Şərqşünas-politoloq deyir ki, araşdırma aparılsa, Azərbaycanda təxribatçı xarici şəbəkələrə bağlı media mənsubları üzə çıxar
Azərbaycanda süni yolla dini zəmində təfriqə salmaq istəyən qüvvələr yenidən fəaliyyətə başlayıb. Artıq bəzi dairələr Türkiyənin Afrində həyata keçirdiyi antiterrot əməliyyatlarından da bir vasitə kimi istifadə etməyə çalışır.
Belə ki, bir neçə gün öncə Afrində türk əsgərinə qarşı döyüşən terrorçuların bəzilərinin İran PKK-sı olan PJAK üzvü olması haqda məlumatlar yayılıb. Məlumat təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Abdullah Ağar təfərindən ictimailəşdirilib.
Yerli mətbuatın məlumatına görə, Ağar, Türkiyə ordusunun Afrində məhv etdiyi terrorçular arasında olan PJAK üzvlərinin fotolarını yayıb. O bildirib ki, Afrində məhv edilən terrorçular arasında PJAK-ın silahlı qanadı YRK üzvləri də var.
Maraqlıdır ki, Abdullah Ağar onların “Ya Zəhra!”, “Lebbeyk, ya Hüseyn!” nidaları ilə döyüşdüyünü qeyd edir.
Şərqşünas-politoloq Vüsal Hətəmov məsələ ilə bağlı“Reytinq”ə deyib ki, region yenidən məzhəb davasına çəkilir:
“Son zamanlar ən çox məşhur ifadələrdən biri budur ki, terrorçunun dini, milləti olmur. Lakin bu gün elə təqdim olunur ki, Yaxın Şərqdə terrorçunun dini də var, milləti də. Artıq belə fikir formalaşıb ki, şiə və sünnilər dini terrorçular, kürdlər isə milli terrorçulardır. Əslində isə həmin insanlar qurbanlardır. Onlar nə din daşıyıcıları, nə də milli təəssübkeşlərdir”.
Türkiyənin öz sərhədlərinin təhlükəsizliyi üçün Afrində uğurlu döyüşlər apardığını deyən V. Hətəmov qeyd edib ki, Türkiyə kürd xalqı ilə deyil, “kürd kartı”ndan istifadə edən qüvvələrlə vuruşur: “Görünür, milli zəmində uğursuzluğa düçar olmuş “plan tərtibatçıları” məsələni yenidən milli sferadan dini sferaya daşımaq istəyirlər. Türkiyəli ekspertin dediyi sözlər isə tamamilə absurddur. Çünki nə PJAK “Ya Hüseyn; Ya Zəhra” şüarçısı kimi tanınıb, nə də şiə ideologiyasında “Ya Hüseyn; Ya Zəhra” deyib, – separatçılıqla məşğul olma var”.
V. Hətəmov bəzi yerli mətbuat orqanlarını da süni məzhəb qarşıdurmasına cəhddə ittiham edib:
“Dini və milli mövzular həssas sahələrdir. Bu sahələri “çörək”, şou mövzusuna çevirmək xəyanətdir. Həmin mətbu orqanlar ola bilsin ki, beynəlxalq terror şəbəkələrinin informasiya bazalarına bağlıdır. Məncə, bu məsələlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.
İŞİD yaranan ərəfədə bəzi xəbər portallarımız radikal-təkfirçiləri “şəhid”, “mücahid” kimi qələmə verərək terrorçular haqqında müsbət ictimai rəy yaratmağa çalışırdılar. Görün, nə qədər insanımız gedib Suriya, Əfqanıstan, İraqda naməlum hədəf uğrunda məhv oldu?!! İndi də PJAK, PKK-çılar şiə kimi tanıtdırılır?!! Yəni, demək istəyirlər ki, ölkədə özlərini şiə məzhəbinə mənsub bilənlər gedib PJAK-a qoşulsunlar?”
Şərqşünas-politoloq bildirib ki, ola bilsin, Türkiyənin hansısa məqsədyönlü eksperti, mətbu orqanı belə bir xəbər yayıb: “Bəs bizim bəzi başıboş media mənsublarına nə gəlib?! Məncə, bu, təsadüfi deyil, araşdırılsa, ölkədə təxribatçı xarici şəbəkələrə bağlı media mənsubları üzə çıxar ki, bunun da fəsadını görümüşük və görəcəyik”.
Reyting.az
araz.az xəbər portalı.