117730“Erməni ordusunun Qarabağdakı strateji məntəqələri və s. barədə dürüst kəşfiyyat məlumatları əldə etməmiş hücuma keçmək olmaz…”

Son vaxtlar Azərbaycan xalqının və dövlətinin Qarabağı azad etmək üçün getdikcə alovlanan mübarizə əzmini qırmaq, ölkə əhalisi arasında erməni, yaxud Rusiya xofu yaratmaqdan ötrü düşmən kəşfiyyatları və onlara ciddi dəstək verən yerli “KQB”-“QRU” -korrupsiya şəbəkəsinin agenturası müxtəlif tipli şayiələr, dezinformasiyalar yayır. Məsələn, “ermənilər Ermənistandan və ya Qarabağdan tunel qazıb, bizim filan mövqemizin yanından çıxdılar”, “ “neçə illərdir Gəncənin altına tunel qazıblar”,  “Azərbaycan ordusu dağ şəraitində döyüşə bilməz” və s. və i.a. 
Düşmən təblığatı, dezinformasiya-şayiə sisteminə zərbə vurmaq məqsədi ilə Moderator.az əməkdaşı  1-ci Qarabağ savaşının ilk illərində – nəinki Milli Ordumuzun, ümumiyyətlə, müstəqil dövlətçiliyimizin yenicə formalaşdığı mürəkkəb, ziddiyyətli və  həmdə texniki, maddi təchizat sarıdan çox ağır  bir dövrdə Müdafiə Nazirliyində nazir və nazir müavini kimi rəhbər vəzifələrdə çalışmış istefada olan general-mayor Tacəddin Mehdiyevdən geniş müsahibə götürüb.
-Tacəddin müəllim, Tovuz döyüşlərindən sonra Azərbaycan xalqı və dövlətinin daha böyük əzmlə işğal altındakı torpaqlarımızı azad etməyə hazırlaşdığını, eləcə də qardaş Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələrinin misli görünməmiş birgə təlimlərini müşahidə edən Ermənistan və ona dəstək verən digər düşmən güclər əhali arasında müxtəlif şayiələr yayaraq mübarizə savaş əzmimizi sındırmağa çalışır. Məsələn, belə dezinformasiyalardan biri də odur ki, guya “Azərbaycan ordusu dağ şəraitində döyüşə bilməz, biz belə döyüşlərə hazır deyilik…”   Sizcə, Milli Ordumuz Yuxarı Qarabağ və ətraf bölgələrdəki yüksək dağ şəraitində döyüşməyə nə dərəcədə hazırdır? Və ümumiyyətlə, dağ-dərə relyefində müharibə aparmağın mexanizminin əsasları hansılardır? 
-Bəli, dediyiniz kimi, belə söz-söhbətlər əsassız dezinformasiyalardan savayı bir şey deyil… İnanıram ki,  ordumuz dağlıq şəraitdə, o cümlədən Yuxarı Qarabağda döyüşməyə qadirdir… 
Dağ-dərə mühitində hərbi əməliyyatların necə aparılmalı olduğuna gəldikdə, bəzi əsas məsələləri qeyd etmək yerinə düşər…
Əvvəla, dağ relyefi şəraitində döyüşlərdə müdafiə olunan tərəf bir çox üstünlüklərə malik olur. Bunun əsas səbəblərindən biri odur ki, yollar və yol keçidləri məhdud və dar olur. Bu da imkan verir ki, yolun sağ və sol tərəflərində müdafiə mövqeləri, atəş sistemləri yaradılsın. Bundan əlavə, lazım olan yerləri minalamaq, partlatmaq da asan olur…  Belə hallarda qarşı tərəfin mühasirəyə salınmaq ehtimalı da çox olur.  Sovet -Əfqanıstan döyüşləri təcrübəsi də bunu sübut edir. Məsələn,  hər hansı bir briqada hissələri hücuma keçən zaman dəqiq kəşfiyyat məlumatlarına malik deyillərsə, düşmən onları müəyyən məsafəyədək irəli buraxır. Və  nəzərdə tutulmuş ən dar, çıxılmaz bir yerdə  eyni anda öndə gedən birinci  və axırdakı zirehli texnikalar vurulub sıradan çıxarılır. Beləliklə,  həmin briqada qalır tələdə… Və sağda-soldakı bütün yüksəkliklər müdafiə olunan tərəfdə olduğundan hücum edən tərəfin bütün canlı qüvvə və texnikasını mühasirəyə alıb məhv etmək olur. 1993-cü ilin dekabrı-1994-cü ilin yanvar-fevral aylarında aparılmış Murovdağ əməliyyatı zamanı ilk vaxtlar uğurla irəliləyən Azərbaycan ordusu  məhz bu ssenari ilə məğlub edilmiş və bütöv bir briqadamız rusların “oqnevoy meşok”- “atəş kisəsi” dediyi mühasirə vəziyyətinə düşərək sıradan çıxmışdı.   Əminəm ki, burada Ermənistan hərbi birləşmələrinə həmin əməliyyatın qurulmasında Əfqanıstanda döyüşmüş yüksək rütbəli Rusiya hərbçilərinin də böyük dəstəyi  olub… Bu haqda, inşallah, Murovdağ əməliyyatının ildönümü yaxınlaşanda ətraflı danışarıq….
Beləliklə, dağ şəraitində təsvir edilən səviyyədə müdafiə sistemini yarmaq üçün bizim canlı qüvvə və texnikamız düşməninkindən, ən azı, 3 qat çox və güclü olmalıdır…  
Bəs dağ mühitində optimal döyüş aparmaq üçün hansı formatda briqada, alay və taborlar yaradılmalıdır?
-Bunun üçün ilk növbədə desant-hücum briqadası formalaşdırılmalıdır. Eyni zamanda hər bir  korpusun tərkibinda desant-hücum taborları yaradılmalıdır. Bundan əlavə, dağ-dərə şəraitində reyd dəstələrindən,  kəşfiyyat və yandanötmə dəstələrindən istifadə etmək mümkündür.   Belə dəstələr əsas qüvvələrimiz hücuma keçməmişdən öncə düşmənin arxasına atılmalıdırlar. Bunların əsas vəzifəsi strateji əhəmiyyətli yüksəklik, körpü, keçid və aşırımları nəzarətə götürməkdir.  Bundan əlavə, həmin dəstələr müdafiə olunan düşmənə arxadan, həm də müxtəlif istiqamətlərdən gözlənilməz zərbələr endirməlidirlər. Bu halda düşmən arasında çaş-başlıq, panika yaranır və o, hansı istiqamətdən qorunacağını ayırd edə bilmir. Odur ki, bəhs edilən xüsusi mobil dəstələrin düşmənin arxasına atılması vacibdir. Və ən əsas şərt – hücuma gedən desant-hücum briqadaları yüksək səviyyədə, özü də dağ mühitində hərbi təlim keçmiş hərbçilərdən ibarət olmalıdır.  Çünki dağ şəraitində bəzən oksigenin çatışmaması, yoxuş və dar yolları keçmək üçün fiziki güc və enerjinin həddindən artıq sərf olunması səbəbindən üzərində atıcı silah və digər döyüş və qida ləvazimatlarından ibarət yük olan təcrübəsiz insan 200-300 metr məsafə qət edəndən sonra nəfəs ala bilmir və hərəkət, döyüş qabiliyyətini itirir.  Təbii ki, nəfəs ala bilməyən adam nə atəş aça biləcək, nə əlbəyaxa döyüşə girə biləcək və s. Düşmənin müdafiə mövgeləri bilindikdən sonra hərbi dronlar və döyuş vertolyotları vasitəsilə düşmənin hədəfləri məhv edilməlidir
Silahlanma məsələsində də dağ döyüşü digərlərindən fərqlənir.  Məsələn, dağ şəraitində vuruşan hərbçilər Kalaşnikov pulemyotu, 12, 7 mm-lik pulemyot, “AQS-17” silahı, snayperlər, yüngül çəkili minaatanlar və s. ilə təchiz olunmalıdır. Ona görə ki, dağ mühitində yaxın döyüşlərdə artilleriyanın işləməsi çox çətindir… 
Yuxarı Qarabağ kimi dağlıq ərazilərdə savaşı udmağın  ən vacib şərtlərindən biri də, qeyd etdiyimiz kimi,  müdafiədə olan düşmən haqqında dürüst kəşfiyyat məlumatlarına malik olmaqdır. Bunun üçün isə  öncədən kəşfiyyat-diversiya qrupları mütləq  düşmənin olduğu ərazilərdə işləyərək canlı qüvvələrin hansı istiqamətdə, nə qədər toplanması, artilleriya, zirehli texnika və s.  harada yerləşdirilməsi barədə komandanlığa dəqiq informasiya ötürülməlidir (yaxşı eşidilmədi). Eyni zamanda   həmin qruplar tərəfindən düşmənin silah-sursat anbarları, eləcə də Ermənistandan Qarabağa gələn körpülər partladılmalı, yollar sıradan çıxarılmalıdır… (Yaxşı eşdilmədi).  Bundan başqa kəşviyyatın bütün növlərindən alınan məlumatlar, toplanmalı, analiz edilməli və hücuma gedən hərbi birləşmələrə çatdırılmalıdır.  Bütün bunları Baş Qərargah planlaşdırmalı və həyata keçirməlidir…
(Davamı  var)
Sultan Laçın

araz.az xəbər portalı.