Başqa xalqlara, millətlərə, dinlərə daim yüksək tolerantlığı ilə seçilən Azərbaycan xalqı, təəssüf ki, əksər hallarda buna qeyri-adekvat münasibətlə üzləşir. Unutqanlığımızın, ürəyiyumşaqlığımızın nəticəsi olaraq, tarixin müxtəlif dövrlərində milli faciələrimizi təkrarən yaşamalı olmuşuq.
Bədnam qonşularımızın hələ ötən əsrin əvvəllərində xalqımıza qarşı törətdiyi qanlı faciələri unudaraq, elə həmin əsrin 80-90-cı illərində torpaqlarımızın 20 faizini itirdik, Xocalı soyqırımına məruz qaldıq. Yüz minlərdə azərbaycanlı ötən əsrdə məhz erməni vandalizminin günahsız qurbanına çevrildi. Azərbaycanın ötən əsrdə ərazi işğalına məruz qalması, kütləvi şəkildə qırğınlara, deportasiyaya, hətta soyqırım kimi cinayətlə üzləşməsi kifayət qədər ciddi faktlarla, dəlillərlə sübut olunur. Əlbəttə, kimlərsə bu gün özünü korluğa qoyub əsrin əvvəllərində üzləşdiyimiz faciələrə skeptik yanaşmaq niyyətinə düşə bilər. Fəqət, əsrin sonuna doğru azərbaycanlıların kütləvi deportasiyası, ərazilərimizin işğala məruz qalması, bir milyondan çox soydaşımızın qaçqın, məcburi köçkün vəziyyətinə düşməsi, nəhayət, Xocalı soyqırımı danılmaz, inkarolunmaz faktlarla təsdiqlənib. Milli hissini itirmiş bəziləri bu faktları unutmağa çalışsalar da, bu inkarolunmaz həqiqət ən azı arxiv sənədləri, istintaq materialları, foto, video və audio vasitələrlə sübuta yetirilir.
- Bütün günahları azərbaycanlıların üzərinə atmaq kimi manqurt mövqeyi nümayiş etdiriblər…
Xalq olaraq böyük zərbələri təkcə düşmənlərimizdən deyil, bəzən “sapı özümüzdən olan baltalar”dan da almışıq. Torpaq itkilərimizin, faciələrimizin çoxsaylı səbəbləri sırasında milli xəyanət amilini də zaman-zaman ürəkağrısı ilə etiraf etməli olmuşuq. Bəli, Azərbaycanda boya-başa çatanların, onun çörəyi və suyu ilə qidalanan, havasını udanların, ad-san, şan-şöhrət, sərvət sahibi olanların bu torpağa, Vətənə xəyanətkar münasibətinə zaman-zaman rast gəlmişik. Bu “üzdəniraqlar” təkcə antimilli düşüncə ilə deyil, həm də şübhəli erməni təəssübkeşliyi ilə milli həqiqətlərimizi inkar etmək, xalqımızı aşağılamaq, faciələrimizi danmaq, bütün gunahları azərbaycanlıların üzərinə atmaq kimi manqurt mövqeyi nümayiş etdiriblər.
Ermənilərin 12 iyul Tovuz təxribatından sonra dünyanın bir çox ölkəsində olan Azərbaycan diasporunun nümayəndələri hadisələrin əsl mahiyyətini dünya birliyinə çatdırmaq istiqamətində səylər göstərdi. Bunun fonunda həmin ölkələrdəki erməni diasporunun nümayəndələri ilə ciddi qarşıdurmalar yaşandı. Təəssüf ki, bəzi “sapı özümüzdən olan baltalar” bu məsələdə də ermənilərin mövqeyindən çıxış etdilər. Xüsusilə də özünə bloger adını qoyan və xaricdə oturub daima Azərbaycan dövlətini təhqir edən bəzi yutuberlərin bu istiqamətdə “fəallığı” nəzərə çarpdı. Daima öz şəxsi kanalları vasitəsilə ölkəmizin simvollarını təhqir edən bu adamlar son rəzilliklərini mill məsələdə belə dövlətlərinin yanında olmamaqları ilə sübut etdilər. Onlara olan ictimai qınağın ən bariz göstəricisi isə verilişlərinə olan baxış saylarında özünü dərhal göstərməyə başladı. Müşahidələrimiz göstərdi ki, ermənipərəst mövqelərindən sonra onların verilişlərinə baxış sayında kəskin eniş dinamikası müşahidə olunmağa başlayıb.
- Bu cür fəaliyyət həm də xaricdəki diasporumuz arasındakı konsolidasiyaya mane olur…
Acı təəssüf doğuran faktlardan biri də odur ki, Ermənistan hakimiyyətilə mübarizə aparan erməni blogerlər və xaricdə yaşayan siyasi mühacirlər öz ölkələrinə qarşı hər hansı bir tənqidi fikir səsləndirmədilər, əksinə, Azərbaycana qarşı hər bir ermənini birliyə çağırdılar. Bütün bu hərəkətlər bir daha təsdiqləyir ki, belə satqın adamların ermənipərəst qüvvələrə bağlılıqları var və Azərbaycana düşmən olan dairələr tərəfindən maliyyələşirlər. Bu qəbildən olan diasporumuzun üz qaraları xaricdəki həmvətənlərimizin Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verməyə çalışdılar. Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyalarını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da, necə deyərlər, ermənilərin dəyirmanına su tökür, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edirlər. Onların bu fəaliyyəti eyni zamanda ermənilərin 12 iyul təxribatlarının əsl mahiyyətinin dünyaya lazımi şəkildə çatdırılmasına maneçilik törətdi. Bu cür fəaliyyət həm də xaricdəki diasporumuz arasındakı konsolidasiyaya mane olur. Dövlətə müxalif olan bu adamlara Azərbaycan diasporunun vahid mövqe sərgiləməsi qəti sərf etmir. Bu baxımdan da xaricdəki xəyanətkar “yutuberlərin” fəaliyyətində əsasən iki mühüm istiqamət sezilir. Birincisi, bu adamların fəaliyyəti diasporumuzun bir araya gəlməsinə maneçilik yaradır. İkincisi isə, bu fəaliyyətə xarici xüsusi xidmət orqanları, xüsusilə də Ermənistanın dəstək verdiyinə şübhə yeri qalmır. Çünki onların bütün təbliğat tezislərinin ermənilərlə sinxronluq təşkil etdiyinin şahidi olduq. İnsan müxalif fikirli ola bilər. Ancaq həlledici məqamda dövlətinə, ordusuna müxaliflik etməklə düşmən səngərinə keçməyin bir adı var, o da xəyanətdir.
- “Belələri üçün şəxsi maraqlar dövlətin ali maraqlarından hər zaman üstündür”
Millət vəkili Fazil Mustafa Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digər bu kimi şəxslərin erməni maraqlarına xidmət edən tezislər əsasında bəyanatlar verməsini milli təəssübkeşliyin aşağı olması ilə izah edir:
“Düşünürəm, bu və bu kimi insanlara qarşı total bir səfərbərlik elan etmək, informasiya müharibəsində onları zərərsizləşdirmək lazımdır. Əslində, bu gün dövlətinə qarşı təlimat alan və bu işi canla-başla yerinə yetirən insanların olması çox acınacaqlıdır. Məsələ ondadır ki, bu şəxslər bu gün real faktlar təqdim etmir, boş söyüşdən başqa bir şey demir. Arxayın Londonda, Parisdə oturub, havadarlarından aldığı maliyyə dəstəyi ilə öz çirkin niyyətlərini açıqca ifadə edirlər. Onu da deyim ki, xaricdə söyüş və təhqiri mübarizə vasitəsi sayan bu şəxslərin bu gün daxildə də bağlantıları çoxdur. Xüsusilə bəzi yutuberlər var ki, məqsədyönlü şəkildə bu xəyanətə ortaq olurlar. Düşünürəm bu şəxslərin, xüsusilə də indi ölkələri əleyhinə kampaniya aparmaları birbaşa düşmən maraqlarına xidmət edir və belələri üçün şəxsi maraqlar dövlətin ali maraqlarından hər zaman üstündür”.
- “Mən Rusiyadakı praktikamda da belə hallarla çox rastlaşmışam”
Tanınmış diaspor xadimi Mirkazım Seyidov bizimlə söhbətində bildirdi ki, bu qəbildən olan şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da ermənilərin mövqeyinə xidmət göstərir, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edirlər:“Xüsusilə də, buyruq qulu rolunda çıxış edən S.Osmanqızı ASALA erməni terror təşkilatının üzvlərinin soydaşlarımıza qarşı vandal hərəkətlərini dəstəkləyib və baş verənlərdə günahın özlərini müdafiə edən azərbaycanlılarda olduğunu bildirib. Bu isə bir daha onu təsdiq edir ki, ABŞ-da ömür sürən bu xanım yaşlaşdıqca ağlını və milli hisslərini itirir.
Təbii, hər kəs bilir ki, bütün bunları onlar sifariş əsasında həyata keçirirlər. Birbaşa erməni lobbiçilərinin və diasporasının tapşırıqlarını yerinə yetirirlər. Onlara erməni lobbiçilərinin açıq və ya dolayısı ilə göstərdiyi maliyyə dəstəyi hər kəsə bəllidir. Ancaq insan şərəf və ləyaqətini nə qədər itirməlidir ki, indiki situasiyada öz xalqına və dövlətinə bu cür iyrənc şər-böhtan atsın. Bu adamlar ermənidən də artıq ermənidilər. Belələri hər fürsətdə dövlət maraqlarımızın və milli maraqlarımızın əleyhinə gedirlər. Ancaq bu gün çox sevindiricidir ki, ictimai qınaq çox yüksək səviyyədədir. Onların hansı məqsədlə fəaliyyət göstərdiyini görürlər və öz etirazlarını yazırlar. Biz siyasətçilər də onların şantajlarından, hədə-qorxularından və digər amillərdən çəkinməməliyik və açıq şəkildə mövqeyimizi ortaya qoymalıyıq. Mən Rusiyadakı praktikamda da belə hallarla çox rastlaşmışam. Rusiyadakı diasporumuzu regionlarda bir araya gətirmək istiqamətində ciddi maneələrlə üzləşdim. Onda da bu qəbildən olan adamlar oradakı azərbaycanlıları parçalamaq üçün milli azlıq kartından və siyasi oriyentasiyadan istifadə edirdilər. Bəzi müxalif insanlar arasında təbliğat aparılırdı ki, Avropadan yayım edən “yutuberlərə” pul göndərsinlər. Sonrakı mərhələdə biz belə cəhdlərin şahidi olduq. Bu qənaətə gəldik ki, məkan fərq etmir. Bunlar bir şəbəkə formasında fəaliyyət göstərirlər. Başlıca məqsədləri diasporumuzun bir araya gəlməsinə mane olmaqdır. Bu da ermənilərin marağında olan məsələdir. Dərindən analiz edəndə həmin şəxslərin erməni lobbisinin təsiri altında hərəkət etdiyi üzə çıxır. Bütün vətənini sevən diaspor nümayəndələri belə parazitləri öz sıralarından xaric etməlidir.
- “Çünki onlar satıldıqları və sifarişlərini yerinə yetirdikləri Azərbaycanı sevməyən bəzi xarici qüvvələr qarşısında öhdəlik götürüblər”
Müxalifətin radikal qanadı və xaricdə məskunlaşan, ölkəmiz əleyhinə təbliğat aparan mühacir qruplar bu dəfə də antimilli xislətlərini ortaya qoydular. Bəlkə də gözləmək olardı ki, Ermənistanın Tovuz rayonumuz istiqamətində həyata keçirdiyi təxribat zamanı həmin qüvvələr heç olmasa susacaq.
Vətəni, milli məsələni, torpağı müdafiə etməsələr belə, susacaqlar. Amma olmadı. Çünki onlar satıldıqları və sifarişlərini yerinə yetirdikləri Azərbaycanı sevməyən bəzi xarici qüvvələr qarşısında öhdəlik götürüblər. Həmin sifarişləri məhz ölkəmiz üçün belə həssas məqamlarda yerinə yetirərək, insanlarımızın hissləri ilə daha çox oynamaqda, özlərinə olan nifrəti artırmaqdadırlar.
Ermənilərin Azərbaycana qarşı əsas silahlarını aktivləşdirmələri ilə xaricdəki antimilli şəbəkə sinxron şəkildə dövlətimizin və xalqımızın üzərinə hücuma keçdi. Aprel döyüşlərində olduğu kimi. Həmin vaxtda da bu qüvvələr sosial şəbəkələrdə dezinformasiya yaymaqda idilər, guya böyük bir ərazi itirmişik, qurbanlarımız daha çoxdur, gizlədirik və s… Onlar xaricdə azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verdilər. Xalqımıza, dövlətçilik maraqlarımıza, milli məsələlərimizə belə qəbuledilməz münasibətlə sübut etdilər ki, bu dəyərləri çoxdan itiriblər”.
Sosial şəbəkələrdə erməniləri dəstəkləyən şəbəkəyə edilən etirazlar sübut edir ki, həmin adamlara kütləvi nifrət yaranıb. Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da ermənilərin mövqeyinə xidmət göstərir, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edirlər. Azərbaycan xalqı bir daha xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı mübarizə aparan bu ünsürlərin əsl riyakar, xain mahiyyətini görmüş oldu.
Məhəmmədəli QƏRİBLİ
araz.az xəbər portalı.