Ağdam rayonunun Sarıcalı kəndindən olan bir qrup narahat sakin araz.az-a şikayət məktubu göndərib. Ənənəvi poçtla daxil olan məktub müəllifləri məlum səbəbdən adlarının gizli saxlanılmasını xahiş etməklə, şikayətin aidiyyatı dövlət qurumlarına çatdırılmasını istəyirlər. Qeyd edək ki, şikayət məktubu həm də Prezident İlham Əliyevə müraciət xarakterlidir.

Şikayət məktubunu kiçik düzəliş və ixtisarla təqdim edirik:

“Çox hörmətli cənab Prezident!

Sizin doğma Qarabağımızın Azərbaycana məxsusluğunu sübut etməyiniz ölkə tarixində əbədi qalacaq bir qəhrəmanlıq dastanıdır. Bu bir şərəfli tarixdir, buna görə də, başınız həmişə uca, Ulu Tanrı Sizə yar olsun!

Cənab Prezident, hazırda Sizin tapşırığınızla Qarabağ bölgəsində Ermənistanın viran qoyduğu nə varsa, yenidən bərpa edilir, tikilir və qurulur. Biz sakinlər Ağdamın Sarıcalı kəndindənik. Kəndimizdə Sizin tapşırığınızla yeni tipli qəsəbə salınmaqdadır. Artıq, tezliklə əraziyə köç başlanacaq. Lakin uzun illərdir kəndin icra nümayəndəsi olan, demək olar ki, məcburi köçkün düşdüyümüz illərdə bizə təsəlli belə verməyən Kamil Sabir oğlu Əliyev, indi, Sizin qəsəbəyə köç siyasətinizə kölgə salmaqdan çəkinmir.

O, hətta sakinlər arasında məlumat yaydırıb ki, kim qəsəbəyə birinci köçmək istəyirsə, mütləq onu görsün.

Artıq bizdə olan məlumata görə, ilk köçmək istəyən sakinlərdən külli miqdarda pul da yığılmaqdadır. Adını qoyublar ki, guya, yığılan pullar Qarabağ kəndlərindəki quruculuğa sərf ediləcək. Əgər elədirsə, bu, rəsmən elan olunardı, biz də, canımızla-qanımızla bu işə qoşulardıq. Lakin yaxşı bilirik ki, icra nümayəndəsi Kamil Əliyev bunu özbaşına deyil, Ağdam Rayon İcra Hakimiyyətində kimlərinsə göstərişi ilə edir. Bəs, rayonun başçısı Vaqif Həsənov hara baxır?!

Bu cür hərəkətlər bizi çox məyyus edir. Halbuki möhtərəm Prezident, Sizin Qarabağ üzrə hamımızın böyük hörmət bəslədiyimiz xüsusi nümayəndəniz var — Emin Hüseynov! Bu cür qanunsuz hərəkətlər Emin Hüseynovun da fəaliyyətini qaralamaq niyyətlidir.

Bütün hallarda, belə faktların olmaması üçün aidiyyatı dövlət qurumları mütləq öz ciddi araşdırmalarını aparmalıdırlar. Biz sakinlərin narahatlığı bundan ibarətdir. İgid oğullarımızın qanı, şücaəti ilə düşməndən azad edilmiş torpağa qayıdış, nədən, indi Kamil Əliyev kimi şəxslərin şəxsi arzularının kölgəsində itib-batmalıdır? Xahiş edirik, bu məsələnin ətraflı araşdırılıb, qanuni tədbir görülməsinə ciddi  göstərişlərinizi verəsiniz!».

“Araz” Media Qrupu bir daha xatırladır ki, şikayət məktubunda digər ciddi xüsusatlar da var və onların araşdırmasını aparırıq.

SONDA XATIRLATMAQ İSTƏYİRİK:

«Korrupsiya haqqında» Qanunun 11-2 maddəsində yazılır: «Maddə 11-2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi

11-2.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

11-2.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

11-2.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu təqdirdə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa müraciəti əsasında “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir.

Redaksiya şikayətdə adı çəkilən şəxsləri də dinləməyə hazırdır. Bu məqsədlə Ağdamın Sarıcalı kənd icra nümayəndəsi Kamil Əliyevlə telefon əlaqəsi saxlamağa çalışsaq da, bu hələlik mümkün olmur. Cəhdimiz davamlıdır.

 

araz.az xəbər portalı.