Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün həyata keçirdiyi hazırlıqlarla, eləcə də 44 günlük müharibədə nümayiş etdirdiyi qızıl ləyaqətlə tarixi Zəfərə imza atdı.
Unikal antiterror əməliyyatı və Qazaxın 4 kəndinin qaytarılması kimi uğurlarla bu Zəfər, Azərbaycanın yeni bir dövrə qədəm qoymasını simvolizə edir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi yalnız bir qərinəlik qayğılarla məhdudlaşmır; Zəfərimiz, yüz ildən artıq yığılmış problemlərin həlli ilə müstəqilliyimizi kamilləşdirən, tamamlayan tarixi akt oldu.
Budur:
Qardaş ölkələrlə ikitərəfli müttəfiqlik müqavilələri bağlanır,
Türkiyə ilə əvəzsiz “Şuşa Bəyannaməsi” imzalanır,
ortaq türk qurumları güclənir,
türk dövlətləri güclənir, öz aralarındakı sorunları sürətlə çözür, nəhayət, Türk Dövlətləri Təşkilatı qurulur və ailəmiz, evimiz olur. Həmçinin ortaq türk əlifbası razılaşdırılır;
Azərbaycanın dövlət başçısı böyük dövlətlərin rəhbərlərinə – hətta onların hamısına birdən – kəskin iradlar bildirir, sərt tələblər irəli sürür;
yeni silahlarla təchiz edilmiş çağdaş ordu qurulur;
dövlət büdcəsi ilbəil artır;
sənayemiz yenidən ayağa qalxış vəd edir;
universitetlər yüksəlir;
neft kapitalı insan kapitalına yönəldilir;
xarici ideoloji basqılar önlənir;
gənclərimiz Olimpiya çempionatlarında və beynəlxalq idman yarışlarında parlaq nəticələr göstərir;
Respublikamız az qala hər yarımildə, nəhəng, məsuliyyətli beynəlxalq tədbirlərə evsahibliyi edir.
Ötən il isə COP29-a uğurlu evsahibliyi edən Azərbaycan, iqlim dəyişiklikləri ilə bağlı qlobal diqqəti üzərinə çəkdi;
Həmçinin,
Azərbaycan Prezidenti yaxın keçmişdə Türk Dövlətləri Təşkilatına, Qoşulmama Hərəkatına uğurla sədrlik etdi;
D-8 isə genişlənmə prosesində ilk üzv olaraq məhz Azərbaycanı qəbul etdi.
Bəs bu və bənzəri uğurlar, Yenidən Diriliş — Azərbaycan və Ümumtürk dirçəlişi (intibahı) kimi yorumlana bilərmi? Nəhayət, mədəni, ədəbi və incəsənət planında diriliş əsərləri ən yaxın üfüqdə görünürmü? Bu əsərləri kimlər yarada bilər? — Gəlin, çox yığcam şəkildə incələməyə çalışaq:
Azərbaycanın tarixi və bütövlüyü –
Gündoğar-Günbatar universalizmi
Azərbaycanın müstəqillikdən sonra əldə etdiyi uğurlar yalnız ictimai-siyasi deyil, həm də mədəni-intellektual dərinliyi ilə diqqət çəkir. Azərbaycan Xalq Cümhuriyyəti Gündoğar və Günbatar mədəniyyətlərinin sintezini özündə təcəssüm etdirərək, universallıq simvoluna çevrilmişdi; Sovetlər dönəmi bu universallığı tam poza bilmədi.
Bugünkü diriliş tarixi köklərə və çağdaş çağırışlara əsaslanır.
Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi sənətkarların yaradıcılığında mədəniyyət-sənət iqlimlərinin universallığı öz əksini tapmışdı.
Səttar Bəhlulzadənin, Toğrul Nərimanbəyovun rənglərdə ifadə etdiyi və Əzizə Mustafazadənin musiqidə səsləndirdiyi ruhu bugünkü yaradıcı şəxslər yenidən qanadlandırmalıdır.
Ümumtürk dirçəlişinin mədəniyyətin anatomiyasında rolu
Mədəniyyətin anatomiya ilə müqayisəsi göstərir ki, hər bir komponent (dil, incəsənət, musiqi, ədəbiyyat) bütöv orqanizmin sağlamlığı üçün vacibdir. Azərbaycan və Türk dünyasının bu günkü mədəniyyət yüksəlişi gələcəyin mədəniyyətini qurmaq üçün bu komponentləri birləşdirməyi tələb edir.
Mədəniyyət – bədən üçün ruh nədirsə, toplum üçün odur. Bu baxımdan, diriliş dövründə milli-mədəni kimlik incəsənət və elmin inkişafı ilə yenidən dərk olunur və qurulur.
Yeni texnoepoxa:
Texnoformasiyaya keçid
Biz texnologiyanın mədəniyyətə təsirini danmamalıyıq. Çağdaş dövr texnoformasiyanın keçid mərhələsi hesab edilə bilər. Bu keçid, mədəniyyətin həm yaradılmasında, həm də çatdırılmasında yeni imkanlar açır. Qədimliyi Xarəzmiyə bağlanan bugünkü “alqoritmlərin alqoritmi” çağdaş mədəniyyətin yeni strukturlarını formalaşdırmaq üçün bir əsasdır.
Bizim Yenidən dirilişimiz:
taleyimiz və mahiyyətimiz
Diriliş, dirçəliş yalnız bir tarixi dövr deyil; o, bizim gələcəyə böyük ismarıcımız, ictimai-mədəni, sosial, mənəvi kapitalımızdır. Azərbaycan və Türk dünyası üçün bu taleyüklü sürəc mədəniyyət, elm və incəsənətdə yeni bir mərhələni gətirəcəkdir.
Əgər Raffaello və Mikelancello olmasaydı, Günbatarın intibah dönəminin təsəvvür edilə bilməyəcəyi kimi, bizim Yenidən dirilişin zirvəsi də, Azərbaycan və Türk dünyası sənətkarlarının yeni dövrdəki rolundan asılıdır.
Yaradıcı, idraklı, milli-mənəvi ruhu daşıyan sənətkarların çağdaş əsərləri dünyanı təsirləndirəcək və gələcəyə işıq tutacaqdır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI.
araz.az xəbər portalı.