SergeyLavrov2Tofiq Abbasov: “Rəsmi Moskva Qarabağ münaqişəsinin həlli ilə bağlı mexanizmləri işlək vəziyyətə gətirib çıxarmağa məcburdur. Belə olmasa Azərbaycan Rusiyadan uzaqlaşacaq

Rusiya ATƏT-in Minsk Qrupundakı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların tezliklə bərpa olunması üzərində işləyir. Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Qeyd edib ki, atəşkəs haqqında 1994-cü il Sazişinin ikinci daha irimiqyaslı pozuntusu olub.

Nazir son 26 ildə ilk dəfə artilleriya, qumbaraatanlar və hücum dronlarının istifadə olunduğu yüksək intensivli toqquşmaların Qarabağda təmas xəttində deyil, birbaşa Azərbaycan və Ermənistanın dövlət sərhədindəki məntəqədə baş verməsinə diqqət çəkib: “Coğrafi amil də bir növ tətikləyici rol oynadı: Ermənistan tərəfi Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhədyanı Nəzarət Keçid Məntəqəsini yenidən bərpa etmək qərarına gəldi”.

“Rusiya XİN münaqişənin həlli üçün fəal vasitəçilik səyləri göstərib. ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bütün bu müddət ərzində hər iki ölkənin xarici siyasət qurumlarının rəhbərləri ilə birbaşa əlaqədə olub. Nəticədə, Rusiyanın fəal vasitəçiliyi ilə, ilk cəhddən olmasa da, iyulun 16-da atəşkəs əldə edilib”, – deyə nazir vurğulayıb.

Lavrovun açıqlamasından məlum olur ki, Kreml yenidən Qarabağla bağlı sülh danışıqlarını bərpa etmək istiqamətində hərəkətə keçib. Təsadüfi deyil ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rəsmi Moskvanın dəvəti ilə Rusiyaya rəsmi səfər edəcək. Səfərin avqustun 26-da baş tutacağı bildirilib. Səfərdə məqsəd yeni nazir təyin edilən Bayramovla tanışlıq və dövlətlərarası münasibətlərin müzakirəsidir. Gözlənilir ki, C.Bayramov Kremldən Qarabağla bağlı ciddi mövqe istəyəcək.

Tovuz döyüşləri ərəfəsində Rusiyanın işğalçı Ermənistana külli miqdarda silah-sursat göndərməsi, Prezident İlham Əliyevin Rusiya Prezidentinə zəng edərək bununla bağlı kəskin iradını bildirməsi, Azərbaycan tərəfindən ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi barədə mesajları, görünür, Kremli hərəkətə gətirib. Analitiklər hesab edirlər ki, Rusiya Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliklər etməyə məcburdur.

Lavrovun Qarabağ danışıqlarının bərpası ilə bağlı açıqlamasını, nazirin Moskva səfəri və Rusiya-Azərbaycan münasibətlərinin bundan sonrakı durumunu AYNA-ya şərh edən politoloq Tofiq Abbasov maraqlı məqamlara toxunub. Analitikin qənaətincə, əsas transformasiya ondan ibarətdir ki, Tovuz hadisələrindən sonra bölgədə vəziyyət dəyişib.

Tofiq Abbasov: Azərbaycan hər zaman işlək mexanizmləri ortaya ...

Onun sözlərinə görə, dəyişikliyin hərbi komponenti öz yerində, amma siyasi cəhətdən də Azərbaycanın güclənməsi faktdır və heç kəsdə şübhə doğurmur: “Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr Azərbaycana böyük dəstək göstərdi. Münaqişəli vəziyyətlərdə siyasi dəstəyin aşırı olması mümkün deyil. Dəstək nə qədər çox olarsa, prosesləri daha da gücləndirir. Biz bu dəstəyi gördük. Digər tərəfdən, Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə zəng etməsi və ona ittiham formasında iradını bildirməsi də önəmli faktdır. Ölkə başçısı Putinə dedi ki, Kreml ilk növbədə vasitəçi kimi missiyasına uyğun olmayaraq prinsipləri pozub. Həmçinin, Moskva işğalçı dövlətə hərbi kömək göstərərək vəziyyəti daha da gərginləşdirdi. Bu, sözün əsl mənasında açıq-aşkar ittiham idi. Rusiya anladı ki, böyük səhvə yol verib”.

“İndi Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Moskvaya dəvət olunub. Bayramovun bu səfəri öncə tanışlıq xarakteri daşısa da, çox güman ki, Rusiya XİN başçısı Sergey Lavrovla görüşdə Tovuz döyüşləri zamanı Rusiyanın tutduğu mövqe də müzakirəyə çıxarılacaq. Çox ciddi danışıqların olacağı bəllidir. Rusiya indiyə qədər Lavrovun dili ilə bəyan edirdi ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı mərhələli plan masa üzərindədir. Qeyd olunurdu ki, Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan da bu planla razıdır. Amma görünən o oldu ki, ortada belə bir razılıq yoxdur”, – deyə Abbasov qeyd edib.

Politoloq bildirib ki, Tovuz döyüşləri ilə işğalçı Ermənistan Rusiyanın istəklərinə qarşı getmiş oldu: “Hesab edirəm ki, Rusiya öz siyasətinə yenidən baxmalıdır, Qarabağ məsələsi ilə bağlı rolunu dəyişməlidir, Moskva addımlarında korrektələr etməlidir. Bu gün Rusiyanın Azərbaycan qarşısında gözü kölgəlidir. Rusiya postsovet məkanında, Avrasiya coğrafiyasında aparıcı rol oynamasından istifadə etməməlidir. Kreml Azərbaycanı itirməmək üçün hərəkətlərinə fikir verməlidir, siyasi addımlarını sağlam məcraya yönəltməlidir. Və Moskva Qarabağla bağlı mərhələli həll planını işlək vəziyyətə gətirməlidir”.

T.Abbasov Qarabağla bağlı sülh danışıqlarında hərəkətliliyin gözlənildiyini söyləyib: “Həmsədrlərdən ABŞ praqmatik siyasət yürüdür. Fransa da məlumdur ki, dağıdıcı rol oynayır. Rusiyanın da qeyri-sağlam münasibətinin şahidi olduq. Rusiya postsovet məkanında, xüsusən də Belarusda gedən proseslər çərçivəsində, öz siyasətində dəyişiklik etməlidir. Rəsmi Moskva Qarabağ münaqişəsinin həlli ilə bağlı mexanizmləri işlək vəziyyətə gətirib çıxarmağa məcburdur. Belə olmasa, Azərbaycan Rusiyadan uzaqlaşacaq. Bunun üçün Azərbaycanın imkanları var. Rusiya düşmənçilik mövqeyini davam etdirsə, Azərbaycanın adekvat cavab vermək hüququ da var, gücü də var”.

Analitik xatırladıb ki, indiyə qədər Azərbaycan Prezidentinin Rusiya Prezidentinə etiraz formasında, irad formasında telefon zəngi olmamışdı: “Azərbaycan lideri faktiki olaraq Rusiya rəhbərliyinə bildirdi ki, bizə yuxarıdan aşağı baxa bilməzlər. Əgər biz dövlətlərarası münasibətlərdən danışırıqsa, deməli bərabərhüquqlu münasibətlərə yön almalıyıq. Bizim haqqımız var və heç kəsə imkan verməyəcəyik ki, haqqımız tapdansın. Əliyevin Putinə telefon zənginin məğzi bundan ibarət idi”.

“Onu deyim ki, Rusiyanın siyasi dairələri, hərbi dairələri bir neçə il əvvəl müstəqil dövlətləri subyekt olaraq qəbul etmirdilər. Rusiyada post-imperiya sindromu var idi. Moskvanın məmur zümrəsi müstəqil dövlətlərin inkişafını heç cür həzm edə bilmirdi. Amma indi o dövr deyil, o düşüncə geridə qaldı. Azərbaycan da artıq 20 il əvvəlki Azərbaycan deyil. Bu gün Rusiya da gücdən düşmüş durumdadır. Post-sovet məkanında öz müttəfiqlərini itirib. Gürcüstanı, Ukraynanı itirdi, Belarusu da itirmək ərəfəsindədirlər. Moskva müttəfiq dövlətləri itirdiyini anlayır. Ona görə də, indi Kreml başbilənləri düşünməli və sağlam qərara gəlməlidirlər. Hesab edirəm ki, Rusiyanın ağıllı dairələri Azərbaycanla münasibətlərin yaxşı olmasının vacibliyini anlayacaqlar və siyasətlərində dönüş yaradacaqlar”, – deyə müsahibimiz vurğulayıb.

Müəllif: Anar Bayramoğlu

araz.az xəbər portalı.