WhatsApp Image 2020 08 21 at 20.49.41Mirkazım Seyidov: “Nəzarətin yenidən bölüşdürülməsi uğrunda fəaliyyət olacaq, ancaq bunun sadə alverçiyə heç bir təsiri olmayacaq”

img

Məlum olduğu kimi, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınmış Nadir Səlifov Türkiyədə qətlə yetirilib. “Lotu Quli” Antalyada birgə şam etdiyi şəxs tərəfindən öldürülüb. Məlumatlara görə, N.Səlifovu güllə ilə başından vuran şəxs “Xan” ləqəbli yaxın adamı olub. “Xan” “Quli”nin ətrafında xeyli müddət olub və ona yaxınlığı ilə seçilib.

“Quli” xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. N.Səlofovu güllələyən “Xan”ın isə hadisə yerindən yaralı qaçdığı, lakin Antalya-Dənizli şossesində saxlandığı bildirilir. Maraqlı məqam isə 2016-cı ildə elə Türkiyədə qətlə yetirilmiş digər kriminal avtoritet Rövşən Lənkəranski ilə “Lotu Quli”nin ölüm tarixindəki oxşarlıqdır. R.Lənkəranski 2016-il avqustun 18-də gecə qətlə yetirilib. “Lotu Quli” isə bir necə saat fərqlə 2020-ci il avqustun 19-da gecə saatlarında öldürülüb. Qeyd edək ki, 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb. “Quli”nin öldürülməsi ilə bağlı daha çox Rövşən Lənkəranskinin qisas versiyası səslənir. İddia olunur ki, hər iki qətl arasında əlaqə var və bu, “oğru” aləmindəki qanlı müharibənin davamı çərçivəsində baş verir. Baş verən bu hadisə ilə bağlı başqa versiyalar da səslənir. Bəziləri iddia edir ki, “oğrular” arasındakı müharibənin kökündə Rusiya və digər MDB ölkələrindəki gəlir yerlərinə nəzarət durur. Belə gəlir yerlərini isə bazarlar, topdansatış məntəqələri təşkil edir. Həmin yerlərdə çalışanların çoxu azərbaycanlılardı. İddia olunur ki, Azərbaycan əsilli nüfuzlu avtoritetlərin öldürülməsi həmin yerlərdə ticarətlə məşğul olan soydaşlarımızın başqa millətlərə mənsub olan kriminal avtoritetlər tərəfindən sıxışdırılması ilə müşayiət oluna bilər. Bu versiyanı nə dərəcədə əsaslı saymaq olar?

Uzun müddət Rusiyada yaşayan tanınmış diaspor xadimi Mirkazım Seyidov “Bakı-Xəbər”ə  açıqlamasında bildirdi ki, Rusiyada kriminalın rolu böyükdür:“SSRİ dağılandan sonra, ötən  əsrin 90-cı illərində kriminal aləm Rusiyanın, demək olar ki, bütün sahələrinə nəzarəti ələ keçirdi. Həmin nəzarət bu gün də qalmaqdadır. Rusiyada kriminalın nüfuzu və rolu çox güclüdür. Bu da bəzi kommersantları, hətta dövlət adamlarını onlarla hesablaşmağa vadar edir. Həmin kriminal aləmin içində azərbaycanlılar da az deyil. Rusiyanın bütün şəhərlərində  onların nəzarətində olan böyük obyektlər var. Etiraf edək ki, oradakı kriminal meylli soydaşlarımızın əsas gəlir yeri elə öz millətimizin nümayəndələri olur. Onlar daha çox azərbaycanlılardan pul, xərac toplayırlar. Bir çox hallarda həmin kriminal elementlər Rusiyanın xüsusi xidmət orqanları tərəfindən himayə olunur. Rusiyanın həmin qurumları bəzən belə elementlərin əli ilə öz planlarını həyata keçirir. Lənkəranskinin dönəmində Rusiyanın bir çox şəhərlərindəki meyvə-tərəvəz bazarları azərbaycanlıların nəzarətinə keçdi. Onun öldürülməsindən sonra da vəziyyət dəyişmədi. Nəzarətin yenidən bölüşdürülməsi uğrunda fəaliyyət olacaq, ancaq bunun sadə alverçiyə heç bir təsiri olmayacaq. Rusiya hakimiyyəti istəmədiyi yerdə kriminalın rolu, demək olar ki, olmur. Bu baxımdan da, burada əsas amili Rusiya hakimiyyətinin münasibəti oynayacaq. Gördünüz ki, bir gün bizimkilər erməni əriyini öz nəzarətlərində olan bazara buraxmadılar, nəticədə Rusiya hakimiyyəti sərt şəkildə bu işə müdaxilə etdi. Bu da onu deməyə əsas verir ki, kimsə bundan sonra gəlib azərbaycanlıları bazarlardan çıxarmaq gücündə olmayacaq”.

İstənilən halda, hətta öz millətimizdən olan kriminal elementlərin arasında gedən mübarizədə ziyan azərbaycanlılara dəyə bilər.

araz.az xəbər portalı.