Tanınmış videobloqer Albert İsakov özünün “YouTube” kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb. Ter-Petrosyan çıxışında toxunduğu məqamlar ilə özünü və ölkəsini ifşa edib.

Videoda Ter-Petrosyanın qeyd etdiyi dörd məqam diqqət çəkir:

Birincisi, Ter-Petrosyan 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb;

İkincisi, o deyib ki, “Əgər onlar Ermənistanda olsaydı (Qərbi azərbaycanlıları nəzərdə tutur) bizim dövlətimiz olmayacaqdı;

Üçüncüsü, Ter-Petrosyan etiraf edib ki, azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər;

Dördüncüsü, “Bunu biz etdik – milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax, o cümlədən daha bir çox torpaqlar ermənilərin əlindədir” Ter-Petrosyan deyib.

İlk öncə onu qeyd edim ki, 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlı yaşaya bilməzdi. Bu say çox azdır. Bu sayın minumum 250, maksimum 500 min insan olması lazımdır. Çünki ermənilərdən fərqli olaraq Qərbi azərbaycanlılar demoqrafik baxımdan artıma meyilli idi. Ermənistan SSRİ demoqrafik artım hesabatlarına belə baxdıqda 1988-ci ilə qədər artımın olduğu görünür. 1988-ci ildən, yəni Qərbi azərbaycanlıların deportasiyasından sonra bu artım kəskin azaldı.

SSRİ dağıldıqdan sonra müstəqil olan Ermənistan əhalisi 4 milyona, Azərbaycan əhalisi isə 5 milyona yaxın idi. Ermənistanın hazırkı əhali sayı yenə 3 milyondur, Azərbaycanın əhalisi isə 10 milyondan çoxdur.

Əslində, Ter-Petrosyanın digər etirafı da Qərbi azərbaycanlıların sayının onun qeyd etdiyi rəqəmdən çox olduğunu göstərir. O deyir ki, azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Bu düzdür, amma misal üçün Spitak rayonunda da azərbaycanlılar üstünlük təşkil edirdi. Ümumiyyətlə, İrəvan və ətrafı xaric Ermənistan SSR-ın əksər rayonlarında Qərbi azərbaycanlıların sayı erməniləri üstələyib.

Ter-Petrosyan etirafları bir daha onu göstərir ki, regionun demoqrafik, etnik vəziyyətini Azərbaycan yox, Ermənistan dəyişib. O ki qaldı onun “Əgər onlar Ermənistanda olsaydı (Qərbi azərbaycanlıları nəzərdə tutur) bizim dövlətimiz olmayacaqdı” sözlərinə bu tamamilə absurd bir yanaşmadır.

Məsələ ondadır ki, azərbaycanlılar yaşadığı heç bir ölkədə mərkəzi hakimiyyətə qarşı çıxmır ya da onların qanunlarını pozmur. Misal üçün Gürcüstanda da azərbaycanlılar yaşayır. Gürcüstan azərbaycanlıları bu ölkədəki ən sülhpərvər və separatçılığa meyl etməyən etnosdur. Hətta 2008-ci il olaylarında belə Gürcüstana qarşı çıxmayan tək etnos azərbaycanlılar idi. Müqayisə üçün deyim ki, Cavaxetiyadakı ermənilər uzun illərdir separatçı fəaliyyət içərisindədir. Yəni nəticə etibarilə Qərbi azərbaycanlılar Ermənistanda qalsaydı sayları bu gün iki milyondan çox olar, Ermənistan parlamentində azərbaycanlı deputatlar olardı.

O zaman erməniləri narahat edən nə idi?

Qərbi azərbaycanlılar Ermənistanda qalsaydı, ermənilər asanlıqla Azərbaycana qarşı işğalçılıq siyasətini gerçəkləşdirə bilməzdi. Yəni Qarabağın işğalını reallaşdırmaq üçün Qərbi azərbaycanlıların Ermənistandan zorla deportasiya edilməsi lazım idi. Ter-Petrosyanın dediyindən fərqli olaraq təhlükədə olan erməni dövləti yox, dənizdən-dənizə Ermənistan ideologiyası idi.

Nəticə etibarilə bu gün Ermənistan ilə Azərbaycan arasında sülh prosesi gedir. Proses necə başlayıbsa elə də bitməlidir. Yəni Qərbi azərbaycanlılar öz ata-baba yurdlarına qayıtmadan Ermənistan-Azərbaycan münaqişəsi tam bitməyəcək.

Turan RZAYEV,                                     politoloq.

 

araz.az xəbər portalı.