Sentyabrın 1-dən Qazaxıstanda qeydiyyatdan keçməmiş Ermənistan dövlət nömrə nişanlı avtomobillər idarə edən sürücülər cərimələnəcək. APA-nın “sputniknews.kz” saytına istinadən verdiyi məlumata görə, sentyabrın 1-də Qazaxıstanda Ermənistan dövlət nömrə nişanlı avtomobillərin qeydiyyatı üçün ayrılan müddət başa çatır.
Qazaxıstan Daxili İşlər Nazirliyinin İnzibati Polis Komitəsinin rəhbəri Murat Baymukaşov deyib ki, hazırda Qazaxıstanda Ermənistan dövlət nömrə nişanlı 11 mindən çox avtomobil qeydiyyatdan keçib, 3 mindən çox Ermənistan dövlət nömrə nişanlı avtomobil isə hələ qeydiyyata alınmayıb. M. Baymukaşov Qazaxıstan dövlət orqanlarının bir neçə amilə görə Ermənistan dövlət nömrə nişanlı avtomobillərə diqqət yönəltdiyini söyləyib. Ötən dövr ərzində Qazaxıstanda baş verən qəzalarda bu avtomobillərin iştirakı çox olub. Təkcə keçən il Ermənistan dövlət nömrə nişanlı avtomobillərin iştirakı ilə 2 mindən çox qəza olub, bunlardan 130-u ölümlə nəticələnib. Həm də Qazaxıstanda Ermənistan dövlət nömrə nişanlı avtomobilləri idarə edən sürücülər qəsdən yol hərəkət qaydalarını pozurlar, çünki videomüşahidə sisteminin həmin avtomobillərin nömrələrini qeydə ala bilmədiyindən xəbərdardırlar.
Sentyabrın 1-nə qədər sürücülər Ermənistan dövlət nömrə nişanlı həmin avtomobilləri xüsusi laboratoriyada yoxlamadan da keçirməlidirlər. Yalnız bundan sonra həmin avtomobillərin Qazaxıstan yolları üçün yararlı olub-olmadığı bəlli olacaq.
Qazaxıstanda Ermənistan dövlət nömrə nişanlı avtomobillərin qeydiyyatına iyunun 1-dən başlanıb.
araz.az
araz.az xəbər portalı.