Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra, 1992-ci ildən ölkədə futbol çempionatı keçirilir. Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir.
2009-cu ilə qədər Azərbaycan Premyer Liqasının sponsoru olmayıb. 2009-cu ilin sentyabrında “Unibank” və Peşəkar Futbol Liqası arasında sponsor müqaviləsi imzalanıb və ölkə çempionatına ilk dəfə kommersiya strukturu tərəfindən sponsorluq edilib. Bu əməkdaşlıq 3 il davam edib.
2012-ci ildən bu günə kimi isə Azərbaycan Premyer Liqasına “Topaz” bukmeker şirkəti sponsorluq edir.
Təbii ki, sponsor mərc oyunları şirkəti olanda biraz düşünməli olursan. Niyə? Çünki istənilən vəziyyətdə bukmeker kontorunun sponsoru olduğu çempionatda hansısa “oyunların döndüyü”ndün şüphələnməmək mümkün deyil.
“Topaz” Premyer Liqaya sponsorluq edə bilməz! – Qanusuzluq faktlarla
Araşdırma zamanı məlum olmuşdu ki, “Azərinteltek” QSC ƏDV (əlavə dəyər vergisi) ödəyicisi kimi qeydiyyatda deyil. Müəyyən müddət keçəndən sonra, yəni 2012-ci ilin dekabr ayında Milli Məclis vergi məcəlləsinə dəyişiklik edərək idman-mərc oyunlarını maliyyə fəaliyyəti xidməti dairəsinə salaraq “Topaz”ı 18%-lik “bəla”dan xilas elədi.
Özünü tərifləmək olmasın, həmin yazı “Azərinteltek”in kürkünə birə salmışdı, “qaşınırdı”. Deputatlar sağ olsun, “Azərinteltek”i yaxşı “qaşıdılar”.
Deputatlar “Azərinteltek”i necə “qaşıdı”?
Həmin yazıdan sonra qanunvericilikdə başqa bir dəyişiklik də edilmişdi: hər hansı bir müəssisənin təsisçiləri və nizamnamə kapitalı haqqında məlumat kommersiya sirri sayıldı. Yaxşı ki, həmin vaxtı “Azərinteltek”in təsisçiləri və nizamnamə kapitalı haqqında məlumatı əldə etmişdim, yoxsa bu yazını yazmaqda çox əziyyət çəkəcəkdim. Atalar belə yerdə “saxla samanı, gələr zamanı” deyib.
Keçək yazının əsas məqsədinə. Türkiyə prezidenti kimi iddia edib, özümdən Amerika kəşf etmirəm: idman-mərc oyunlarının “çirkli pullar”ın yuyulması üçün kollektor rolunu oynaması danılmaz faktdı.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 7-ci maddəsi yada düşür
Azərbaycanda futbol üzrə milli çempionatın sponsoru “Topaz”dı. Yəni “Topaz” markasının sahibi “Azərinteltek” QSC-di. Sponsorluq kənardan çox normal görsənə bilərdi. “Azərinteltek” QSC-nin təsisçilərini tanımasaydıq. “Təkrar biliyin anasıdı” prinsipinə sadiq qalaraq səhmdar cəmiyyətin təsisçilərinin siyahısını bir daha təqdim edirəm: “Baltech İnvestment” Məhdud Məsuliyyətli Cəmiyyəti, “İdeal Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti və Türkiyə Respublikasında qeydiyyatdan keçmiş İnteltek İnternet Teknoloji Yatırım və Danışmanlık Ticaret A.Ş. Şirkəti.
“Azərİnteltek”in təşkilati-hüquqi forması qapalı səhdar cəmiyyət olduğu üçün məcburən müşahidə şurası yaratmalı idilər. “Azərİnteltek”də qanunun bu tələbinə hörmətlə yanaşaraq Məmmədov Kənan Hafiz oğlunu səhmdar cəmiyyətinin müşahidə şurasının sədri “seçiblər”. Burda mütləq qeyd eləməyi özümə borc bilirəm ki, Kənan Məmmədov “Bakı” futbol klubunun prezidenti, AFFA İcrayyə Komitəsinin üzvü Hafiz Məmmədovun oğludu
Məhz bu hissədə “Topaz”ın Premyer Liqaya sponsorluq etməsi “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsini yada salır (bildirirəm ki, ixtisasca hüquqşunasam və Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüyəm.
Bu səbəbdən qanunlara xüsusi marağım var). Həmin maddədə göstərilir ki, yaxın qohumların birgə işləməsinə yol verilmir. Haqlı olaraq sual verə bilərsiz ki, “Azərinteltek” QSC kommersiya qurumudu və “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun bura nə aidiyyatı ola bilər?
Qeyd etməyi özümə borc bilirəm ki, həmin qanunun 2.1.7-ci maddəsində göstərilir ki, yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər korrupsiya ilə əlaqədar hüquq pozmaların subyektləridi.
Qanunun bu maddələriylə vaxtınızı çox almayım. Qeyd etdiyim kimi, “Topaz” markası Azərbaycan Premyer Liqasının sponsorudu. Premyer Liqada çıxış edən “Bakı” futbol klubunun prezidenti və AFFA İcrayyə Komitəsinin üzvü Hafiz Məmmədovun oğlu Kənan Məmmədov “Topaz” markasının sahibi “Azərinteltek” QSC-nin müşahidə şurasının sədridi. Bunu qeyd etməkdə məqsədim oxuculara durumu tam çılpaqlığı ilə izah etməkdi. Nəticə çıxarmağı da sizin öhdənizə buraxmıram.
AFFA UEFA-nı da saymadı…
Çünki… Zaman-zaman Premyer Liqada oyunların alınıb-satılması haqqında mətbuatda informasiyalar gedib. Bu informasiyaların nə qədər doğru olub-olmadığını araşdırmaq bizim yox, hüquq-mühafizə orqanlarının işidi. Amma və ancaq bu günə kimi bu cür informasiyaların yoxlanılması baş verməyib.
Baxmayaraq ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 46-cı maddəsində cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri sırasında kütləvi informasiya vasitəsinin məlumatları da daxildi. Dəfələrlə bu cür informasiyalardan sonra AFFA rəhbərliyinə ünvanlanmış suallara ümumi şəkildə “araşdıracağıq”, “məlumat verəcəyik” cavabları verilib.
Hətta iş o yerə çatdı ki, AFFA UEFA-nın da tələbini nəzərə almadı. Belə ki, UEFA Azərbaycan Premyer Liqasında keçirilmiş bir sıra oyunların nəticələrinin şübhəli olduğunu əsas gətirərək, məsələnin araşdırılmasını tələb etmişdi.
Şübhəli oyunlardan 3-ü isə “Azərinteltek” QSC-nin müşahidə şurasının sədri Kənan Məmmədovun atası Hafiz Məmmədovun prezidenti olduğu “Bakı”nın öz meydanında keçirdiyi və məğlub olduğu qarşılaşmalar idi. Həmin qarşılaşmaların hər üçündə “Bakı” öz qapısından üç top buraxaraq məğlub olmuşdu. O cümlədən zəif “Kəpəz”lə oyunda da. Bu da haqlı olaraq Premyer Liqanın keçirilməsində korrupsiya hallarının olmasına şübhələr yaradır!
Bu araşdırmanı hələ ki, burda saxlayaq. Həm oxucunu yormayım, həm də ilin axırıdı, 2012-ci ildə olduğu kimi, deputatlarımızı yenə qanunvericiliyə dəyişiklik etmək məcburiyyətində qoymayım.
“Hafka”nın oğlunun QSC-sində milyonlarla bağlı ilginc iddialar
Bir müddət əvvəl ölkənin bukmeker kontoru – “Topaz”ın futbol üzrə Azərbaycan Premyer Liqasına sponsorluq etməsinin qanunsuz olduğuna dair iddialar ortaya atılmışdı. Bu dəfə isə “Topaz”ın sahibi “Azərinteltek” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) çempionata “sponsorluğundan” əldə etdiyi milyonlarla bağlı ilginc iddialar səsləndirilib.
İddiaların müəllifi isə yenə hüquqşünas Mehman Muradlıdır. O bildirib ki, “Topaz” məlum “sponsorluğun” ilk ilində 700-800 min manat məbləğində vəsaitin havaya üfürlməsinə nail olub. “Bu rəqəmi “qumarxana” özü açıqlayıb” deyən hüquqşünas daha sonra bunları əlavə edib: “”Topaz”ın çempionat oyunlarının yayımı üçün ödədiyi məbləği hesablamamışdan əvvəl respublikada kütləvi baxılan verilişlərin qiymətinə ekskurs edək.
Ölkədə baxılan ən kütləvi verilişlər prezident seçkiləri vaxtı namizədlərin televiziya çıxışları olur. Həmin çıxışların qiyməti isə hər 3 saat üçün 10 000 manatdan yuxarı olmur.
Bu mövsümə qədər milli çempionatda 10 komanda çıxış edirdi. Hər tur 5 qarşılaşma olurdu ki, bunlardan da ən çox 3-ü televiziyada göstərilirdi. Tur olurdu ki, ümumiyyətlə heç bir oyun göstərilmirdi. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin xatirinə hesab edək ki, mövsüm ərzində 90 oyun göstərilib. 90 oyunun televiziya yayımına da xərclənsin 180 min manat.
Xərclər qrafasına çempionatın təşkili üçün hakimlərə, hakim-inspektorlara ödənilən qonorar da deyək ki, olsun 200 min manat. Nə qədər alındı? Oyunların yayımı üçün televiziyaya ödənilən rüşvətlə birgə oldu 380 min manat.
Gələk PFL-in kobud desək, saxlanılmasına. Acınacaqlı olsa da, qeyd etməliyik ki, PFL xərclərlə bağlı hesabat vermək istəmir.
Baxmayaraq ki, qeyri-hökumət təşkilatı olan PFL buna borcludu. Hesabatın verilməməsinin yeganə səbəbi isə PFL-ə daxil olan məbləğin bölüşdürülməsidi. Nəzərə alsaq ki, PFL-də 18 işçi var (nəsə bu 18 rəqəmində bir mistika var) və onların orta əməkhaqqını aylıq maksimum 700 manatdan hesablasaq, bu da il ərzində 108 min manatdan çox olmayacaq.
Yüngülvari hesablamaya görə, çempionatın təşkilinə il ərzində 500 min manata yaxın pul xərclənir. Baxmayaraq ki, “Topaz” ilk dəfə 700 min, daha sonra 800 min, bu il isə 1 200 000 manat pul “xərcləyib”.
Bu rəqəmi PFL-in prezidenti Ramin Musayev özü açıqlayıb, müsahibələrinin birində deyib . Elə həmin müsahibədə Ramin müəllim PFL-in büdcəsinə gələn digər daxilolmalardan da danışıb. O daxilolmalar legioner oyunçular üçün ödənilən rüsumlar və cərimələrdən əldə edilir.
Yüngülvari hesablamalara görə, bu yolla da PFL-in büdcəsinə il ərzində təxminən 1 milyon manata yaxın vəsait daxil olur. Təkcə elə bu vəsait çempionatın keçirilməsinə geninə-boluna bəs edir. Məntiqi olaraq ortaya sual çıxır:
Onda “Topaz”ın “ödədiyi” vəsait hara xərclənir?
Burda iki ehtimal var. Birinci ehtimal ondan ibarətdi ki, “Topaz” gözə kül üfürməklə məşğuldu və çempionata sponsorluq eləmir. İkinci ehtimal isə daha maraqlı və ağlabatandı: “Azərinteltek” QSC PFL vasitəsiylə pulu nağdlaşdırır. Vergi cinayətkarları buna “obnaliçka” deyir.
İqtisadiyyatın qara sahəsindən xəbəri olanlar bunun nə olduğunu gözəl bilir. Faktiki olaraq “Topaz”ın Premyer Liqaya sponsorluq üçün ödədiyi vəsait nağd şəkildə “Azərinteltek”ə qaytarılır. Əlbəttə ki, müəyyən faizi PFL rəhbərliyinə çatmaq şərtiylə”.
Hüquqşünas bu yöndə araşdırmalarını davam etdirib yeni iddialar ortaya atacağının da anonsunu verib.
Onu da qeyd edək ki, “adıçəkilən QSC-nin Müşahidə Şurasının sədri “Bakı” futbol klubunun prezidenti, AFFA İcrayyə Komitəsinin üzvü, qalmaqallı iş adamı, “Baghlan Group” şirkətlər qrupunun rəhbəri, “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədovun oğlu Kənan Məmmədovdur.
Cavid Qurbanov “TOPAZ”ın sahibinə çevrildi
Türkiyənin “Turkcell” şirkəti, “TOPAZ” brendinin sahibi, Azərbaycanın “Azerinteltek” şirkətindəki payını “Baltech Investment” MMC şirkətinə satıb. Satınalma yekunlaşdıqdan sonra “Baltech İnvestment”nin “Azerinteltek” şirkətindəki payı 24,5%-dən 75,5%-ə yüksələcəkdir.
“Marja” xəbər verir ki, “Turkcell” şikəti “İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ”nin (İnteltek) kapitalının 55%-nə sahibdir. “İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ” isə Azərbaycanda fəaliyyət göstərən “Azerinteltek” şirkətinin 51%-nə sahib idi.
“Şirkətimizin (Turkcell-in) 55%-nə ortaq olduğu “İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ”nin, “Azerinteltek”də sahib olduğu 51% və ya 51.000 AZN nominal dəyərində payının hamısının, “Azerinteltek”in 24,5 faiz ilə səhmdarı olan “Baltech Investment”ə 19 milyon 530 min 177 avro müqabilində satışına qərar verilmişdir”, – “Turkcell”dən bildirilib.
Qeyd edək ki, “TOPAZ”ın səhmlərinin 75 faizini Cavid Qurbanovun əldə etdiyinə dair məlumatı Türkiyədəki mənbələr də təsdiqləyib. Mənbənin mətbuta vrdiyi məlumata görə, “TOPAZ”ın 51 faizlik səhminə 19,5 milyon avro (təxminən 38 milyon manat) ödəyən bu şirkətin gerçək sahibi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovdu. Bu isə o deməkdir ki, baş dəmiryolçu “TOPAZ”ın səhmlərinin 75 faizindən də çox hissəsinə sahib çıxmaqla, bir növ Azərbaycanın mərc oyunlarına nəzarəti ələ alıb.
“”Turkcell”in Azərbaycanın idman mərc oyunlarının təşkilindən imtina etməsinin səbəbləri hələ bəlli olmasa da, görünən odur ki, 19,5 milyon avroluq alqı-satqı müqaviləsi şirkətin maraq dairəsində olub. Belə anlaşılır ki, Azərbaycanda mərc oyunlarına nəzarəti ələ almaq istəyən Cavid Qurbanovun “Baltech Investment LLC” vasitəsilə “Turkcell”ə etdiyi təklif qarşı tərəf üçün də cəlbedici olduğundan, öz səhmlərini satmağa razılaşıb. Beləlikə də C.Qurbanov Azərbaycanın “qumar karlı” olmaq iddiasını gerçəkləşdirə bilib” deyə məlumatda bildirilib.
“Azerinteltek” şirkətinin qalan 24,5 faizinin isə “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olduğu bildirilirdi.
Belə ki, Cavid Qurbanov “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun “Azerinteltek” QSC-dəki 24,5 faiz səhmlərinə əl qoyub. İddiaya görə Cavid Qurbanov “Hafka” nın səhmlərini ona məxsus “Baghlan Group” FZCO şirkətinin Azərbaycan Dəmir Yolları QSC-yə olan 42 milyonluq borcunun bir hissəsi ilə əvəzləyib. Hazırda “Azerinteltek” QSC-nin İdarə Heyətində dəyişiklik olduğu və qurumu Cavid Qurbanovun işçilərindən birinin idarə etdiyi bildirilir.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Baghlan Group” FZCO və “Trans Qafqaz Transport” MMC şirkətlərini öhdəliklərinə görə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə vermişdi. Məhkəmə prosesində ADY-nin nümayəndəsi, vəkil İlqar Abbasov çıxış edərək demişdi ki, ““Baghlan Group” rəsmi olaraq “Trans Qafqaz Transport” un təsisçisi olub. Şirkətin rəhbəri Hafiz Məmmədov “Dəmir Yolları İdarəsi” tərəfindən onlara “TQT”yə köçürülən 42 milyon manat pulu “Baghlan Group”un hesabına keçirib və həmin pullar ofşor hesablara çıxarılaraq orada bölüşdürülüb”. Bundan başqa vəkil İlqar Abbasov çıxışında Hafiz Məmmədovun “ADY”nin 47 maşınını Naxçıvana apararaq orada gizlətdiyini bildirmişdi.
“Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun Azərbaycan Dəmir Yolları QSC-yə olan borcunu ödəmək istəmədiyini görən Cavid Qurbanov yerdə qalan səhm paketlərini də borc əvəzi ondan məcburən alıb. Hafiz Məmmədovun Cavid Qurbanovun bu hərəkətindən narazı olmasına baxmayaraq məcburən səssiz qaldığı bildirilir…
51 faizlik səhm üçün 19,5 milyon avro ödəyən “Baltech Investment LLC” əslində ilk olaraq Türkiyədə qurulub. Türkiyənin Kommersiya Qurumlarının Dövlət Reysterində Vüsal Yusif oğlu Aslanovun adı hallanır. Bu şəxs Azərbaycan Respublikası Prezidentinin 20.07.2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sədr müavini vəzifəsinə təyin edilib. Sonradan həmin şirkətin Azərbaycan qolu yaradılıb. Şirkətin məlumatında deyilir ki, “Baltech Grup” fərqli iş sahələrində Türkiyə və Azərbaycanda fəaliyyət göstərən bir şirkətlər toplusudur.
Vüsal Aslanovun Cavid Qurbanovun adamı kimi tanınması “Topaz”ın da məhz baş dəmiryolçuya məxsusluğuna əsas yaradır.
İşin Vüsal Aslanova həvalə edilməsinin başqa səbəbi də var: “Vüsal Aslanov bu işləri daha yaxşı bilir. Vaxtilə “Azərinteltek” QSC-nin İdarə Heyətinin üzvü olub. Ona görə də Cavid Qurbanov onu mərc oyunlarına cavabdeh təyin edib”.
38 yaşlı Vüsal Aslanov 2010-2014 illərdə mərc oyunlarına nəzarət edən “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü kimi fəaliyyət göstərib. Onun hər gün bir neçə dəfə “Azərinteltek” QSC-nin baş ofisinə gələrək, işlərin hansı vəziyyətdə olduğunu yoxladığı deyilir. “Topaz”ın maliyyə məsələlərində Vüsal Aslanovun yardımçısı isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır. Vəsilə Abulovanın həm də “Azərreyl” Voleybol Klubunun baş mühasibi olduğu bildirilir.
Onu da qeyd edək ki, “Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib.
“Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb./azerinfo.az
araz.az xəbər portalı.