Samir FEYRUZOV, jurnalist-politoloq. ————————————–
Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysnini həyata keçirən təyyarəsinin Rusiya səmasında vurulması və Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş edərkən qəzaya uğramasından sonra regiondakı proseslərin dinamikasında qismən yüksəlmə müşahidə olunur. İkinci Qarabağ Müharibəsindən sonra ilk dəfə idi ki, Rusiya-Azərbaycan arasında gərginlik yaşandı. 2020-ci ildə, müharibə zamanı Ermənistanın Rusiya tərəfindən silahlandırılması ölkə ictimaiyyətində dərin hiddət yaratmışdı. 2022-ci ildə iki ölkə arasında imzalanan “Müttəfiqlik Bəyannaməsi”ndən sonra Azərbaycan təyyarəsinin vurulması iki ölkə arasındakı qarşılıqlı “etimad jileti”ni ciddi şəkildə zədələdi. Təyyarənin Rusiya tərəfindən vurulduğu sübuta ehtiyacı olmayan faktdır, Prezident İlham Əliyevin hadisə ilə bağlı sərt və əsaslı fikirləri bu faktın dəqiq araşdırılmasının əsas epiqrizini də hazırlamış oldu. Təyyarə qəzası ilə bağlı müzakirələr bütün dünya mediasının əsas manşet mövzularından biri kimi hələ də gündəmdədir.
Bununla yanaşı, hadisədən sonra Rusiya-Azərbaycan arasındakı münasibətlərin perspektivləri müzakirəyə çıxarıldı. Qərbə bağlı sosial media resurslarında bu müzakirələrin hədəflərinin təhlili olduqca maraqlı material verir. Təyyarə qəzasının üstündən təxminən 300 saatdan artıq vaxt ötür.
Bu müddət ərzində diqqətçəkən bir neçə dezinformasiya, “fake news” dövriyyəyə buraxıldı.
Birincisi, Çeçenistan rəhbəri Ramzan Kadırovun Azərbaycan ictimaiyyətini hədələməsi ilə bağlı video tirajlandı. Halbuki, həmin videoda azərbaycanlılardan söhbət getmir, Kadırovun çıxışı 2022-ci ildə çəkilib və o, çıxışında inquşları hədələyir. Azərbaycan xalqı üçün həssas bir məqamda bu feyk xəbərin tirajlanması hansı mətbəxin məhsulu idi? Kadırovun hədə dolu çıxışının məlum təyyarə qəzası ilə bağlı olmadığı sübuta yetirilsə də, ictimaiyyət bundan hələ də xəbərsizdir. Halbuki, əvvəldən demişdik ki, təyyarənin vurulmasına görə məsuliyyəti birbaşa Rusiya daşıyır, hadisənin əhəmiyyətinin Çeçenistan üzərindən məhdudlaşdırılması yolverilməzdir.
İkincisi, yanvarın 1-də AZAL-ın daha bir təyyarəsinin Bakı-Kazan marşrutu üzrə uçuş zamanı Həştərxan səmasında radio maneələr və GPRS pozuntuları ilə üzləşdiyi, PUA hücumları səbəbindən uçuş pozuntuları ilə qarşılaşdığı bildirildi. Bu xəbərlə bağlı AZAL-ın bərbad mətbuat xidməti açıqlama versə də, belə bir halın yaşanıb-yaşanmadığına aydınlıq gətirməyib: “AZAL-ın adıçəkilən reysi cədvələ uyğun olaraq və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə yerinə yetirilib”. Cəmi bir cümlə açıqlama ilə kifayətlənən mətbuat xidməti təyyarənin radio maneələr və GPRS pozuntuları ilə üzləşdiyi barədə məlumata reaksiya verməyib. Bakı-Kazan marşrutu üzrə uçan təyyarəmizlə bağlı yayılan xəbəri dezo kimi qiymətləndirsək də, əslində AZAL mətbuat xidmətinin qeyri-müəyyən açıqlaması təhlükə riskinin olduğu şübhəsini və xəbərin doğruluq yükünü də artırır.
Təyyarə qəzasından sonra yazdığım məqalədə Prezident İlham Əliyevin hadisə ilə bağlı prinsipial və qətiyyətli mövqe sərgiləyəcəyini yazmışdım. Belə də oldu. İ.Əliyevin hadisəyə opertiv münasibəti Rusiya üçün başqa seçim qoymadı, daha heç nəyi ört-basdır etmək mümkün olmayacaq və hadisə ilə bağlı araşdırmaların obyektiv nəticələrinin əldə olunacağını da yəqin edirəm.
Təyyarə qəzası ilə bağlı Qərbə bağlı sosial media resurslarında aparılan təbliğatın sanki hədəfləri var, nəyəsə nail olmağa çalışırlar. Həqiqətən də Kadırovun azərbaycanlıları hədələdiyini, bundan sonra təyyarələrimizin Rusiya tərəfindən qəsdən vurula biləcəyini deyir, müxtəlif “ehtimal”lar önə çəkirlər.
Hesab edirəm ki, bir müddət sonra Rusiyada və Çeçenistanda yüksək səviyyəli həbslər həyata keçiriləcək. Təyyarəmizin vurulması təkcə texniki məsələ deyil. Rusiya öz hərbi elitasını təftiş edəcək. Kreml buna məcburdur. Rusiya öz içində “satqın” axtarışına da çıxacaq. Təyyarəmizin vurulmasının qəsdən həyata keçirilmədiyi bu gün üçün əsas ehtimal olsa da, araşdırmaların nəticələrindən sonra açıqlanacaq faktların hansı ehtimallara gətirib çıxara biləcəyini də bilmirik.
Maraqlı məqamlardan biri odur ki, dünənə qədər Azərbaycan dövlətini Rusiyanın koloniyası adlandıran ABŞ bu gün Azərbaycanı təqdir etməklə məşğuldur. Azərbaycanı nəyə sövq etmək istəyirlər? Lakin fakt budur ki, Azərbaycan haqlı tələblərini ortaya qoyub, bu tələblərin yerinə yetirilməsinə də nail olmalıdır və olacaq. İttihamlarımızın trayektoriyasının dəyişməsinə və masştabının böyüməsinə cəhd edən qüvvələr var və bu, aydın sezilir.
araz.az xəbər portalı.