Valyuta alqı-satqısı həyata keçirməklə yüksək gəlir əldə etmək istəyən üç nəfərin 4 milyon manatdan artıq pulu ələ keçirilib. araz.az xəbər verir ki, investisiya fəaliyyəti ilə məşğul olan platformada asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edən və onların külli miqdarda pulunu ələ keçirən Alişan Nizaminin cinayət işi üzrə məhkəməsinin hazırlıq prosesi başlayıb.
Məhəmməd Məmmədov
İttihama görə, 33 yaşlı Alışan Nizami Akif oğlu özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.
Onun əməlindən üç nəfər zərər çəkib. Babək Məmmədzadə 1 milyon 300 min, Zeynal Usubov 945 min, Yadigar İsrafilov isə, 200 min dollarını itirib.
Konkret desək, o, 3 şəxsə ümumilikdə 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) ziyan vurmaqda təqsirləndirilir.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxslərdən biri keçmiş daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu Zeynal Usubovdur. Onun atası Mütəllim Usubov da uzun illər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləyib.
Alışan Nizami Akif oğlu
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun hüquqlarını qorumaq üçün vəkil Samir İsayev yenicə işə qoşulub. Bu səbəbdən hələ ki, cinayət işinin məhkəmə baxışına verilməsi müzakirə edilməyib.
İş üzrə başqa bir dəqqətçəkən məqam da var. Bu cinayətdə ən çox pul itirən şəxs Babək Məmmədzadədir. Məlumata görə, Babək “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur.
Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla birgə həbs edilmişdi. Milyonlarla mənimsəmədə ittiham edilən Məmmədov şərti cəzaya məhkum edilərək, məhkəmə zalından azadlığa buraxılmışdı.
Digər zərərçəkmiş Zeynal Usubov isə əvvəllər prokurorluq orqanlarında işləyib. O, Nərimanov rayon prokurorunun müavini olub.
Zeynal Usubov
araz.az xəbər portalı.