“Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na etdiyi dəyişikliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək. Qüvvədə olan Qaydalara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilərdi”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
V. Bayramov bildirib ki, bir ay sonra qüvvəyə minəcək bu qərarda limitlərin kəskin endirilməsi nəzərdə tutulub: “Nəzərə alsaq ki, 1500 dollarlıq aylıq limit 800 dollara, poçt xidmətləri ilə birdəfəlik sifariş 1000 dollardan 300 dollara endirilib, praktiki olaraq bu, 3 dəfədən çox azalma deməkdir. Dövlət Gömrük Komitəsinin arqumentləri ondan ibarətdir ki, şəxsi istehlak üçün sifariş verilən mallar daha sonra satışa çıxarılır, vergidən yayındırılır, nəticə etibarilə bunun izlənilməsi də çətin olur. Ona görə də biz Avropa İttifaqı ölkələrində olduğu kimi, şəxsi istehlak üçün gətirilən malların istehlak bazarına daxil olmasının qarşısının alınması ilə bağlı yeni mexanizm hazırlanmasını təklif edirik. Xüsusən belə malların satışına görə cərimələrin və inzibati məsuliyyətin ağırlaşdırılması da nəzərdə tutula bilər ki, şəxsi istehlak üçün nəzərdə tutulan mallar daha sonra istehlak bazarında satılaraq vergidən yayınmasın. Amma biz bütövlükdə təklif edirik ki, bu tip limitlər azaldılan zaman mərhələli azaldılma baş versin və kəskin azaldılmalara gedilməsin. Bütün hallarda Nazirlər Kabineti tərəfindən limitin 3 dəfədən çox azaldılması məqsədəuyğun deyil. O baxımdan bu limitlərə yenidən baxılması və limitlərin optimallaşdırılması daha məqsədəuyğun olardı”.
Millət vəkili qeyd edib ki, hər zaman istinad etdiyimiz inkişaf etmiş və ya Avropa İttifaqına üzv ölkələrdə limitlərin çox nadir hallarda 3 dəfədən çox azaldılması və ya artırılması baş verir: “Adətən, limitlər mərhələli şəkildə dəyişdirilməlidir. Çünki həm həmin fəaliyyətlə məşğul olanlar öz fəaliyyətlərini, işlərini planlaşdırsınlar, həm də xüsusən şəxsi istehlak malları sifariş verənlər bu limitlərə uyğunlaşsınlar. Bununla da limitlərin mərhələli azaldılmasının təsirlərini müəyyənləşdirmək mümkün olsun. O baxımdan optimal dəyişikliklər daha məqsədəuyğun olardı. Bizim təklif də ondan ibarətdir ki, limitlərin kəskin azaldılması deyil, mərhələli şəkildə dəyişdirilməsi həyata keçirilsin. Bununla, limitlərin dəyişdirilməsinin şəxsi istehlaka təsirlərini qiymətləndirmək mümkün olsun. Ona görə də daha məqsədəuyğun olardı ki, Nazirlər Kabineti və Dövlət Gömrük Komitəsi tərəfindən mövcud limitlərin belə kəskin azaldılması həyata keçirilməyəydi. Düşünürəm ki, bu baxımdan həmin limitlərə yenidən baxılıb optimallaşdırılması mümkündür”.
Qeyd edək ki, bundan əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Elnur Allahverdiyev Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na etdiyi dəyişikləri tənqid edib. Deputat həm limitlərin kəskin azaldılmasının, həm də beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan malların güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilməsinin hər təqvim ayı bir dəfə olmaqla məhdudlaşdırılmasının qəbuledilməz olduğunu bildirib. E. Allahverdiyev bu məsələni Milli Məclisin payız sessiyasının iclaslarında qaldıracağını da qeyd edib/APA.
araz.az xəbər portalı.