Hazırda bir həqiqət mövcuddur: Koranavirus bizimlədir və bir müddət də bizimlə olacaq. Bu həqiqəti yaddan çıxarmamalıyıq. Qoruyucu vasitələrdən istifadə etmək, məsafə saxlamaq və gigiyenik qaydalara riayət etmək həyat tərzimizə çevrilməlidir.
Bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov deyib.
Millət vəkili bildirib ki, hər kəs öz məsuliyyətini dərk etsə, bəşəriyyəti xilas etmiş olar: “Azərbaycanda koronaya yoluxma sayında kəskin azalma müşahidə edirik. Buna sərt karantin rejiminin nəticəsində nail olundu. Ölkəmizin virusa qarşı gördüyü tədbirlər bir çox dövlət üçün nümunə oldu. İnsanların sağlamlığı və sosial durumu ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın daima diqqətindədir. Dövlət tərəfindən ən zəruri və vacib addımlar atılır. Bütün addımlar insanların sağlamlığının qorunmasına xidmət edir. Payız və qış aylarında mövsümü xəstəliklərin artması və bu fonda pandemiyanın davam etməsi təhlükədən xəbər verir. Məhz bu təhlükənin də qarşısını almaq üçün dövlət rəhbərinin diqqəti ilə mühüm önləyici işlər, hazırlıqlar görülür. Azərbaycanın iqtisadi potensialı və sosial layihələr məhz insanların sağlamlığı fonunda sosial ehtiyaclarının da qarşılanmasına yönəldilib.
Səhiyyə komitəsinin üzvü qeyd edib ki, vaksinin hazırlanması üçün dünyanın bir çox iri elmi-tədqiqat mərkəzləri və ayrı-ayrı qruplar çalışır: “Müsbət haldır ki, vaksinin tapılması üçün çox ciddi səylər göstərilir. Bəşəriyyəti xilas etmək üçün atılan bu addımlar ümumi bir yanaşmadır. Artıq Rusiyada hazırlanan vaksin qeydiyyata alınıb. Cənab Prezident İlham Əliyev də Rusiya Prezidenti Vladimir Putini bu münasibətlə təbrik edib. Nəticədən asılı olaraq həmin vaksin Azərbaycana da gətirilə və tətbiq edilə bilər. Digər ölkələrdə də hazırlanan vaksinlərin təsir imkanları öyrənilib ölkəmizdə istifadə oluna bilər. Dövlətimiz koronavirusa qarşı ən təsirli vaksini almaq gücünə malikdir. Amma əsas şərt, vaksindən öncə insanlarımızın şüurlu şəkildə bunu dərk edərək öz sağlamlıqlarını qorumasıdır. Adət etdiyimiz vərdişlərlə hələ bir müddət yaşayacağıq. Arxayın olmaq olmaz ki, vaksin olacaq və tətbiq edilməklə immunitet yaranacaq. O vaxta qədər isə sağ-salamat qalmağımız üçün şərtlərə əməl etməyimiz tövsiyə olunur”.Teleqraf
araz.az xəbər portalı.