18-22 fevral tarixlərində Dubayda 23-cü “Gulfood-2018” beynəlxalq sərgisi keçirilir.
Araz.Az xəbər verir ki, bu il dünyada qida sənayesi və içki istehsalı üzrə ən böyük və nüfuzlu sərgidə Azərbaycanın “Azmeat Production” şirkəti də iştirak edir.
Azmeat şirkətinin əsas fəaliyyət istiqaməti bütün gigiyenik standartlara cavab verən halal ət məhsullarının istehsalıdır. Bu məhsullara isə müsəlman ölkələri, xüsusilə də Yaxın Şərq ölkələrində böyük tələbat var.
“Şirkətimiz halal ət məhsullarının istehsalı ilə məşğuldur və artıq bu gün ət məmulatlarını İrana ixrac edirik, bunun üçün İran Baytarlıq Təşkilatı tərəfindən müvafiq lisenziya almışıq.
Gulfood-2018 sərgisində “Azmeat” ziyarətçilərə məhsulları haqqında kataloqlarla tanış olmağı təklif edir. Məqsədimiz “Made in Azerbaijan” brendi altında Birləşmiş Ərəb Əmirlikləri və digər ərəb ölkələrinə ət məhsullarını ixrac etməkdir.
Bu məqsədlə “Azmeat” sərgi çərçivəsində BƏƏ-nin Standartlaşdırma və Metrologiya Xidməti və Ətraf Mühit Nazirliyi ilə görüşlər keçirir. Biz, BƏƏ bazarına ət məhsullarının ixracına dair lisenziya almağı nəzərdə tuturuq”, – deyə, şirkətdən bildiriblər.
Qeyd edək ki, illik “Gulfood” sərgisi dünyada, o cümlədən Fars körfəzi və Yaxın Şərq regionda ən böyük ixtisaslaşmış sərgidir. “Gulfood”a xüsusilə də region ölkələri arasında böyük maraq var, çünki körfəz ölkələrində qida məhsullarının 95%-dən çoxu idxal olunur və bu, sərgini mühüm tədbirə çevirir.
Hər il sərgidə dünyanın 120 ölkəsindən 5000-dən artıq şirkət və 170 ölkədən 95000-dən artıq ziyarətçi iştirak edir.
50-dən çox ölkədən halal məhsul istehsalı üzrə ixtisaslaşmış şirkətlərin yüzlərlə mütəxəssisi sərgi içində ən böyük sərgi – “Halal World Food”da – dünyada ən böyük halal məhsul sərgisində iştirak edirlər.
araz.az xəbər portalı.