Sərnişinlərin taksiyə üstünlük verməsinin əsas səbəbi rahatlığı seçməsidir. Əksəriyyət, avtomobil almaqdansa, onun xərclərini, baxımını, qulluğu və başqa problemləri nəzərə alaraq taksidən istifadə etməyi üstün tutur. Statistikaya görə, hazırda Bakıda 700 mindən çox avtomobil var. Onların təxminən 15 mini taksilərin payına düşür. Bir sıra ölkələrdə bütün taksilər eyni rəng və eyni marka avtomobillər olsa da, Bakıda vəziyyət fərqlidir. Hazırda paytaxtda hər növdə taksi görmək mümkündür.
Sərnişinlər taksi sifariş edərkən müxtəlif nüanslara fikir verirlər. Bəziləri üçün əsas məqam ünvana tez və sürətli çatmaq, bəziləri üçün rahatlıq, komfort, bəziləri üçün isə avtomobilin tutumu olur. Xüsusən yay aylarında dənizə getmək istəyən şəxslər iki taksi çağırmaqdansa, daha çox sərnişin yerləşən taksilərə üstünlük verirlər. Bu baxımdan ən uğurlu seçim “London taksiləri” olurdu. Lakin həmin taksilərin bir qismi sıradan çıxmışdı və ekologiya standarları ilə ayaqlaşmırdı.
Bir neçə gün əvvəl paytaxta 100 ədəd yeni “London taksisi” gətirilib. Bu taksilərin köhnə London taksilərdən fərqi təkcə rəng və ya görünüşündə deyil. Yeni taksilər komfortuna, yanacaq sərfiyyatına, təhlükəsizliyinə və başqa cəhətlərinə görə əvvəlkilərdən fərqlənir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə taksilərin təqdimatı zamanı açıqlamasında bildirib ki, “LEVC TX” modelli yeni taksinin bir sıra üstünlükləri var.
Sözsüz ki, bütün sərnişinlərin taksi xidməti zamanı əsas diqqət yetirdiyi məqam təhlükəsiz səfərdir. Bu da Bakıya yeni gətirilən “LEVC TX” taksilərində var. Avtomobilin yoldakı sürət həddi barədə sürücünü xəbərdar etməsi, idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlarla sürücüyə müvafiq məlumatı ötürməsi bunu deməyə əsas verir.
Həmçinin, paytaxta gətirilən yeni taksilər ekoloji böhrana müsbət təsir göstərir. Belə ki, bu avtomobillərin müəyyən sürətə qədər elektriklə işləməsi ekologiyaya dəyən zərəri xeyli azaldır. Avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna bilər.
Bundan əlavə, avtomobilin həm görmə, həm də eşitmə qüsurlu sərnişinlər üçün əlverişli olması, onlar üçün xüsusi məlumat lövhəsinin və brayl əlifbası ilə idarəetmə panelinin yerləşdirilməsi yeni taksilərin üstünlüklərindəndir.
Yeni taksilərdə mobil telefonları şarj etmək və “Wi-Fi”-dən də istifadə etmək mümkün olacaq ki, bu da yol boyu, xüsusən də tıxacda darıxmağa imkan verməyəcək.
Sözügedən taksilər son dövrlər dünyanı cənginə alan koronavirusun yoluxmasının qarşısını almaq baxımından da digərlərindən üstündür. Belə ki, bu taksilərdə şüşə arakəsmə mövcuddur ki, bu da həm sürücülərin, həm də sərnişinlərin COVİD-19-a yoluxma riskini azaldır. Onlar bir-birləri ilə mikrofon vasitəsi ilə danışa bilirlər. Həmçinin, “LEVC TX” taksilərində ödənişin POS terminal vasitəsilə aparılması imkanı da var.
Bundan başqa, bu taksilərin ölkəyə gətirilməsi yüz nəfər işsiz insanın işlə təmin olunması, yüzlərlə sərnişinlərin virussuz hərəkəti deməkdir.
Bütün bu üstünlükləri nəzərə alsaq, sosial şəbəkələrdə onun rəngini müzakirə etməyə ehtiyac belə qalmayacaq. Çünki əsas olan taksinin görünüşü, rəngi deyil, onun xidmət səviyyəsi, komfortu və təhlükəsizliyidir.
araz.az
araz.az xəbər portalı.