kimi qəbul edirəm. Türbənin yanıbaşındakı mağara-doğal dərs odaları məni özəlliklə təsirləndirdi! Yəni yüz illər öncə bu torpaqlarda öyrətimə, dərsə, bilimə, oxuya, yazıya, kitab-dəftərə necə önəm, dəyər verildiyinin subutudur o mağara-doğal dərs odaları!..
O mağaradakı işıqlandırma yöntəmi – dəvə yağı, mum və s. oyuqları günümüzdə də işıq saçır kimi gəldi mənə… O dağdöşü dərs odaları “hər elmi hər adama öyrətməzlər” ismarıcının coğrafi-fiziki şəklidir sanki. Sanki xəlvətilik, çilə, inziva məqamlarındakıları gördüm gəldim…
Diri Baba türbəsindən ayrılarkən, dağların hüzuruna bir daha salam-sayğı göndərdim. Deyirlər, Diri Baba türbəsi ziyarətçini yalnız səfərə çıxarıb geri qaytarmır, həm də iç dünyasındakı yeni bir cığıra çıxarır… Olsun!
Əkbər QOŞALI.
P.S.
Bizi gözəl qarşılayıb gözəl ağırlayan Ziyarətgah sorumlusu, Ocaq yükümlüsü (Kompleksin direktoru) Yusif Nazimə, yol yoldaşlarıma sevgi-sayğılar!
araz.az xəbər portalı.