İlham Əliyev 7 yanvar müsahibəsində birbaşa Xameneiyə ünvanlanmış sual səsləndirdi və ondan Azərbaycan və Türkiyə rəhbərlərinin ünvanına təhqiramiz ifadələr işlədən Ərdəbil mollasını cəzalandırıb-cəzalandırmayacağını, vəzifəsindən qovub-qovmayacağını soruşdu.
Ancaq biz bu sualın qarşılığında İran tərəfindən nə gördük? Molla rejimi Azərbaycandan üzr istəmək əvəzinə, bu dəfə başqa bir nökərini – Təbrizdən olan deputat Ruhullah Mütəfəkkir-Azadı üzərimizə qısqırtdı. Həmin deputat İlham Əliyevin Xameneiyə ünvanladığı sualdan qəzəblənərək, özünün “X” hesabında ölkəmizə qarşı hədələyici ifadə işlədib.
Kreml isə təyyarəmizin Qroznı üzərində vurulmasından sonra Rusiya dövlətinin Azərbaycana münasibətdə buraxdığı kobud səhvləri düzəltmək əvəzinə, Vladimir Karasev adlı tərbiyəsiz bir politoloqu əleyhimizə danışdırdı.
Düzdür, Rusiyadan olan başqa bir politoloq – Sergey Markov öz həmkarının tərbiyəsiz hərəkətini “ütüləmək” üçün açıqlama verdi ki, “İlham Əliyev Vladimir Putinin dostudur. Rusiya və Azərbaycan müttəfiqdir”, lakin reallıq isə onu göstərir ki, Putin və Rusiya bizə qarşı heç də dostcasına davranmır.
Beləliklə, faktiki olaraq İran da, Rusiya da Azərbaycana qarşı təhqir və təhdid dilinə keçiblər.
Bu isə bizə əsas verir ki, biz də bundan sonra birbaşa Xameneini və Putini hədəf seçək. Əgər onların anlaya biləcəkləri yeganə dil budursa, biz də bu dilə, bu ritorikaya köklənək.
Sözsüz ki, bizim təhqirlərimiz daha kəsərli olacaq və bizim cavab haqqımızdan istifadə etməyimiz onları dəli edəcək. Ancaq onlar bunu özləri haqq ediblər. Putin və Xameneinin propaqandistləri, təmsilçiləri və ya sözçüləri qonşuluq münasibətlərinə təhqir, təhdid ritorikasını gətirməməliydilər.
Cavab haqqımızı qullanmağımız yəqin ki, onları bu ritorikadan çəkinməyə məcbur edəcək. Lakin biz səbirliyik və hətta olmalı olduğundan da çox-çox səbrliyik. Ona görə də təhqirə təhqirlə cavab vermirik. Nə politoloqlarımız, nə deputatlarımız, nədəki jurnalistlərimiz və din adamlarımız öz paylaşımlarında, açıqlamalarında, yazılarında qonşu ölkələrin liderlərinin ünvanına söyüş-flan işlətmir.
Ancaq səbrimiz də limitsiz deyil.
P.S.
Bu cür toksik liderlərin idarə etdiyi ölkələrlə nəinki strateji müttəfiq və ya tərəfdaş, dost olmaq, hətta sadəcə, qonşu olmağın özü belə asan məsələ deyil.
araz.az xəbər portalı.