Hüquqşünaslar vətəndaşların hüquqlarının bərpasını vacib sayırlar – Özəlləşdirmə çekləri QANUNla dövriyyədədir

Dekabrın 6-da Bakı İnzibati Məhkəməsində bir qrup şəxsin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) qarşı dövlət özəlləşdirmə payları üzərində mülkiyyət və sahibkarlıq hüquqlarına qarşı olan pozuntuların aradan qaldırılması, özəlləşdirmə paylarına düşən əmlakın naturada müəyyən edilməsi və ya kompensasiya ödənilməsi tələbinə dair iddiası üzrə məhkəmə iclası keçirilib. Məhkəmə iddianı mümkün saymayıb.Cavabdeh qurum olan ƏMDX-nin nümayəndəsi bildirib ki, dövlət özəlləşdirmə payları (çeklər) “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb. İddiaçılar isə bəyan edirlər ki, bu, tamamilə yanlışdır. Çünki DÖÇ-lər fərmanla deyil, QANUNla dövriyyəyə buraxılıb və dövriyyədə tədavül, ödəmə-tədiyyə vasitəsi kimi istifadəsi, özəlləşdirmə dövründə istifadə edilə bilməyən payların dövriyyədən çıxarılma qaydası da 445 N-li qanunun 19.1-ci bəndi ilə tənzimlənir. Müvafiq fərman isə bununla bağlı qanunların icrasını təmin etmək məqsədilə imzalanıb. Heç bir fərmanla QANUNun verdiyi hüquqlar məhdudlaşdırıla bilməz.

ƏMDX-nin nümayəndəsi söyləyib ki, Azərbaycanda dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli 202 nömrəli Fərmanına əsasən dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci ilin yanvar ayının 1-də başa çatıb və həmin çeklər dövriyyədən çıxarılıb. İddiaçılar isə bəyan edirlər ki, bu, yalan məlumatdır, çünki bununla bağlı hər hansı bir qanunvericilik aktı mövcud deyil. İddiaçılar ƏMDX-nin nümayəndəsinə sadə bir sual veriblər ki, 2004-cü il tarixli 75 saylı Fərmanın 1.2-ci bəndinin göstərdiyi qanunvericilik qaydası nə vaxt qəbul olunub və bu qayda harada yazılıb. Nümayəndə bu suala cavab verməkdən imtina edib.

ƏMDX-nin nümayəndəsi 2004-cü il tarixli 75 saylı Fərmanın 1.2 bəndi ilə “dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə vasitəsi kimi istifadə edilməyən özəlləşdirmə payları (çekləri) qanunvericiliklə müəyyən edilmiş qaydada dövriyyədən çıxarılır” yazısını öz fərziyyəsi ilə yozaraq, 2011-ci ildən DÖÇ-lərin dövriyyədən çıxarıldığını iddia edib. İddiaçılar sə bəyan ediblər ki, bununla ƏMDX öz qanunsuz əməllərinə hüquqi qüvvə verməyə və məsuliyyəti cənab Prezidentin üstünə atmağa çalışır. İddiaçıların sözlərinə görə, onlarda olan rəsmi dövlət orqanları tərəfindən verilmiş sənədlərdə, Nazirlər Kabinetinin qərarlarında və Prezidentin fərmanlarında olan hüquqi faktlar ƏMDX-nin nümayəndəsinin söyldiklərinin tam əksini göstərir.

Yəni DÖÇ-lərin 2011-ci ildən bu yana qiymətli kağız olaraq DÖVRİYYƏDƏN çıxarıldığına dair müvafiq dövlət orqanları tərəfindən verilmiş heç bir rəsmi məlumat yoxdur. Buna cavabdeh olan qurumlar əvvəlcə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, ondan sonra Maliyyə Bazarlarına Nəzarət Komitəsi olub, həmin qurumlar ləğv olunduqdan sonra isə qiymətli kağızlarına dövriyyədən çıxarılma səlahiyyəti Azərbaycan Mərkəzi Bankına verilib. 2011-ci ildən indiyədək bu 3 qurumun heç birinin rəsmi açıqlaması yoxdur ki, özəlləşdirmə çekləri dövriyyədən çıxarılıb. Və bu da o deməkdir ki, DÖÇ-lər QANUNla hələ də DÖVRİYYƏDƏDİR.

İddiaçılar xüsusi vurğulayırlar ki, DÖÇ-lər MÜLKİYYƏT HÜQUQUDUR. Mülkiyyət üzərində sahiblik haqqı isə yalnız və yalnız QANUNLA məhdudlaşdırıla bilər. Yəni, heç bir fərman mülkiyyət hüququnu məhdudlaşdıra bilməz.

Bütün bu faktlara baxmayaraq, məhkəmə çek sahiblərinin iddiasını təmin etməyib. Çek sahibləri bu qərarla razılaşmır və hüquqlarının pozulduğunu bəyan edirlər. Onlar qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər.

Milli Məclisin keçmiş üzvü, peşəkar hüquqşünas, hüquq müdafiəçisi Çingiz Qənizadə mövzuya dair AYNA-ya açıqlamasında məhkəmənin qərarının doğru olmadığını, çek sahiblərinin pozulan hüquqlarının bərpasının vacib olduğunu deyib: “Özəlləşdirmə payları ilə bağlı məsələyə birdəfəlik nöqtə qoyulması üçün dövlət tərəfindən lazımi addımlar atılmasına ehtiyac var. Mən əvvəldən də bu məsələdə vətəndaşların yanında olmuşam, bu gün də mövqeyim dəyişməyib. Çünki bu məsələdə həmin insanların hüquqları pozulur, Konstitusiyaya zidd məqamlar var. Nəzərə alınmalıdır ki, özəlləşdirmə çekləri hər bir Azərbaycan vətəndaşı üçün nəzərdə tutulmuş qiymətli kağızdır. Qiymətli kağızlara konkret müddət qoymaq, yaxud müddəti dayandırmaq qanunla yolverilməzdir. Hesab edirəm ki, Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi qərar ədalətsizdir”.

“Mən bütün detalları ilə, hüququn hansı əsaslarla pozulduğunun təfərrüatını danışmaq istəmirəm. Bu barədə kifayət qədər danışılıb, deyilib. Hüquqdan azacıq anlayışı olan insan başa düşür ki, burada vətəndaşların konstitusion hüquqları pozulur. Bu qanun pozuntusunun aradan qaldırılması vacib amildir. Mən deyə bilmərəm ki, məhkəməyə kimlərsə təzyiq edib, qərarların qəbulunda diktə edib. Bu barədə faktım yoxdur. Amma işin özü absurddur. Əgər vauçerlərin üzərində müddət göstərilməyibsə, o hansı əsasla qiymətsiz, müddəti keçmiş sayılır?!”, — deyə, həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, ölkəmizdə özəlləşdirməyə çıxarılan və ya gələcəkdə çıxarılması planlaşdırılan kifayət qədər dövlət əmlakı var: “Digər tərəfdən, Azərbaycanda yüzminlərlə özəlləşdirmə çeki vətəndaşların əlində qalıb. Onlar niyə bu özəlləşdirmə prosesində iştirak hüququndan məhrum olmalıdırlar? Yaxud da, dövlətin qiymətli kağızının dəyərsiz kağız kimi qalmasının qarşısı alınmalı, hansısa müvafiq addım atılmalıdır. Hesab edirəm ki, əlində çek qalmış vətəndaşların sayı yüzminlərlədirsə, 2011-ci ildəki qanunvericiliyə yenidən baxılmalı, vətəndaşlara həmin çeklərdən sərbəst istifadə etmək hüququ verilməlidir”.

Qənizadə xatırladıb ki, özəlləşdirmə prosesinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub: “Mərhum liderimizin müvafiq fərmanı ilə vətəndaşların özəlləşdirmədə iştirak edə bilməsi üçün qiymətli kağızlar paylandı. Həmin çeklərin üzərində xüsusi qeyd olunub ki, “hər bir Azərbaycan vətəndaşı üçün nəzərdə tutulub”. Çeklər mülkiyyət hüququ əldə etmək üçün bir sənəddir. Mülkiyyət hüququna sahib olmaq üçün dövlətin verdiyi qiymətli kağız necə “ölə” bilər?  Burada müddət də tənzimlənə bilməz. Yenə deyirəm, bu, hüququn tələbidir. Bu mənada, düşünürəm ki, məhkəmələr ədalətli qərar verməlidir və çeklərlə bağlı 2011-ci ildəki qərara yenidən baxılması faydalıdır”.

Hüquqşünas Vüsal Əliyev də AYNA-ya şərhində Bakı İnzibati Məhkəməsinin vətəndaşların iddiası ilə bağlı çıxardığı qərarı hüquqi baxımdan doğru olmayan və ədalətsiz adlandırıb: “Özəlləşdirmə çekləri 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Nəzərə almaq lazımdır ki, bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, mülkiyyət hüququna malikdir. Yəni ki, vətəndaş bu çek hesabına mülkiyyət hüququna malik olmalıdır. Çeklərdə payçının özəlləşdirməyə çıxarılan əmlakın müəyyən bir hissəsinə sahib olmaq haqqı var. Mülkiyyət hüququnu özündə qoruyan özəlləşdirmə çekləri heç vaxt qüvvədən düşə bilməz. Dövlətin vətəndaşına verdiyi qiymətli kağızın müddətinin bitməsi düzgün deyil. Çeklərin üzərində müddət göstərilməyibsə, məhkəmə hansı əsasla belə qərar qəbul edə bilər?!”.

“Düşünürəm ki, lazımi qurumlar vətəndaşların pozulan hüquqlarının bərpası istiqamətində ədalətli qərar verməlidir. Ümumiyyətlə, bu məsələdə ədalətli qərarın verilməsinə ehtiyac var. Ədalət isə vətəndaşdan yanadır. Çünki əllərində çekləri qalan və dövlət payından yararlana bilməyən vətəndaşların hüquqları pozulur. İnanıram ki, düzgün yanaşma sərgilənərsə, çeklərlə bağlı ədalətli qərar verilə bilər. Bununla da vətəndaşlarımızın pozulan hüquqları bərpa olunar”, – deyə ekspert vurğulayıb.

Öz növbəsində tanınmış vəkil Fuad Ağayev AYNA-ya söyləyib ki, Bakı İnzibati Məhkəməsinin niyə belə qərar verdiyini açıqlamaq mümkün deyil: “Bu prosesdən məlumatsızam. Amma ümumilikdə, hesab edirəm ki, əllərində çekləri qalmış və ondan yararlana bilməyən vətəndaşlar haqlıdırlar. Onlar dövlətin verdiyi qiymətli kağızlardan istifadə edə bilməyiblər. Bu, insanlarımızın konstitusion hüququnun pozulması deməkdir. Birincisi, dövlət bu barədə lazımi qərar verməli, öz vətəndaşlarınmın pozulan hüquqlarını bərpa etməlidir. İş məhkəməyə qədər gəlib çıxırsa, o zaman məhkəmə ədalətli qərar çıxarmalıdır. Cavabdeh qurumun yox, vətəndaşın xeyirinə qərarın verilməsi vacibdir. Çünki bu məsələdə yenə deyirəm, vətəndaş haqlıdır”.

“Bu məsələ ilə bağlı dəfələrlə çağırışımız olub, danışmışıq. Yenə də lazımi qurumlara səslənirəm ki, vətəndaşın pozulan hüquqlarının bərpası üçün vacib addımlar atılsın. Faktiki olaraq, əlində çek qalan vətəndaşlarımız dövlətin ona verdiyi paydan istifadə edə bilməyib, özəlləşdirmədə iştirak etməyiblər. Bunun obyektiv və subyektiv səbəbləri öz yerində, amma fakt faktlığında qalır axı. Ona görə də, yenə deyirəm, çekləri qiymətsiz şəkildə əlində qalan vətəndaşların pozulan hüquqları bərpa olunmalıdır”, – deyə hüquqşünas fikrini yekunlaşdırıb.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən Konstitusiya Məhkəməsinə məktub daxil olub və qeydiyyata alınıb. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Amma 11 aydır ki, Konstitusiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi yoxdur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Aydın GƏRAY.

araz.az xəbər portalı.