İstər devrilmiş Pəhləvi şah rejimi, istərsə də hazırkı molla rejimi Qızılbaşların (Səfəvilərin), Əfşarların, Qacarların türk olduğunu dəqiq bildiklərinə görə son 100 ildə İranda bu sülalə dövlətləri barədə rəğbətlə danışmaq, onları mədh etmək və “İran dövlətçiliyinin parlaq səhifələri” kimi təqdim etmək heç vaxt dəbdə olmayıb.
Qızılbaşlara da, digər iki hakim soya qarşı da həmişə soyuq münasibət olub. Bu soyuqluğu Şah İsmayıl Xətainin Ərdəbildəki məqbərəsinə münasibətdən də görmək mümkündür. O məqbərə imperiya qurucusu olan Şah İsmayıla layiq məqbərə deyil. Şah İsmayılın məqbərəsi ayətullah Xomeyninin (molla rejiminin qurucusu) Tehrandakı mavzoleyinin yanında olduqca kiçik və sönük görünür.
Bir sözlə, fars-molla rejimi Qızılbaş imperiyasına və onun qurucu hökmdarına hər zaman qısqanc və soyuq münasibət sərgiləyib.
Lakin nədənsə, mollalar indi birdən-birə kursu dəyişmək və Şah İsmayıl Xətaidən, onun qurduğu Qızılbaş dövlətindən öz ideoloji-məzhəbçi təbliğatları üçün istifadə etmək qərarına gəliblər. Belə ki, molla rejimi bu günlərdə Ərdəbildə “Çaldıran müharibəsi və Müqavimət Cəbhəsi şəhidlərinin xatirəsi” adlı izdihamlı və qalmaqallı bir tədbir keçirib.
Tədbirə molla rejiminin ən şərəfsiz simalarından biri olan Seyid Həsən Amuli rəhbərlik edib. Bu Amulinin kimliyini zənnimcə, hamınız yaxşı bilirsiniz. Xameneinin (İranın hazırkı ali dini rəhbəri) Ərdəbildəki nümayəndəsi hesab olunan bu adam Ərdəbilin Cümə məscidində keçirilən və eyni zamanda, rəsmi dövlət televiziyasında canlı yayımlanan bu tədbirdə “Bəsic”in və digər ideoloji-hərbi qruplaşmaların çılğın üzvlərinə Azərbaycan və Türkiyə əleyhinə şüarlar qışqırmaları və bu iki türk dövlətinin liderlərinə qarşı təhqir, hədə dolu ifadələr səsləndirmələri üçün şərait yaradıb.
Öz çıxışında isə Amuli Şah İsmayıl Xətaini “Vilayəti-fəqih” (və ya “mütləq vilayət”) institutunu ilk dəfə İrana gətirən şəxs kimi təqdim edib. Amulinin sərsəm iddiasına görə, guya, Şah İsmayıl Xətai bunu onun üzərinə Allah tərəfindən qoyulmuş bir missiya hesab edirmiş.
Amulinin bu iddiası onun tarixdən bixəbər olduğunu göstərməklə yanaşı, həm də molla rejimi tərəfindən yeni hiyləgər planın cızılmasından xəbər verir.
Gerçəklik isə bundan ibarətdir ki, İranda “vilayəti-fəqih” adlı yeni siyasi sistem 1979-cu ildə ABŞ-ın və Fransanın dəstəyi ilə baş tutan “İslam inqilabı”ndan sonra məhz Xomeyni tərəfindən ortaya atılıb və qurulub.
Nə deməkdir vilayət?
Vilayət imamətin davamı deməkdir. İmamət isə İmam Əli və onun övladlarının hakimiyyəti deməkdir. Xomeyninin imamətin davamı kimi qurduğu vilayət guya yeni İran liderlərinə imamların davamçısı kimi, elçisi kimi, müvəkkili kimi çıxış etmək səlahiyyəti verirdi.
Bu sistemin Şah İsmayılın inanc sistemi ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
Şah İsmayıl Xətainin inancı indiki fars-molla-şiə inancı yox, Qızılbaş inancı idi.
Qızılbaş inancında şəriət anlayışı-flan yox idi. İndiki İrandan fərqli olaraq Qızılbaş dövləti şəriət dövləti deyildi. Deməli, vilayəti-fəqih anlayışı da yox idi. Amuli isə Şah İsmayıl Xətaini zorla ilk vilayəti-fəqihçi kimi təqdim etməyə çalışır.
Nədən?
Bax, bu sual hamımızı düşündürməlidir.
Amuli çıxışının bir hissəsində Şah İsmayıl Xətai və Sultan Səlim arasında 1514-cü (hicri 920-ci ildə) baş vermiş Çaldıran müharibəsini İran və Türkiyə arasında hazırkı regional rəqabətlə müqayisə edib və Ankaranın Bəşər Əsədin süqutuna görə indi üstünlüyə qovuşmuş kimi göründüyünü söyləyib. O, daha sonra Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana təhqiramiz sözlərlə müraciət edərək bildirib ki, “Ərdəbilli Şah İsmayıl Səfəvinin övladları nə vaxtsa Bakıda və əvvəllər İranın tərkibində olmuş şəhərlərdə İmam Zaman bayrağını qaldıracaqlar. Onlar titrəyəcəklər”.
Göründüyü kimi Azərbaycanın Qarabağı işğaldan azad etməsi, Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizinin açılması üçün səylərini birləşdirməsi, Türk Dövlətləri Təşkilatının (TDT) çatısı altında Türk birliyinin təşəkkül tapması, molla rejiminin Yaxın Şərqdəki “Müqavimət oxu” adlı geosiyasi planının iflasa uğraması nəticəsində İranın öz sərhədləri daxilinə çəkilməyə məcbur olması, rəsmi Bakının Suriya məsələsində Ankara ilə birgə hərəkət etməsi və İdlibə, Hələbə humanitar yardım göstərməsi Tehrandakı ayətullahları əməlli-başlı qorxuya salıb.
Ona görə də Azərbaycanla Türkiyənin birliyini pozmaq üçün ən iyrənc və məkrli bir planı – məzhəbçilik (sünni-şiə) amilinin yenidən qızışdırılmasını hədəfləyiblər. Və bununçün də məhz artıq çoxdan tarixin qaranlıqlarında yatıb qalmış Səfəvi-Osmanlı qarşıdurmasını yenidən aktuallaşdırmağa, məzhəb davasını günümüzə daşımağa başlayıblar. Ərdəbildəki tədbirin Çaldıran döyüşünə həsr olunması da məhz az öncə qeyd etdiyim məkrli planın tərkib hissəsidir.
Yeri gəlmişkən, sözügedən planın gerçəkləşdirilməsində və nəticədə Azərbaycan-Türkiyə birliyinin pozulmasında İranla bərabər, Rusiya da maraqlıdır. Suriyadan qovulan və Qroznıda təyyarəmizin vurulmasından sonra isə lap rüsvayçı vəziyyətə düşən Rusiya Azərbaycandan və Türkiyədən qisas almaq üçün İranla işbirliyini daha da gücləndirməyə hazırlaşır. Önümüzdəki həftələrə Rusiya ilə İran arasında “Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi”nin imzalanmasının qərara alınması da ilk növbədə Türkiyə-Azərbaycan oxuna qarşı birgə müqavimətin təşkili məqsədinə xidmət edir.
Lakin həm ayətullahlar, həm də Putin unudurlar ki, günümüzdəki Azərbaycan-Türkiyə münasibətləri 500 il öncəki Səfəvi-Osmanlı münasibətlərindən tam fərqlidir və bu gün bizim birliyimizi, qardaşlığımızı dini motivlər üzərindən zədələmək, parçalamaq əsla mümkün deyil. Ərəb və farslardan fərqli olaraq Azərbaycan və Türkiyə məzhəbçiliyə qalib gəlmiş dövlətlərdir.
Biz məzhəbçiliyi çoxdan dəfn etmişik, ey qafillər! Ərdəbilli Şah İsmayıl Xətainin övladlarının nə vaxtsa Təbrizdə, Tehranda, İsfahanda Qızılbaş (Türk) bayrağını yenidən qaldıracaqlarına da əsla şübhəniz olmasın, cənab ayətullahlar! Ona görə də indidən titrəməyiniz də yəqin ki, elə bu qorxunuzun əlamətidir.
Bəybala MİRZƏYEV.
P.S.
Birdəki, Türkiyədən olan ünlü araşdırmaçı Nihat Çətinqaya “Qızılbaş türklər” kitabında qeyd etdiyi kimi Şah İsmayıl Xətainin qurduğu dövlət Səfəvi yox, Qızılbaş dövləti idi: “Bütün iftiralara baxmayaraq, Anadolu və Azərbaycan türkmənləri qızılbaş olaraq çağırılmaqdan qürur duymuşlar. Onlar “Qızılbaş” sözü ilə özlərini iftixarla ifadə edərək, dövlətlərini (Dövləti Qızılbaş), hökmdarlarını (Padişahı Qızılbaş) və ölkələrini də (Ülkei Qızılbaş) adlandıraraq ifadəetmişlər” (Nihat Çətinqaya, “Qızılbaş türklər”, Kripto yayınları, 2013, səh.402).
P.P.S.
Nizami Gəncəvini “fars”laşdırmağa çalışan molla rejiminin indi də Şah İsmayıl Xətainin adını öz çirkin məqsədlərinə alət etmələrinə imkan verməməliyik. Şah İsmayıl Xətainin və onun qurduğu Qızılbaş dövlətinin Azərbaycana aid olduğunu bütün dünyaya qəbul etdirmək üçün daha çox kitablar yazılmalı, filmlər çəkilməli, cürbəcür layihələr gerçəkləşdirilməli və beynəlxalq tədbirlər keçirilməlidir. Bu, artıq prinsipial məsələdir və prinsip məsələsidir.
araz.az xəbər portalı.