Litva hökuməti fövqəladə vəziyyətlə bağlı qaydalara bir daha dəyişikliklər edib.
AZƏRTAC bildirir ki, bu dəfə tədbirlərin keçirilmə şərtlərinə, biletlərin satılma qaydasına düzəlişlər edilib.
Bildirilib ki, sentyabr ayından etibarən tədbirlərdə iştirak edənlərin sayına məhdudiyyət tətbiq edilməyəcək, lakin hökumət biletləri yalnız internet üzərindən satmağı və ya iştirakçıların elektron qeydiyyatı üçün zəmanət verməyi təklif edir.
“Əgər təşkilatçılar bunu təmin edə bilmirlərsə, o zaman tədbirlərdə 300-dən çox tamaşaçı və ya iştirakçı (ifaçılar, idmançılar, hakimlər, müfəttişlər, təşkilatçılar və xidmət personal istisnadır) yer ala bilməz”, – bu barədə sənəddə deyilir.
Bu təklif hökumətin müzakirə etdiyi qətnamə layihəsinə daxil edilib. Yeni qayda sentyabrın 1-dən qüvvəyə minəcək.
Səhiyyə naziri Aureliyus Veriqa “Delfi” portalına verdiyi açıqlamada bu üsulla təmasda olmuş şəxsləri axtaracaq epidemioloqların işinin asanlaşacağını söyləyib.
Bildirib ki, hazırda açıq havada təşkil olunan tədbirlərdə 1000 nəfərdən çox olmayaraq, qapalı məkanlarda keçirilən tədbirlərdə isə 600 nəfərdən çox olmayaraq iştirakçı yer ala bilər.
Nazir qeyd edib ki, açıq havada təşkil olunan tədbirlərdə iştirakçılar arasında ara məsafəsi minimum 1 metr, qapalı məkanlarda keçirilən tədbirlərdə isə 2 metr olmalı və iştirakçılar maska taxmalıdırlar.
araz.az
araz.az xəbər portalı.