876237 3Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Şəfqətin və xeyirxahlığın ünvanı – Mehriban Əliyeva” mövzusunda videokonfrans keçirilib.

 Trend bildirir ki, videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün respublikamızın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günü olduğunu bildirib. Əli Əhmədov qeyd edib ki, Mehriban xanım Əliyeva Azərbaycan cəmiyyətində möhtəşəm ictimai missiyanın daşıyıcısı kimi tanınır və qəbul olunur: “Ən qısa şəkildə səciyyələndirsək, Mehriban xanıma humanizm və xeyirxahlıq simvolu adını vermək daha düzgün olardı. Azərbaycanda minlərlə insan Mehriban xanım Əliyevaya ümid çırağı, xeyirxahlıq və humanizm ünvanı kimi yanaşır. Müxtəlif çətinliklərə düşən çoxlu ailələr Mehriban xanım Əliyevanın qayğısı sayəsində çətinliklərdən çıxıblar. Mehriban xanım Əliyevanın böyük humanizmi və xeyirxahlığı COVID-19 pandemiyasının tüğyan etdiyi indiki günlərdə daha bariz özünü nümayiş etdirməkdədir. Azərbaycan ictimaiyyəti onun diqqəti və qayğısı sayəsində neçə-neçə insanların öz sağlamlığına qovuşmasına, ölümün cəngindən xilas olmasına şahidlik edib”.

YAP Sədrinin müavini həmçinin qeyd edib ki, Azərbaycanın mədəniyyətinin, incəsənətinin, təhsilinin inkişafı, tariximiz və milli mənəvi dəyərlərimiz də Mehriban xanımın daim diqqətindədir. Heydər Əliyev Fondunun prezidenti kimi onun həyata keçirdiyi möhtəşəm layihələr nəticəsində Azərbaycanın mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərlərimiz yeni inkişaf mərhələsinə yüksəlib. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr xalqımıza və dövlətimizə xidmətin ən gözəl nümunələri sayıla bilər.

Baş nazirin müavini söyləyib ki, müasirləşən və yeniləşən Azərbaycanı, onun dünyaya qovuşan ictimai və mədəni həyatını Mehriban Əliyeva fenomenindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Təsadüfi deyildir ki, onun beynəlxalq aləmdə geniş fəaliyyəti Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünyaya təqdimatının parlaq nümunəsi hesab olunur.

Əli Əhmədovun sözlərinə görə, Azərbaycanın dünyaya təqdimatı, ölkəmizin təbliği və tanıdılması Mehriban xanım Əliyevanın fəaliyyətinin mərkəzində dayanır: “Onun rəhbərliyi ilə həyata keçirilən layihələr bütün bunlara ən gözəl nümunədir. Dünyada ölkəmizin təbliğ edilməsi baxımından Mehriban xanım Əliyeva Azərbaycan cəmiyyətinin ən böyük elçisi adına layiqdir. O, bu missiyanı uğurla yerinə yetirməkdədir. Respublikamızın Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva Azərbaycan dövlətinin qüdrətinin artmasında, ölkəmizin müasirləşməsində, yeniləşməsində, mühüm layihələrin həyata keçirilməsində böyük töhfələrə malik olan dövlət xadimidir. Azərbaycanın bugünkü inkişafında onun xüsusi rolu var. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə inkişaf siyasətinin həyata keçirilməsində dövlət başçısının ən yaxın silahdaşı və yardımçısı Mehriban xanım Əliyevadır. Bütövlükdə, xalqımız, cəmiyyətimiz Mehriban xanım Əliyevanın timsalında ən fəal ictimai xadimini, ən böyük humanistini və insanpərvər şəxsiyyətini tanıya bilib”.

Əli Əhmədov Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib, ona fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətinin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, son illər ölkəmizdə yüzlərlə yeni tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub, səhiyyənin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib. G.Gəraybəylinin sözlərinə görə, Azərbaycan səhiyyəsinin inkişafında Mehriban xanım Əliyevanın xüsusi rolu vardır. Onun fikrincə, şəfqət və xeyirxahlıq Mehriban xanımın fəaliyyətinin əsasını təşkil edir.

Natiq Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun diabetli uşaqlara qayğı layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb. Bundan başqa, “Talassemiyasız həyat naminə” layihəsi cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır. Fondun təşəbbüsü ilə 2009-cu ildə Talassemiya Mərkəzi tikilib istifadəyə verilib. Bunun nəticəsində çoxlu sayda uşaqlar öz sağlamlığına qovuşub. Eyni zamanda, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə talasemiyalı və hemofiliyalı uşaqlar üçün dəfələrlə qanvermə aksiyası keçirilib.

G.Gəraybəyli hazırkı pandemiya ilə mübarizə tədbirlərində Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevlə çiyin çiyinə çalışdığını diqqətə çatdırıb. O qeyd edib ki, Mehriban xanımın rəhbərliyi ilə ölkəmizdə pandemiyaya qarşı mübarizə strategiyası işlənib hazırlanıb.

Daha sonra çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Prezident İlham Əliyev hər zaman cəmiyyət həyatında qadınların rolunu yüksək qiymətləndirib. O qeyd edib ki, tarixin istənilən zamanında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır: “Bu baxımdan müasir dövrdə ölkəmizin Birinci xanımı, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Mehriban xanımı şəxsiyyət kimi, xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir. Mehriban xanımın ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq, xatırlamaq qeyri mümkündür. Bu mənada Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.

“Nə üçün xalq ölkənin başçısını və Birinci vitse-prezidenti bu qədər sevir? Çünki, vətəndaşlar cənab Prezidentin və Mehriban xanımın timsalında onların istəkləri ilə maraqlanan, protokol çərçivəsindən kənara çıxmağı, hər bir ciddi problemə münasibət bildirməyi bacaran insanları görürlər. Onlar daim əhalinin yanındadır, ünsiyyətdən çəkinmirlər, əksinə insanların görüşünə can atırlar”,-deyən H.Hüseynovanın fikrincə, bütün bunlar onu göstərir ki, xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa ictimaiyyət onu qəbul etməyəcək. Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və geniş miqyaslı fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır. Həm vətəndaş, həm ictimai xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini verir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva isə çıxışında bildirib ki, Azərbaycanda humanizm və tolerantlığın simvoluna çevrilmiş, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycançılıq məfkurəsinin təbliğinə, habelə ölkədə sosial rifahın yüksəldilməsinə, elm, təhsil, mədəniyyət, idman sahələrinin inkişafına əhəmiyyətli töhfə verib, məhz onun təşəbbüsü ilə keçirilən çoxsaylı layihələr milli dəyərlərin qorunması və bu dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın ali bəşəri dəyərlərə əsaslanan, Azərbaycanın milli maraqlarını rəhbər tutan fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun 2004-cü ildə əsasını qoyduğu, hazırda da Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun Azərbaycanın inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxsahəli fəaliyyətə nəzər yetirmək kifayətdir. Heydər Əliyev Fondu yaradılarkən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Ulu Öndərin ölkənin sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycan mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına əsas məqsəd qoymuşdur.
Bu gün Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond Ulu Öndərin ideyalarını böyük əzm və sədaqətlə həyata keçirir. Məhz bu məqsədlə, Heydər Əliyev Fondunun fəaliyyətində müxtəlif kateqoriyadan olan insanların problemlərinin həllinə, ölkənin yaradıcı və elmi potensialının artırılmasına, müasir tələblərə cavab verən təhsil ocaqlarının, xüsusilə yeni müasir ibtidai tədris müəssisələrinin tikilməsinə, habelə ətraf mühitin, fauna və floranın qorunması və qeyd olunan sahələrdə mühüm tədqiqatların həyata keçirilməsinə dəstək göstərilməsi prioritet təşkil edir.

S.Fətəliyeva qeyd edib ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Təsadüfi deyil ki, Fondun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətini Ermənistanın əsrlər boyu azərbaycanlılara qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasəti haqqında daim məlumatlandırır. YUNESKO-nun xoşməramlı səfiri kimi bu təşkilatın bütün tədbirlərində qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların təhsili, həmçinin işğal olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminə məruz qalmış, dağıdılmış tarixi abidələrlə bağlı problemlərə toxunaraq beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması məsələsinə yönəldən Mehriban Əliyevanın rəhbərliyi ilə hazırlanan bu layihə əzəli Azərbaycan torpağı olan Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədi ilə həyata keçirilib.

Millət vəkili deyib ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mədəniyyət diplomatiyası ölkənin xarici siyasətinə əhəmiyyətli töhfə verməkdədir. Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə Heydər Əliyev Fondu humanitar sahədə digər dövlətlərlə ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verməklə, mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına xidmət edir.

Tədbirin sonunda Mehriban xanım Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.

araz.az

araz.az xəbər portalı.