“Toy qalmaqalı” videosunun yayılması təsadüfi deyildi. Bununla “köhnə qvardiya” sona qədər döyüşəcəyini nümayiş etdirdi. Abel Məhərrəmov kimi qorxaq bir adam cəsarətə gəlibsə və Birinciyə yox, “Azərbaycanın Rişelyesi”nə az qala açıq mətnlə “bu ölkəni siz qurmusunuz, biz xırda adamıq, sizə borcluyuq” deyirsə, buradan çıxan bir nəticə var – onu inandırıblar ki, qorxmasın, ciddi proseslər gedir və revanş günü yaxındadır.
Baş verənləri “ədalətin təntənəsi” və yaxud “ikinci hakim ailə”nin qəti qələbəsi kimi dəyərləndirmirəm. Görüntülərin yayılmasında “köhnələr” özləri də maraqlı ola bilərdi. Bu, belədirsə, nə anlama gəlir?
İstisna etmirəm ki, köhnə klan özünə yeni və gizli bir lider seçib. Klanın indiki rəhbəri və ağsaqqalı isə “xaç atası” rolunda qalmağa razı olub və “yeni liderin” xeyir-duasını verib. Yeni klan lideri “köhnələr”in resursu ilə qısa bir zamanda reklam oluna bilər. Bu şəxs kimdir?
Bu suala cavabı az adam bilir. Rəsul Quliyev də həmin şəxsə siyasi və maddi dəstək verə bilər. Londonda yaşayan şəxsin də dəstəyi təmin edilə bilər. Yeni varis Əli İnsanov və Ramiz Ənvəroğlunun barışmasını istəyə, hər kəsi bir nöqtəyə vurmağa dəvət edə bilər. Bir sözlə, son zamanlar aparılan siyasətin durdurulmasına start verilə bilər. Ramiz Mehdiyevə hücumu bəzi naxçıvanlı və ermənistanlı ictimai fəal və deputatlar da edirsə, məqsəd aydındır, məhz onlar bu məsələni gündəm elədilər və bunun sifariş ilə həyata keçirildiyi ehtimalı böyükdür ( səmimi insanları nəzərdə tutmuram).
Az qala əl-üz yumağa gedəndə də icazə alan deputatların özbaşına “ədalət carçısı” ola biləcəyi ehtimalı yoxdur! Lakin “toy qalmaqalı” sıradan hadisə deyil. Rüşvətə bulaşmayan (lakin yuxarıya haqq ödənişi ölkədə hələ də davam edir) yeni komandanın hakimiyyət dəhlizinə gəlişi köhnələrin biznes maraqlarını (köhnələr ölkəyə obyekt kimi baxır) darmadağın edir. “Biznes, ancaq biznes, heç bir şəxsi məsələ yoxdur” deyən “köhnə qvardiya” isə yenilərə güc nümayiş etdirir. Heç nə spontan deyil və öncədən düşünülüb.
Siyavuş Novruzov kimi biri “cəsarətlə” özü və ombudsman olan xanımı (bu hadisədən sonra ombudsman istefaya getməlidir) ilə toya gedir və “əcəb eləmişəm”, “satqın deyiləm, şərəfim var” deyib “xaç atası”na sadiqlik nümayiş etdirirsə, deməli, proses davam edəcək və yaxın vaxtlarda bir çoxları, o cümlədən Allahşükür Paşazadə də mövqeyində dəyişiklik edə bilər.
Bir sözlə, vəziyyət mürəkkəbləşməyə doğru sürət alıb. Birincinin sərt qərar verməsi (onun icazəsi olmadan TV-lər “cəsarətlənə” bilməzdi) onu deməyə əsas verir ki, ölkə rəhbəri ona qarşı olunan sayğısızlıq və xəyanəti bağışlamır və sərt addımlar atmaq niyyətindədir ( “özü yaxşıdır, ətrafı pisdir” yazmıram, diqqətlə oxuyun).
Lakin Birinci şəxs klandan tam ayrılmaq istəmir. “Rişelye” “2003 – cü il seçkiləri” ilə bağlı hansısa sənədləri çıxarda bilər (bunun artıq heç bir önəmi yoxdur) və yaxud ölkədə ciddi təlatümlərə səbəb ola biləcək addımlar ata bilər. Bir sözlə, vəziyyət ağırlaşır. Heç bir lider yaranmış vəziyyətdə söz sahibi ola bilmir. Belə situasiyada hər kəs özü liderə çevrilə bilər. Qarşıdan ağır payız gəlir. Birinci üçün ona dönük çıxanları dərhal əzmək də risklidir, “Qarabağ savaşı”na başlamaq da.
Uzun müddət karantini sərtləşdirmək də imkansızdır. Vəziyyətdən çıxış yolları mövcuddur və bunlar sosial şəbəkədə müzakirə edilmir.
Ramiz Mehdiyevin TŞ üzvülüyündən və AMEA-dan çlxarılacağı ehtimalı böyükdür və o, tam gizli fəaliyyətə keçəcək. Lakin onun istefaya getməsi sondurmu? Və akademik bunu niyə hesablaya bilmədi? Suallar qalır…
Azər Rəşidoğlu
araz.az xəbər portalı.