Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə sülh müqaviləsindən danışıb, Azərbaycanın sazişi imzalamağa hazır olduğunu bəyan edib.

Ölkə başçısı qeyd edib ki, Ermənistan hər şeyi, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməlidir. Bu detal çox mühümdür.

Məsələ ondadır ki, dünya yeni eranın astanasındadır. Söhbət artan geosiyasi gərginlik və beynəlxalq nizamın dəyişməsi ehtimalından gedir. Faktiki olaraq bu gün Ukrayna-Rusiya müharibəsinin birincinin ərazi mübadiləsi hesabına yekunlaşa biləcəyi müzakirə edilir. ABŞ Prezidenti Donald Tramp belə bunu təkzib etmir. Trampdan bəhs etmişkən, o da prezident səlahiyyətlərinə başlamadan Kanada, Panama və Qrenlandiyaya ərazi iddiası irəli sürüb.

Sual yaranır: ABŞ Rusiya-Ukrayna müharibəsinin Ukraynanın ərazi güzəşti hesabını həllinə razı olarsa və ya Kanada, Panama, Qrenlandiyaya ərazi iddialarını davam etdirərsə, hansı beynəlxalq hüquqdan danışa bilərik?

Ermənistan buna görə də Prezidentin dediyi kimi, dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməlidir. Düzdür, Azərbaycanın heç bir ölkəyə ərazi iddiası yoxdur, lakin sülh sazişi də imzalanmayıb.

Azərbaycan beynəlxalq hüquqa hörmət, riayət edir. Beynəlxalq hüquq dəyişərsə, Bakının da xarici siyasət kursu, həmçinin hədəflərində dəyişikliyin olması istisna deyil. Ölkə başçısının dediyi kimi, “Biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır”.

Bakı dəyişən siyasi konyunktura ilə birlikdə Zəngəzur dosyesinə yenidən baxa bilər. Onsuz da Azərbaycanın 1918-ci Paris Sülh Konfransının qərarları ilə belə bir haqqı var. Son olaraq məşhur yutuber Albert İsakovun öz Yutub kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayması, həmin videoda Petrosyanın regionun demoqrafik etnik vəziyyətinin ermənilərin xeyirinə necə dəyişdirildiyini deməsi vacib nüansdır. Bütün bunlar Bakının əlini gücləndirir.

Mövcud reallıqlar göstərir ki, İrəvan Bakının tələblərini qəbul edib, sülh müqaviləsi imzalamalıdır. 2025-ci il həm dünya tarixi, həm də Ermənistan-Azərbaycan münasibətləri baxımdan maraqlı il ola bilər.

Turan RZAYEV,                                      politoloq.

 

araz.az xəbər portalı.