baltaİstanbulda öz yaxın adamı tərəfindən güllənən “Lotu Quli”yə süi-qəsdin hansı zəmində baş verdiyi ilə bağlı müxtəlif versiyalar səslənir. Hələlik üstündə daha çox dayanılan versiya bu qətlin qisas zəmnində baş verməsidir.

İddia olunur ki, bu işdə 4 il əvvəl İstanbulda qətlə yetirilən digər “qanuni oğru” “Rövşən Lənkaranski”nin mənsub olduğu kriminal klanın əli var. Ancaq nədənsə, “Quli”nin tamamilə başqa bir motiv əsasında öldürülə biləcəyi versiyasına heç kim toxunmur.

“Quli”ni öldürən “Xan” gəncdir. “Oğru” aləminin qanunları ilə yaşayan, bu şəxslərin çoxu “idealist” olur. Əksəriyyətinin ən böyük arzusu kriminal aləmin ierarxiyasında ən yüksək pillə sayılan “oğru” adını qazanmaqdır.

Buna görə ən ağır “projarkalardan” (əzablardan) keçirlər, hətta həbsaxana illərini belə açıq “zon”da yox, qapalı həbsaxanalarda keçirməli olurlar. Bu tip adamlar istənilən bir xoş olmayan rəftara görə özlərindən çıxıb, qeyri-adekvat addımlar ata bilər.

Belə tipologiyaya tam uyğun gələn gənclərdən biri də “Quli”nin qatili “Xan” olub. Deyilənə görə, “Quli” son vaxtlar həddindən artıq dozada spirtli içki qəbul edirmiş. Etimal etmək olar ki, “oğru” kefinin yaxşı olduğu vəziyyətdə “Xan”ın xatirinə dəyən hansısa sözü deyib və qatil gənc bunu özünə sığışdıra bilməyib, nəticədə “Quli”ni öldürməklə qisasını almaq fikirinə düşüb.

Bu versiyamı əsaslı və inandırıcı edə biləcək bir hadisəyə diqqətinizi yönəltmək istəyirəm. Başqa bir “qanuni oğrunun” başına gələn bənzər hadisə Bakıdakı “zon”lardan birində yaşanıb. 2008-ci ildə “Yunus Bakinski” ləqəbli “oğru”ya da sui-qəsd olub.

Həmin ilin oktyabr ayının 15-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 1 saylı “zon”unda cəza çəkən 1982-ci il təvəllüdlü Vəfadar Mirzəyev yatan Yunus Nəzərova balta ilə zərbə endirib. Bu şəxs də “oğru”nun yaxınına buraxdığı ən etibarlı adamı olub. Sırf təsadüf nəticəsində “Yunus Bakinski” sağ qalıb.

Vəfadar Mirzəyev bu addımı Yunusun bir neçə dəfə onu təhqir etdiyinə görə atdığını bildirmişdi. Hadisələr arasındakı sinxronluğa fikir verin. Hər iki situasiyada sui-qəsd olunan adam “oğru”dur. Bunu edənlər isə avtoritetlərin ən yaxınlarına buraxdıqları gənclərdi. Hər iki “oğru”ya sui-qəsd edilən an həmin gənclərin 26 yaşı olub. Məncə, bu versiya ətrafında da düşünmək üçün ciddi əsaslar mövcuddur.

Məhəmmədəli QƏRİBLİ

araz.az xəbər portalı.