“Ramiz Mehdiyevin nəvəsinə karantin vaxtı toy etdiyini eşidəndə və məclisdən videonu görəndə bir daha əmin oldum ki, onun barəsində bu günə qədər dediklərimdə yanılmamışam”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Reportyor.info-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AMEA prezidentin Ramiz Mehdiyevin nəvəsinə toy etməsi, həmin məclisdə vəzifəli şəxslərin iştirak etməsi haqda danışarkən bildirib.
H.Hacıyev qeyd edib ki, R.Mehdiyev ölkədə dövlət içində “dərin hökumət” yaradır və prezidentə xəyanət edir: “Mən həmişə bunu deyirdim və bu gün baş verənlər sözlərimi növəbti dəfə təsdiqlədi.
Üstəlik, keçmiş rektor Abel Məhərrəmovun ona yaltaqlanması, ucuz, yersiz sözlər deməsini, tost söyləməsini görəndə çox üzüldüm. Biz Qərbi Azərbaycanlılar bu cür məddahlığı bəyənmirik. Və bu məclisdə Ramiz Mehdiyev prezidentə hörmətsizlik, saymazlıq göstərib, qanunları saymadığını nümayiş etdirib”.
MMP sədri deyib ki, kimsə 5-10 nəfərlə nişan keçirəndə, yaxud ad günü təşkil edəndə dərhal həmin məclisin təşkilatçıları və iştirakçıları saxlanılır, inzibati qaydada məsuliyyətə cəlb olunur, cərimələnir:
“Mən istərdim ki, bizim hüquq-mühafizə orqanlarımız bu məsələyə göz yummasınlar. Xahiş edərdim ki hörmətli Baş prokuror Kamran Əliyev və Daxili İşlər naziri cənab Vilayət Eyvazov göstəriş versinlər, ciddi tədbir görülsün.
Hesab edirəm ki, Ramiz Mehdiyev və orada çıxış edənlər həbs olunmalıdırlar. Həmin toy mərasimində bütün karantin qaydaları pozulub, heç bir sosial məsafə gözlənməyib, üstəlik, toy keçirilməsi Nazirlər Kabinetinin qərarı ilə qadağan edilib. Həmin məclisin təşkilatçıları və iştirakçıları demək istəyirlər ki, bizim dövlət rəhbərini, Azərbaycanın qanunlarını saymırıq”.
H.Hacıyev əlavə edib ki, bu hadisə xalqı prezidentin üstünə qaldırmağa hesablanmış təxribatdır: “Cənab prezident həmin şəxslər barəsində tədbir görməlidir. Məclisdə olanlardan vəzifədə olanı işdən azad edilməlidir, vəzifədə olmayanlar isə prezidentə qarşı oyunda yer alanlardır.
Bu, Ramiz Mehdiyevin dövlət başçısını saymamasıdır, mənəm-mənəmlikdir, heç kəslə hesablaşmıram, “mafiya babasıyam” deməkdir, “Eldar Həsənov da mənimlədir” mesajıdır. Mən bundan qabaq da müsahibəmdə bildirmişdim ki, Ramiz Mehdiyevin çöldə qalması cinayətdir. Yəni, onu dindirsələr, nə oyun qurduğu üzə çıxacaq.
Əks halda belə fikir formalaşacaq ki, ölkədə qarışıqlıq yaratmağa hazırlaşır. Belə çıxır ki, qanun kasıb üçündür. Necə olur ki, prezident bütün qaydalara əməl edir, amma bu adamlar qanunları saymırlar. Bu gedişlə biz partiya olaraq Ramiz Mehdiyevin təxribatçı hərəkətlərinə etiraz olaraq icazəli aksiyalara başlamalı olacağıq”.
araz.az
araz.az xəbər portalı.