Müharibə üzündən yurdsuz qalmaq insanın qarşılaşa biləcəyi ən acı faciələrdən biridir.
Gənclik, tələbəlik illərimizin dəyərli yadigarı, əziz dostumuz Ramiz Oğuz Həsənovun düz 32 illik ayrılıqdan sonra, bu il Şuşaya getməsinə, Yeni il günlərini dünyaya göz açdığı doğma şəhərində keçirməsinə çox sevindim.
Onun paylaşdığı videogörüntüləri təkrar-təkrar izlədim. Ramiz həsrətlə özlədiyi Şuşanın küçələrini qarış-qarış gəzir, Cıdır düzünə, Şuşa qalasına baş çəkir, Yuxarı Gövhər Ağa məscidində (və ya Şuşa cümə məscidi) dua edir, vandal ermənilər tərəfindən güllələnmiş məşhur heykəlləri ziyarət edir və nəhayət doğulduğu, böyüdüyü Mamayı məhəlləsinə – öz evlərinə üz tutur.
Lakin fotoşəkildən də gördüyünüz kimi onun ata ocağından yalnız bu daş hasar salamat qalıb. Barbarlar Qarabağda, Şərqi Zəngəzurdakı əksər yurd yerlərimiz kimi onun doğulduğu evi də tamamilə dağıdıblar.
Ancaq buna rəğmən Ramiz qardaşımız Şuşanı yenidən görə bildiyinə görə özünü xoşbəxt hiss edir.
Ramiz yazır:
“Bundan böyük xoşbəxtlik nə ola bilər?! İllərin ayrılığından sonra Allah bu xoşbəxtliyi mənə nəsib etdi. Bu günləri bizlərə yaşadan şəhidlərimizin əziz ruhuna xalq olaraq əbədiyyən vəfa borcumuz var”.
Bəybala MİRZƏYEV.
P.S.
Hər il bayram günlərində (Yaz bayramında, Ramazanda, Yeni ildə və s) Qarabağdan, Qərbi Azərbaycandan olan dostlarımızın öz el-obalarına, ata ocaqlarına gedə bilmədiklərini görəndə çox pis olurdum. Lakin indi necə deyərlər, artıq bütün yollar Qarabağa aparır. İnşAllah tezliklə Qərbi Azərbaycana da qayıdarıq.
araz.az xəbər portalı.