Hazırkı qlobal siyasətin əsas aktorlarından, supergüclərindən biri olan Fransa kimi nüvə dövlətinin başçısı Emmanuel Makron ötən gün səfirlər konfransında çıxışı zamanı bildirib: “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür”.

Baxın, Azərbaycan supergüc deyil, nüvə dövləti də deyil. Heç BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri də deyil. Lakin müstəqilliyini 33 ildir ki bərpa edən Azərbaycan bu gün Fransaya boy göstərir, əzələ nümayiş etdirir, Yelisey sarayının neoimperialist, neokolonialist siyasətini ifşa edir, rəsmi Parisin əzdiyi kiçik ada xalqlarına yiyə çıxır, dəstək verir.

Qosqoca Fransa isə Azərbaycanın bu həmlələrinin, addımlarının qarşısında aciz duruma düşür və inersiya üzrə, əvvəlki qaydada hərəkət edərək, ağlasığmaz kütbeyinliklə yenə də təcavüzkar, işğalçı, terrorçu Ermənistanı müdafiə etməyə davam edir.

Fransa prezidenti həqiqətən də reallıq hissini itirib.

Makronun səfirlər konfransında səsləndirdiyi “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb” ifadəsi onun xarici siyasətinin iflasının təsdiqidir.

Bəybala MİRZƏYEV.

P.S.

Yəqin ki, Makron bundan sonra hətta yuxularında da “Azərbaycan, Azərbaycan” deyərək, sayıqlayacaq.

araz.az xəbər portalı.