…Makronun və DGSE-nin güdazına gedən fransalı iş adamının Bakıdakı məhkəməsi
Reuters, Le Monde, AFP (Agence France Presse), The Wall Street Journal və s. qlobal media qurumları Azərbaycanda casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Rayanın bu gün Bakıda keçirilən məhkəmə iclası haqda xəbər dərc ediblər.
Ancaq bizim öz yerli mediamız isə bu hadisəni tamamilə diqqətdən kənarda saxlayıb.
Fransada fermerlərin etiraza qalxmasından, Fransanın Çinlə ticarət mübahisələrini həll etməyə çalışmasından, Azərbaycan XİN-in Makronun ittihamlarına cavab verməsindən yazan və göstərən mediamız bugünkü məhkəmənin üzərindən isə sükutla keçib.
Hal bu ki, bu məhkəmənin mühakimə predmeti birbaşa bizim milli maraqlarımıza, dövlət təhlükəsizliyimizə aidiyyatı olan məsələ ilə bağlı idi.
İnsanlarımız bilməlidir ki, Fransanın və ya digər böyük ölkələrin xüsusi xidmət orqanları Azərbaycanda fəaliyyət göstərən əcnəbiləri və ya bizim öz vətəndaşlarımızı “tələ”yə salmaq, casusluğa cəlb (və ya məcbur) etmək üçün hansı üsullara əl atır, bu və ya digər şəxsləri necə şantaj edirlər.
Yeri gəlmişkən, elə Martin Rayanın özü də məhz Fransanın gizli xəfiyyə qurumu olan DGSE-nin Bakıdakı səfirliyində “diplomat” adı altında çalışmış, lakin sonradan rəsmi Bakı tərəfindən Azərbaycandan qovulmuş iki fransız agenti tərəfindən şantaj, hədə-qorxu yoluyla casusluğa məcbur edilib. Və çox güman ki, Martin Rayanın Fransa prezidenti Emmanuel Makronun yürütdüyü siyasətə tənqidi yanaşması, Azərbaycana isə rəğbət bəsləməsi də həlledici rol oynayıb.
Açıq ermənipərəst siyasət yürüdən və Azərbaycana qarşı ədalətsiz, qərəzli mövqeyini davam etdirən Makron Fransası üçün bir fransız gəncinin Azərbaycana rəğbətlə yanaşması əlbəttə ki, qəbuledilməzdir. Ona görə də Martin Rayanı zorla şpionaj fəaliyyətinə cəlb etməklə, necə deyərlər, onu xərcləyib bitirdilər, güdaza verdilər.
Bu da bir daha onu göstərir ki, “liberal-demokrat” qiyafəsinə bürünmüş Emmanuel Makron üçün insan taleləri heç bir anlam daşımır.
Bəybala MİRZƏYEV
araz.az xəbər portalı.