siyavus sebinejpg 1598123002Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini, Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri Siyavuş Novruzovun karantin qaydalarını pozaraq AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi faktına Milli Məclisdə baxılacaq.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP-çı Musa Quliyev Real TV-nin efirində deyib.

O təəssüflə bildirib ki, S.Novruzov karantin qaydalarına ziddi olaraq toyda iştirak edib: “Təəssüf  ki, Siyavuş müəllim belə bir səhv edib. Bu gün partiya da (YAP-ı nəzərdə tutur – Mia.az) kifayət qədər sərt mövqeyini bildiridi. Ancaq sözsüz ki, buna Mili Məclisin münasibəti də olacaq”.

Aparıcının “Bu məsələ Milli Məclisin İntizam Komissiyasında müzakirə olunacaq?” sualına komitə sədri təsdiq cavabı verib və əlavə edib ki, ona qədər Siyavuş Novruzovun mətbuata üzrxalıq edəcək açıqlaması məsələyə təsir edə bilər: “Hər halda məsələ Milli Məclisdə müzakirə olunacaq…”.

Xatırladaq ki, bu gün YAP S.Novruzova məlum toyda iştirak etməsinə görə töhmət verib.

O isə qərara belə reaksiya verib: “Mən heç bir saytla danışmıram, töhmət almağımla bağlı xəbər yayılıb, qoy yayılsın, burda nə var ki?! Bu barədə danışmaq istəmirəm. Yaxşı, yaxşı, sağ olun”.

Bundan sonra isə cəmiyyətdə ona qarşı tənqidlər daha da artıb. Artıq iqtidara yaxın dairələrdə onun mandatının geri alınması üçün kifayət qədər əsas olduğunu da dilə gətirməyə başlayıblar.

Yeri gəlmişkən, həmin toyda S.Novruzovun həyat yoldaşı olan Ombudsman Səbinə Əliyeva da iştirak edib.

Mia.az

araz.az xəbər portalı.