fdsa345342Sabah Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Bakıya işgüzar səfərə gələcək. Səfər Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə baş tutub. Rəsmi açıqlamada səfərlə bağlı başqa məlumatlar verilməyib.

Bu səfər regionda mühüm siyasi proseslərin cərəyan etdiyi dövrə təsadüf edir. Ermənistanla növbəti hərbi qarşıdurma və Rusiyanın bu ölkəyə açıq-aşkar hərbi yardım göstərməsinin yaratdığı əhval-ruhiyyə aradan qalxmayıb. Prezident İlham Əliyev bu barədə rusiyalı həmkarından izahat istəsə də, Kremlin mövqeyinin nədən ibarət olması məlum deyil. Amma hadisələrin gedişatı göstərir ki, Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir. Ermənistana açıq hərbi yardım göstərməsinə baxmayaraq, Rusiya hərbi gəmiləri heyətinin Bakıda duz-çörəklə, gül-çiçəklə qarşılanması, Azərbaycan hərbçilərinin bir qrupunun hazırda Moskvada hərbi oyunlarda iştirak etməsi bundan xəbər verir.

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri, türk hərbçilərindən nazir, Baş qərargah rəisi də daxil olmaqla, yüksək rütbəli heyətin Bakıya səfəri, burada verilən dəstək bəyanatları, perspektivdə əməkdaşlığın genişləndirilməsi barədə açıqlamalar da şübhəsiz Rusiyanı narahat edir.

Politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri bir neçə məsələ ilə bağıldır. Politoloq hesab edir ki, Türkiyə-Azərbaycan danışıqları Moskvanı narahat edir. Çünki tərəflər arasında Türkiyə hərbi bazalarının burada yerləşdirilməsi ciddi müzakirə olunur. E. Şahinoğlunun sözlərinə görə, bu müzakirələr Rusiyanı narahat edən əsas məsələlərdən biridir: “Üstəlik, Prezident İlham Əliyev Türkiyənin Müdafiə naziri Hulusi Akarla görüşdə dedi ki, Azərbaycan bundan sonra da Türkiyədən hərbi texnika alacaq. Məlumdur ki, son illərdə Türkiyənin hərbi sənaye kompleksi sürətlə inkişaf edir və Azərbaycan orada istehsal olunan məhsullara maraq göstərir. Yəqin ki, Şoyqu səfəri zamanı bu məsələlərlə bağlı da aydınlaşma əldə etməyə çalışacaq”.

Politoloq hesab edir ki, Xəzərdə Rusiya ilə birgə keçirilən hərbi oyunlar Azərbaycanın maraqlarına cavab vermir: 

“Bu ərəfədə Rusiya hərbi gəmilərinin Bakı limanında lövbər salması da doğru deyildi. Çünki bir tərəfdən dövlət başçısı İlham Əliyev Vladimir Putinlə telefon danışığında bildirir ki, döyüşlərin getdiyi vaxt Rusiya Ermənistana tonlarla silah, texnika daşıyıb. Hətta telefon danışıqlarından sonra da bu proses davam edib. Bu hadisələrin fonunda Rusiya ilə birgə oyunlarda iştirak etmək, gəmilərini gül-çiçəklə qarşılamaq yanlış idi. Biz indi bütün bu məsələləri Şoyqunun qarşısında qaldırmalyıq: nədən Ermənistana bu həddə silah-texnika göndərirlər. Axı, bu, Rusiyanın vasitəçi kimi tərəfsizliyinə kölgə salır. Biz özümüzü elə göstərməməliyik ki, zəif tərəf bizik. Türkiyə ilə hərbi əlaqələrimizi yüksəltməyimizin səbəbi də odur ki, Ermənistanla qarşıdurmada qardaş ölkədən güclü şəkildə dəstəklənəcəyik”.

azpolitika.info

araz.az xəbər portalı.