mzfq9453“Deputat toxunulmazlığı məsuliyyətsizlik anlamına gəlməməlidir. Konstitusiyada (maddə 90) söhbət ancaq məhkəmə qaydasında tətbiq edilən inzibati tənbehdən gedir. Başqa hallarda deputatlar cərimələnə bilərlər. Burada önəmli fərqi anlamaq gərəkdir. Məhkəmə qaydasında tətbiq olunan inzibati tənbeh kontekstində deputatın statusu aktuallaşır, çünki orada prosesual məcburiyyət tədbirləri ola bilər. Məsələn, deputatın məhkəməyə çağırılması. Normalda, məhkəməyə çağırılan hər kəs məhkəməyə getməlidir. Getməyəni məcburən gətirirlər. Ayrıca, məhkəmədə ifadə vermək məsələsi ortaya çıxır. Heç bir qurumun və ya vəzifəli şəxsin deputatı harayasa çağırmaq, gətizdirmək, ondan ifadə almaq səlahiyyəti yoxdur. Bu, toxunulmazlıq məsələsidir. Ona görə də öncə parlamentdə həll olunmalıdır”.

araz.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

“Deputat şəxsi avtomobilində yol hərəkət qaydasını pozur, buna görə onun telefonuna sms gəlir (elektron protokol, cərimə və s.). Burada deputatın nəyinə toxunulur? Şəxsiyyətinə? Yox. Mülkiyyətinə? Yox. Səlahiyyətinə müdaxilə olunur? Yox. Burada onun vaxtını belə almırlar. Deputat cəriməni elə telefondan da ödəyə bilər. Eləcə də epidemiya əleyhinə və/və ya sanitariya-gigiyena rejimlərinin pozulmasına görə cərimələr kontekstində – deputatın burada toxunulmazlığı aktuallaşmır. Münasibətlərin çoxunda deputat toxunulmazlığının heç bir önəmi yoxdur” – E.Qədirli qeyd edib.

 

 

 

 

araz.az

araz.az xəbər portalı.