“Rusiya müdafiə naziri Sergey Şoyqunun Moskvada Ermənistan müdafiə naziri David Tonoyanla görüşdüyü və Bakıya səfər edəcəyi haqda məlumatın yayıldığı gün – avqustun 23-də erməni hərbi birləşmələrinin diversiya-kəşfiyyat qrupu Goranboy istiqamətində təxribat hücumuna cəhd etdi.
Diversiya hücumunun qarşısı alınıb, qrupun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülüb.
Bu üç hadisə bir-birindən ayrı deyil və üç versiyanı önə çıxır”.
AZSABAH.COM xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib.
O, versiyalarını belə sıralayıb:
“Birincisi: Şoyqu Tovuz təxribatından sonra başlanan Azərbaycan-Türkiyə təlimləri və Türkiyə hərbi rəhbərliyinin Bakıya səfəri fonunda Rusiyanın narahatlığını bildirmək, mövqeləri yenidən dəqiqləşdirmək üçün gəlir və özü ilə müəyyən istəkləri də gətirir.
Gəlişindən öncə Tonoyanla görüş və erməni diversiya qrupunun təxribatı mesajın verilməsi və Bakıdakı masada güclü oturmaq gedişi ola bilər.
İkincisi: Şoyqunun gəlişi ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyinin məlumatı diqqəti fərqli istiqamətə yönəldir. Məlumatda bildirilir ki, Şoyqu Azərbaycan müdafiə nazirinin dəvəti ilə gəlir.
Türkiyə hərbi rəhbərliyinin səfərindən sonra belə bir dəvət Azərbaycanın balans siyasətinin tərkib hissəsi kimi görünür, lakin son proseslər fonunda Şoyqunun gəlişinin Bakı və Ankaranın hazırladığı müəyyən razılaşmaların müzakirəsi ilə bağlı olduğu ehtimalı daha güclüdür.
– Minsk qrupunun formatının dəyişdirilməsi və Türkiyənin əsas vasitəçilərdən biri olması;
– Dağlıq Qarabağda planlaşdırılan mümkün anti-terror əməliyyatlarında rusların neytrallığının təmin edilməsi;
– Münaqişənin Türkiyə və Rusiyanın iştirakı ilə həll edilməsi;
Tovuz döyüşlərinin yaratdığı reallıqlar Türkiyənin Qarabağ münaqişəsinin həllində iştirakını heç olmadığı qədər aktuallaşdırdı və bunun üçün Moskva ilə razılaşmaların olması vacibdir. Ermənistandakı inqilabdan sonra Qafqazda yaranmış siyasi mənzərə, MDB-də gözlənilən mümkün ssenarilər və Qərblə mübarizədə Türkiyə faktorunun həlledici amil olması Rusiya üçün Azərbaycanın əhəmiyyətini artırır və ruslar müəyyən istəkləri qarşılığında təklifləri müzakirə etməyə hazır görünürlər.
Türkiyə ilə təlimlərdən sonra rus hərbiçilərin Bakıda “gül-çiçəklə” qarşılanmasına da sevgi nümayişi kimi yox, siyasi manevr olaraq baxmaq lazımdır.
Mümkündür ki, Şoyqu Bakı səfərindən öncə ruslarla türklərin vasitəçiliyində münaqişə ətrafında hansısa addımların atılmasını Moskvada Tonoyanla müzakirə edib.
Görüş tarifikinin diplomatlar yox, hərbiçilər vasitəsilə baş tutması isə Bakının münaqişənin həllində hərbi variantı ön plana çıxardığı və geri çəkilmək niyyətində olmadığı deməkdir. Rusların son dövrdə Ermənistana tonlarla silah daşıması da bu kontekstdə təsadüfi deyil.
Hərbi variant fonunda Şoyqunun Tonoyana Bakı səfərinin nəticələrinə uyğun davranmaq təlimatları verməsi də istisna deyil və bu, erməni hərbi birləşmələrinin yeni təxribat hücumlarının olması təhlükəsini gündəmə gətirir.
Üçüncüsü: Bakı və Ankaranın ruslarla razılaşmaq planları fonunda Goranboy istiqamətində erməni təxribatını İrəvanın mümkün ssenarilərə qarşı addımı olaraq da qiymətləndirmək olar. Ermənistan Azərbaycanla hərbi toqquşmları gücləndirməklə münaqişənin masada həllini sıradan çıxarmaq niyyətindədir. Zəif ehtimal kimi görünsə də, mümkündür.
Şoyqunun Bakı səfərinin nəticələri bölgədə hadisələrin inkişafını müəyyənləşdirəcək, bu nəticələri də elə hadisələrin inkişafında görəcəyik.
Təbii ki, Bakıdakı görüşdə Rusiyanın Ermənistana verdiyi 400 tondan çox silah da müzakirə ediləcək. Bu silahlar həm də rusların erməniləri yeni döyüşə hazırlaşdırdığının və Şoyqunun səfərinin nəticələrinə uyğun hərəkət edəcəklərinin siqnalıdır”.
araz.az
araz.az xəbər portalı.