Azərbaycan Respublikasının Baş prokuroru, eləcə də Rumıniyada, Serbiyada, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışmış Eldar Həsənovun barəsində qaldırılan cinayət işi Baş Prokurorluğa verilib. araz.az xəbər verir ki, həbsdə olan Eldar Həsənovun vəkili Adil İsmayılovun yaydığı sonuncu açıqlama da bu barədədir.
Tanınmış vəkil həmin açıqlamasında bildirib ki, respublikanın Xarici İşlər Nazirliyi əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanan və Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq, istintaqı davam etdirilməsi üçün Baş Prokurorluğa verilib.
Vəkil Adil İsmayılov həmin açıqlamasında müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq, obyektiv və ədalətli qərar qəbul etdikləri üçün, Eldar Həsənovun adından Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığını da ifadə edib. Vəkil açıqlamasında daha sonra xüsusi olaraq onu da vurğulayıb ki, Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir və bu məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına böyük ümid bəsləyir. O, bu barədə vəsatətin təmin edilməsinin müvəkkilinin ümidini artırdığını da açıqlamasına əlavə edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.