Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na zaman-zaman müvafiq dəyişikliklər edilib.
Trend bildirir ki, həmin qərara son dəyişikliklər 21 avqust 2020-ci il tarixdə həyata keçirilib. Dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 800 ABŞ dollarına, poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limiti 300 ABŞ dollarına endirilib. Eləcə də, dəyişikliyə əsasən diplomatik şəxslər tərəfindən ölkə ərazisinə gətirilən avtonəqliyyat vasitələrinə görə hədlər müəyyənləşdirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən gömrük sferasında aparılan genişmiqyaslı islahatlar-kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflığın təmin olunması istər gömrük qanunvericiliyində, istərsə də digər qanunvericiliklərdə bu kimi qaydaların yenidən işlənməsi, onlara düzəlişlər edilməsi zərurətini yaradır. Hökumətin müvafiq qurumları ilə birgə müzakirəsi aparılan və razılaşdırılan bu dəyişikliklər zamanın tələbi olmaqla aparılan islahatların mövcud qanunvericilikdə təzahürüdür. Mövcud pandemiya şəraitində gömrük-sərhəd keçid məntəqələrində fiziki şəxslərin gediş-gəlişinin də olmadığını, qərarın 30 gün sonra qüvvəyə minməsini də nəzərə alsaq vətəndaşların bu qaydalarla yaxından tanış olmasına geniş imkanlar var.
Xüsusilə qeyd etmək istərdik ki, şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatı ilə mübarizə, sahibkarların hüquqlarının qorunması, iqtisadi təhlükəsizliyin təmin edilməsi məqsədilə qəbul edilən bu qərarın təşəbbüskarı Dövlət Gömrük Komitəsidir və bu dəyişikliklər uzun müddətli müzakirələrdən, hökumətin müvafiq qurumlarının razılığı ilə həyata keçirilmişdir.
Sosialyönümlü olan bu qərarda qaçaqmalçılığa qarşı mübarizənin daha effektiv aparılması üçün müəyyən sərtləşdirmələr mövcuddur. Lakin ölkənin fiskal siyasətinin həyata keçirilməsinə cavabdeh qurumlardan biri kimi dövlət büdcəsinə əlavə vəsaitlərin toplanması da bu qərarla mümkün olacaq.
Dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən kommersiya məqsədi üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilmə limiti bugünkü qaydalarla 800 ABŞ dolları həcmində müəyyənləşdirilib. 2013-cü ildəki qərarla bugünkü dəyişiklikləri müqayisə etsək, o zaman fiziki şəxslər üçün nəzərdə tutulan 1500 dollar limiti manat ekvivalenti ilə 1160 təşkil edirdi. Yəni alıcılıq qabiliyyəti ilə 2013-cü ildə 1160 manat təşkil etdiyi halda bugünki 800 dollar limiti 1360 manat ətrafındadır. Bu da 200 manata qədər əlavə artım deməkdir. Bütün qərarlar, normativ sənədlər məlum devalivasiyalar olduqdan sonra ona uyğunlaşdırılmışdır. 2013-cü illə 2020-ci il arasında, manat ifadəsi ilə, alıcılıq qabiliyyətində heç bir dəyişiklik baş vermir. Bu qərarın qəbul edilərkən inkişaf etmiş ölkələrin, eləcə də qonşu dövlətlərin təcrübəsi təhlil edilərək öyrənilib.
Aparılmış iqtisadi təhlilin nəticəsi olaraq müəyyən edilib ki, son illər fiziki şəxslərin özləri tərəfindən, gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilməklə həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma, həmçinin qeyd olunan malların qaçaqmalçılığı halları artıb.
Bununla yanaşı, müəyyən edilmiş hədlər və miqdar daxilində idxal olunan malların gömrük ödənişlərindən azad olunması daxili bazarda həmin malların dövriyyəsinin artması ilə yanaşı, ölkə üzrə illik idxal dövriyyəsinin azalmasına, bəzi hallarda analoji malları rəsmi qaydada idxal edənlərin müflisləşməsinə səbəb olurdu.
araz.az
araz.az xəbər portalı.