15190504965a8adf001e91e.jpg


 Birləşmiş Ştatların Cənubi Qafqazda ciddi, eyni zamanda həyati əhəmiyyətli maraqları var: regionda sabitliyin qorunub saxlanması, dondurulmuş münaqişə zonalarında hərbi əməliyyatların başlanmasının qarşısının alınması, demokratik islahatların dəstəklənməsi və dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, həmçinin Azərbaycan, Ermənistan və Gürcüstanın dünya birliyinə inteqrasiyası. “Karnegi” Mərkəzinin internet portalında “Rusiya və Avrasiya” proqramının direktoru və baş elmi əməkdaşı Egen Rumer (Eugene Rumer), proqramın baş elmi əməkdaşları Riçard Sokolski (Richard Sokolsky) və Pol Stronski (Paul Stronski) ABŞ-ın Cənubi Qafqazda tutduğu mövqeyi təhlil ediblər.

Sonrakı illərdə də ABŞ-ın Cənubi Qafqaz siyasəti əvvəlki kimi regionun məhdud resursları və əlverişsiz şəraitin təsirinə məruz qalacaq. Vaşinqton səylərini davam etdirməli və Cənubi Qafqaz ölkələrinə daxili problemlərini həll etməyə kömək etməlidir. Lakin ABŞ-ın bu regiondakı siyasəti geosiyasi vəziyyəti dəyişdirmək iqtidarında deyil, Vaşinqton isə Rusiyanın Cənubi Qafqazda dominant mövqeyini qəbul etməməlidir.

ABŞ-ın uzunmüddətli yanaşması

Zaqafqaziyada daha möhkəm siyasət beş baza prinsip üzərində qurulmalıdır:

  • Əsas diqqət münaqişənin qarşısının alınmasına yönəlməlidir. Regionda dondurulmuş münaqişələrin eskalasiyasına və hərbi əməliyyatlara yol verməmək ABŞ-ın Cənubi Qafqaz siyasətinin ən yüksək prioriteti olaraq qalmalıdır.
  • Amerika dəyərlərinin irəlilədilməsində ehtiyatlı davranmaq. ABŞ demokratik islahatları dəstəkləməlidir, ancaq Cənubi Qafqaz ölkələrinin müxtəlif hərəkət trayektoriyasını nəzərə alsaq, vahid regional yanaşma effektiv olmaya bilər. Hər bir ölkənin davamlı inkişaf spesifikasını nəzərə alan fərqli yanaşma ən perspektivli proqramdır.
  • Gözləntiləri yüksəltməmək. Rusiya ilə müqayisədə ABŞ-ın regiondakı geosiyasi mövqeyi daha əlverişlidir. Vaşinqton Moskvanın təsiri ilə mübarizəyə yardım edəcəyinə söz verməməlidir, çünki ABŞ yardım əlini uzada bilməyəcək. Xüsusilə bu, Gürcüstana və onun NATO-ya qoşulma təşəbbüsünə aiddir.
  • AB ölkələrinə iştirak etmək üçün yer saxlamaq. İqtisadi inkişafın təmin edilməsi, hüququn aliliyi və digər daxili islahatların aparılması ABŞ-ın Cənubi Qafqaz siyasətinin prioritetlərini təşkil edir. Lakin bu zaman Vaşinqton öz fəaliyyətini AB ilə koordinasiya etməlidir.
  • Regionun yanacaq-enerji potensialını real qiymətləndirmək. Ötən illər ərzində Xəzər dənizinin yanacaq-enerji resurslarının əhəmiyyəti region ölkələrində şişirdilmiş ümid doğurub. Bunu yenidən nəzərdən keçirmək lazımdır.

ABŞ o vaxtkı siyasətində gizli, bəzən isə açıq şəkildə bəyan edirdi ki, Rusiyanın həyata keçirdiyi islahatlar uğurlu olsa, onda onun keçmiş əlaltıları da inkişaf üçün böyük imkanlar əldə edəcək. Əks təqdirdə, qonşuların uğur qazanmaq şansı aşağı olacaq.

2003-cü il Gürcüstanda “Qızılgül inqilabı”ndan sonra demokratik islahatlara ümid və Qərb institutlarının şərqdə yayılmasına yeni perspektivlər yarandı. Gürcüstan daxili islahatlarda böyük uğurlar qazansa da, regionun digər ölkələri ondan nümunə götürmədilər. Üstəlik, Gürcüstanın nailiyyətləri gürcü və amerikan siyasi rəhbərliyinin iddiaları və gözləntilərinə uyğun gəlmirdi. 2008-ci il Rusiya-Gürcüstan müharibəsi Qərb institutlarının Cənubi Qafqazda yayılma prosesini uzun müddət dayandırdı və maraqlarını qorumaq məqsədilə Rusiyanın nələrə qadir olduğunu göstərən aydın xəbərdarlıq oldu.

O vaxtdan bəri ABŞ regionda baş verən hadisələr və proseslərdə iştirak etmək üçün diqqətlə sınaqdan çıxarılmış yol ilə gedir. Demokratik dəyişikliklər və Cənubi Qafqaz ölkələrinin Qərblə inteqrasiya siyasəti formal olaraq əvvəlki kimidir, amma gözlənti plankası xüsusilə Ermənistan, Azərbaycan və Gürcüstan müxtəlif inkişaf yolu seçdikdən sonra xeyli aşağı düşüb. Həm Rusiya, həm də Qərb ilə balanslaşdırılmış münasibət quran Ermənistan, “Freedon House” hüquq mühafizə təşkilatının məlumatına əsasən, “qismən azad” ölkə hesab edilir. Getdikcə avtoritar yol seçən Azərbaycan isə Qərb tərəfdarlarından uzaqlaşır. Daxili demokratik islahatları davam etdirən Gürcüstan xarici siyasətində Qərb ilə yaxınlaşmağa çalışır.

Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyada dondurulmuş münaqişələr keşməkeşli dövrün mirasıdır. Onlardan heç olmasa birinin yaxın gələcəkdə həll edilə biləcəyinə heç bir ümid yoxdur. Görünən odur ki, bu münaqişələrin “buzunun açılması” daha böyük zorakılığa, fəlakətlərə, ölümlərə və əzablara gətirib çıxaracaq.

ABŞ-ın həyata keçirdiyi siyasət baxımından Azərbaycanın neft-qaz ehtiyatlarının əhəmiyyəti onların enerji mənbəyi və iqtisadi inkişafın potensial mühərriki kimi dəyərini qat-qat üstələyirdi. Əslində, Vaşinqton bu resurslara regionun bütün problemlərinə universal cavab kimi baxırdı. Hesab edilirdiki, yerli karbohidrogen ehtiyatı iqtisadiyyatın formalaşdırılması üçün ölkəni lazım olan gəlirlə təmin edəcək və ölkə hüdudlarından kənarda da onun effektini artıracaq.

Bu məntiq çərçivəsində Xəzər regionundan Avropa və digər beynəlxalq enerji bazarlarına neft və qaz nəqli üçün boru kəmərlərinin inşa edilməsi regionda Amerika siyasətinin əsas elementlərindən biri olub.

ABŞ Cənubi Qafqaz siyasətinin istiqamətini qaz və nefti regionun inkişaf drayveri ola biləcək Azərbaycandan Qərbə kurs götürüb, islahatlar proqramı hazırlamış Gürcüstana doğru dəyişib.

Nəticədə Gürcüstan postsovet ölkələri arasında Vaşinqtonun sevimlisinə çevrilib. Bu ölkə ilə qonşuları arasındakı ziddiyyət isə getdikcə daha çox nəzərə çarpmağa başlayıb. Azərbaycanda Heydər Əliyevin oğlu İlham Əliyev hakimiyyətini möhkəmləndirməyə çalışır. Ölkə getdikcə avtoritarizmin despotik və qeyri-tolerant formasına doğru irəliləyir. Ermənistanda demokratik islahatlar demək olar dayanıb. Burada Azərbaycandakı kimi avtoritarizm olmasa da,ölkədə hakimiyyət getdikcə siyasi və işgüzar elita nümayəndələrindən ibarət kiçik bir qrupun əlində cəmlənir.

2008-ci il Rusiya-Gürcüstan müharibəsi ABŞ-ın nəinki Gürcüstana, həmçinin bütünlükdə Cənubi Qafqaza qarşı siyasətinin təkamülə uğramasında növbəti dönüş nöqtəsi olub. Kremlin həyata keçirdiyi bu hərbi aksiya göstərdi ki, Rusiya ABŞ və müttəfiqlərinin onun sərhədləri yaxınlığında təsirini gücləndirməsinə daha dözməyəcək və keçmiş SSRİ ölkələrinin hər biri (Baltikyanı ölkələr xaric – red.) üçün NATO üzvlüyü istisna edilir. Kreml, həmçinin başa saldı ki, qonşularının Rusiyanın təsir sahəsindən çıxmağına icazə verməmək üçün güc tətbiq etməyə də hazırdır. ABŞ və müttəfiqləri keçmiş Sovet İttifaqı ölkələrində NATO-nun genişlənməsi ilə bağlı məsələlərə görə Rusiya ilə döyüşməyə hazır deyildi.

Amerika-Gürcüstan münasibətlərində impulsun əldən verilməsi Cənubi Qafqazda siyasi lider rolunun ABŞ və NATO-dan AB-yə dəyişməsinə zəmin yaratdı. AB-nin regionda əsas siyasət vasitəsi Assosiasiya haqqında saziş oldu. Sənəd AB-yə can atan ölkələrə birbaşa üzvlük verməsə də, iqtisadi və siyasi islahatlar müqabilində AB ilə sıx iqtisadi və siyasi əlaqələr vəd edirdi.

Rusiya-Gürcüstan hərbi münaqişəsindən sonra ABŞ-ın Cənubi Qafqaz siyasətini islahatçı qərarların və  ya yeni təşəbbüslərin irəlilədilməsi kimi deyil, daha çox status-kvonun saxlanılması yolunda atılmış addım kimi xarakterizə etmək olar.

2014-cü il Ukrayna hadisələri ABŞ-ın Cənubi Qafqaz siyasətində növbəti mühüm dəyişikliyə səbəb oldu. Krımı ilhaq edən Rusiya sonrakı fəaliyyəti ilə nümayiş etdirdi ki, keçmiş sovet respublikalarının  nə NATO-ya qoşulması, nə də Assosiasiya haqqında saziş imzalaması ilə razılaşmayacaq.

Ukrayna böhranı Avropa təhlükəsizlik kursunun dəyişməsində mühüm mərhələ oldu. Bu böhran soyuq müharibənin başa çatması ilə Avropa, Rusiya və ABŞ-ın “təsir dairələri” konsepsiyasından imtina edib, bərabər kollektiv təhlükəsizlik ideyasını birgə qəbul etdiyi dövrün sona çatdığını göstərdi. ABŞ və müttəfiqləri Rusiya siyasətində daha bu və ya başqa bir tərəflə xarici siyasət və milli təhlükəsizliklə bağlı əsaslı irəliləyiş olmadan əməkdaşlıq yolu ilə gedə bilmirdi. ABŞ siyasətinin əvvəlki əsasları qeyri-relavant çıxmışdı, yeniləri isə hələ hazır deyildi.

Cənubi Qafqaz tarixində yeni fəsil

Ukrayna böhranından dərhal sonra Cənubi Qafqaz ölkələri geosiyasi baxımdan Rusiya və Qərb arasında neytral zonada yer aldılar. Bu zaman tərəflərdən heç biri regionu digərinə güzəştə getmək istəmirdi. Rusiya Cənubi Qafqazı özünün təsir dairəsi elan etdiyi halda, ABŞ və Avropa təsir sahəsi ideyasını ümumiyyətlə rədd edirdi. Hadisələrin bu şəkildə inkişafı fonunda ABŞ və AB ölkələrinin Cənubi Qafqazla münasibətləri region ətrafında dəyişmiş strateji vəziyyətə cavab olaraq qəbul edilmiş, düşünülmüş qərarlar kompleksi deyil, daha əvvəl formalaşdırılmış siyasət və ətalətin nəticəsidir.

Cənubi Qafqaz Krımdan sonra

Bundan başqa, strateji vəziyyətdə dəyişiklik soyuq müharibə tərzində Şərq və Qərb arasında yenidən yaranmış gərginliklə məhdudlaşmır. Rusiya və Qərb arasında əlaqələrin kəsilməsi üç Zaqafqaziya ölkəsi arasında parçalanmaya səbəb olub. Region ətrafında yaşanan mühüm geosiyasi dəyişikliklər dövründə bu ölkələr bir-birindən çox fərqlənən xarici siyasət kursu yürütməyə başlayıb. Qətiyyətlə avroatlantik inteqrasiya yolu ilə irəliləyən Gürcüstan, həmçinin Rusiyadan maksimum uzaqlaşmağa, Ermənistan həm Rusiya, həm də Qərb ilə əlaqə saxlamağa, Azərbaycan isə hər iki tərəflə məsafə saxlamağa çalışır.

Gürcüstan tam qətiyyətlə Qərb ilə yaxınlaşma kursunu, həmçinin NATO və AB-yə inteqrasiyasını davam etdirir. 2008-ci il müharibəsindən sonra Gürcüstan və Rusiya münasibətləri hələ də normallaşmayıb və çətin ki, yaxın gələcəkdə münasibətlər bərpa olunsun.

Şərq və Qərb arasında yeni parçalanma şəraitində Ermənistanın qarşısında duran əsas tapşırıq hər iki tərəf ilə münasibətdə balansı qoruyub saxlamaqdır. Geosiyasi ətrafa və təhlükəsizliyini təmin etmək üçün Rusiyaya sıx bağlı olan Ermənistan NATO və AB ilə yaxınlaşmağa çalışaraq, Moskva ilə bu cür mühüm münasibətlərini riskə ata bilməz. Ölkə əhalisi getdikcə Rusiya təsirindən daha çox təngə gəlib. 2016-cı il Azərbaycanla Ermənistan arasında baş verən “dördgünlük müharibə” isə ermənilərin müttəfiq kimi Rusiyadan şübhələnməsinə əsas verib. Üstəlik, Ermənistan Avropa və ABŞ ilə ölkənin iqtisadi və ictimai həyatı, həmçinin dünyadakı nüfuzu üçün böyük əhəmiyyətə malik geniş əlaqə saxlayır. İmzalanmamış Assosiasiya haqqında sazişə alternativ axtarışında Ermənistanın AB ilə danışıqları bərpa etməsi də bununla izah edilir.

Azərbaycanın daxili siyasətində avtoritar tendensiyaların güclənməsi ölkənin ABŞ və Avropa ilə münasibətlərinin korlanmasına gətirib çıxarıb. Vaşinqtonun rəngli inqilabları dəstəkləməsi ilə bağlı Rusiyanın verdiyi bəyanat, deyəsən, Azərbaycan hakimiyyətinə də təsirsiz ötüşməyib. Barak Obamanın (Barack Obama) prezidentlik fəaliyyətinin son illərində Azərbaycanın kütləvi informasiya vasitələri ABŞ rəhbərliyinə, həmçinin şəxsən Obamaya qarşı sərt tənqidə başlayıb. Bakı, həmçinin Qərb mətbuatında Azərbaycandakı korrupsiya hallarının, xüsusilə hakim klana aid “Panama sənədləri” haqqında məlumatın ictimailləşdirilməsindən narazı qalıb.

Azərbaycan Gürcüstanın imzaladığı və Ermənistanın demək olar imzaladığı AB ilə Assosiasiya haqqında sazişə xüsusi maraq göstərməyib. Bakı daha yüksək səviyyəli xüsusi saziş tələb edib, bundan Dağlıq Qarabağ münaqişəsində Ermənistana təzyiq etmək üçün istifadə etməyə çalışıb. AB və Azərbaycan yeni hərtərəfli saziş haqqında danışıqları başladıb, ancaq prosesin nə ilə yekunlaşacağı hələlik məlum deyil. Bununla belə, AB və Ermənistan arasında yeni hərtərəfli saziş üzərində aparılan işlər demək olar başa çatıb. Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmayan Azərbaycan, deyəsən, Moskvanın inteqrasiya planlarından kənarda qalmağa qərarlıdır.

Bununla yanaşı, sərhədlərində xüsusi geosiyasi təsirə iddialı olan, Avropa inteqrasiyasına əks olaraq Avrasiya inteqrasiyasını aqressiv şəkildə irəlilədən Rusiya Ukrayna böhranına qədər olan dövr ilə müqayisədə daha sərt siyasət aparmaq niyyətindədir. Gürcüstana davam edən təzyiq, Ermənistanı AB ilə Assosiasiya sazişindən imtina etməyə və Aİİ tərkibinə daxil olmağa məcbur etmək cəhdləri, Minski daha üzüyola tərəfdaş etmək məqsədilə Belarusa iqtisadi pressinq – bütün bunlar onu sübut edir ki, Rusiya əvvəlki kimi ətrafında əlaltı ölkələrin olmasını istəyir. Hadisələrin bu şəkildə inkişaf etməsi Rusiyanın qonşularını ehtiyatlı olmağa çağırır.

Cənubi Qafqaz regionunun qonşuluğunda yerləşən digər ölkələri, xüsusilə Türkiyə, Çin və İranı da qeyd etmək lazımdır. Türkiyə özü sərt avtoritar siyasi sistemə keçid prosesində yerləşir. Prosesin kuliminasiya nöqtəsi ölkə prezidentinin səlahiyyətlərini genişləndirən 2017-ci il aprel referendumu olub. Referendumun nəticələri bir çoxlarının fikrincə, Türkiyədə avtoritar rejim qurmağa çalışan Rəcəb Tayyip Ərdoğanın əsas qalibiyyəti və ölkədə demokratik qurumlara zərbə olub. Nəticədə Türkiyənin Avropa və Birləşmiş Ştatlarla münasibətləri korlanıb. Ərdoğanın Putinlə yaxınlaşması Türkiyənin Cənubi Qafqaz siyasəti və Ankaranın qonşuları hesabına Moskva ilə əldə etməyə çalışdığı sazişləri sual altına qoyub.

Belə qeyri-müəyyən bir vəziyyətdə ilk növbədə Ermənistan, Gürcüstan, Azərbaycan və regionun digər tərəfdaşları arasında iqtisadi əlaqələri inkişaf etdirmək lazımdır. “5+1” formatı (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya – red.) ilə əldə olunan nüvə sazişi sayəsində tədricən beynəlxalq təcriddən çıxan İranın iştirakını genişləndirməsindən Cənubi Qafqaz ölkələri faydalana bilər. Bu perspektiv Azərbaycan və Gürcüstanla müqayisədə Ermənistan üçün daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanla yeni münaqişə baş verəcəyi təqdirdə İran Yerevanı xarici bazarlara çıxış imkanı ilə təmin edə və onun qiymətli ticarət tərəfdaşı ola bilər. Axı Ermənistan-Türkiyə sərhədləri bağlı qaldığı müddətcə ölkə xarici dünya ilə əlaqədə tamamilə Gürcüstandan asılı vəziyyətdədir. Bununla yanaşı, Ermənistan, Azərbaycan və Gürcüstan xüsusilə regionun infrastruktur inkişafı layihələrini nəzərdə tutan geniş miqyaslı “İpək yolunun iqtisadi qurşağı” (Belt and Road Initiative) proqramı çərçivəsində Çinin Cənubi Qafqaza gəlişindən yararlana bilər. Ancaq həm İran, həm də Çinin Rusiya ilə sıx əlaqələri var və onların yaxın gələcəkdə Moskvanın geosiyasi rəqibi rolunda çıxış edəcəyi gözlənilmir.

Nəticə etibarilə, Cənubi Qafqaz daxilində, həmçinin ətrafında baş verən çoxsaylı dəyişikliklərə baxmayaraq, Rusiya ilə əlaqələrin, Moskva və Qərb ölkələri arasında balansın qorunub saxlanması hər üç ölkə üçün prinsipial mühüm məsələdir. Rusiyanın Cənubi Qafqazda bir sıra üstünlüyü var: coğrafi yaxınlıq, güc tətbiq etməyə hazır olduğunu nümayiş etmək. Rusiya iddialı hərəkətləri ilə göstərir ki, onun Cənubi Qafqazla bağlı maraqları və gözləntiləri ABŞ, həmçinin avropalı müttəfiqləri və tərəfdaşlarının maraqlarından daha yüksəkdir. Ancaq Moskva regionda üstünlük verilən tərəfdaş hesab edilmir və yaxın pespektivdə belə biri olacağı ehtimal olunmur.

ABŞ-ın Cənubi Qafqazdakı maraqları və prioritetləri

ABŞ-ın regiondakı maraqlarını aşağıdakı şəkildə təsvir etmək olar:

  • Ermənistan, Azərbaycan və Gürcüstan, həmçinin onların qonşuları arasında dinc münasibətlərə, iqtisadi inkişaf, effektiv idarəetmə sisteminin formalaşdırılması və onlardan istənilən kimi beynəlxalq qurumlara inteqrasiya. Bu məqsədlərə nail olmaq üçün bəzi şərtlərə əməl etmək lazımdır.
  • Regionda münaqişələrin yenidən başlanması ilə bağlı xəbərdarlıq. Dondurulmuş münaqişənin aktiv mərhələyə keçidinin qarşısını almaq ABŞ-ın Cənubi Qafqaz siyasətinin ən böyük prioriteti olaraq qalmalıdır. İnişil qısa müddətli də olsa, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların yenidən başlanması ABŞ-ın regional təhlükəsizliyi və maraqları üçün bu münaqişələrin hansı təhlükə kəsb etdiyini xatırladıb. Məhz bu səbəbdən bu məsələ Amerikanın regiondakı siyasətinin əsas elementi olmalıdır. Hərbi əməliyyatların bərpa edilməsi çoxlu sayda insan həyatını və mühüm infrastruktur obyektlərini riskə məruz qoya, ciddi ekoloji ziyan vura, həmçinin nəinki düşmənçilik edən tərəflərə, o cümlədən taleyi qonşularının taleyi ilə sıx bağlı olan Gürcüstana da mənfi təsir göstərə bilər.
  • Minsk prosesi çərçivəsində və hər bir iştirakçı ilə danışıq aparmaqla ABŞ Dağlıq Qarabağda  yeni hərbi əməliyyatların qarşısının alınması istiqamətində fəal diplomatik addımlar atmalıdır. Hərbi əməliyyatların başlayacağı halda, Rusiya və Türkiyənin Ermənistan və Azərbaycanla müvafiq münasibətlərini nəzərə alsaq, onlar birbaşa və ya dolayı şəkildə münaqişəyə cəlb edilə bilər. Münaqişənin inkişaf şəklindən asılı olaraq İran da cəlb edilə bilər. Ehtimal var ki, Suriya böhranı ilə yanaşı bu münaqişə də İran və Rusiyanın Türkiyədən fərqli məqsədlər güddüyü növbəti hərbi əməliyyatlar teatrı olacaq.
  • Yanacaq-enerji kompleksinin (YEK) inkişafı. ABŞ-ın enerji diplomatiyası Cənubi Qafqazda mühüm rol oynayır. Vaşinqton Xəzərin enerji daşıyıcılarının – Gürcüstanın mühüm gəlir mənbəyi üçün yeni bazarların və yeni ixrac imkanlarının yaradılması sahəsində çox şeyə nail ola bilib. Lakin bu resursların əhəmiyyəti və onların regionun həyatına təsiri bəzən çox şişirdilib. Bu səhvi təkrarlamaq olmaz. Hərçənd keçmişdə enerji diplomatiyası region ölkələrinin taleyi və onların ABŞ ilə münasibətlərində mühüm rol oynayıb, ABŞ-ın Cənubi Qafqazda məhdud maraqlarını, həmçinin dünya enerji bazarlarında daha geniş və müxtəlif təkliflərlə əlaqədar gələcəkdə də belə bir rol oynacağı az ehtimal edilir. Xəzər enerji bazarının inkişafını Amerika maraqları dairəsinə daxil etmək ona görə belə vacibdir. On il əvvəl enerji diplomatiyası ABŞ-ın Cənubi Qafqaz siyasətində mühüm vasitə idi. Üstəlik, həmin vaxt Vaşinqton enerji daşıyıcılarının dünya bazarının diversifikasiyasında maraqlı idi və Xəzər yataqlarının işlənməsi bu mühüm məqsədə xidmət edirdi. Ama son on il ərzində dünya enerji bazarında çox şey dəyişib. Xəzər regionunun enerji daşıyıcılarının yerinə dünya YEK digər inkişaf istiqamətləri gəlib. Şist inqilabı, maye qaz nəqlinin artırılması və yeni dərinsulu yataqların işlənməsi dünya bazarı üçün Xəzər dənizinin resurslarından daha mühüm mənbələrə çevrilib.
  • Xəzər ehtiyatları ilə bağlı ən gurultulu bəyanatlardan biri ondan ibarət idi ki, onlar Avropanın rus enerji resurslarınından asılılığını azalda bilər. Bu bəyanat uzun illər əvvəl edilib. Lakin aşkar cəlbediciliyə baxmayaraq, nə Avropada, nə də bir başqa yerdə böyük marağa səbəb olmayıb. Layihənin həyata keçirilməsi üçün müvafiq investisiyanı ayırmaq istəyəcək nə özəl, nə də dövlət strukturu tapılmayıb. Avropa Rusiyanın enerji daşıyıcılarından o qədər asılıdır ki, vəziyyətin həqiqətən dəyişməsi üçün qitənin enerji təchizatı strukturunda ciddi irəliləyiş lazımdır (2016-cı ildə AB ölkələrinin istehlak həcminin 34%-i rus qazının payına düşüb). Xəzər regionunun resursları bu dəyişiklik üçün kifayət deyil. Rusiya-Avropa marşrutu üzrə hal-hazırda inşa edilən və (Baltik və Qara dəniz vasitəsilə) tikintisi planlaşdırılan yeni boru kəmərləri ilə bağlı planlar sübut edir ki, Rusiya Avropanın enerji bazarına çıxışını qoruyub saxlamaq niyyətindədir. Hərçənd Azərbaycandan Gürcüstan və Türkiyəyə uzanan nəqliyyat dəhlizi Rusiya ərazisindən keçmir, onun Rusiyanın yaxınlığında yerləşməsi o deməkdir ki, xətt yalnız Moskvanın icazə verdiyi müddətcə fəaliyyət göstərəcək.
  • Demokratiya, insan hüquqları və effektiv dövlət idarəçiliyi.  Birləşmiş Ştatlar Cənubi Qafqaz ölkələrində demokratik dəyişikliklərə dəstəyini davam etdirməlidir. Bu ölkələr arasında fərq o qədər böyükdür ki, vahid yanaşma nəinki effektiv ola, hətta əks nəticələrə gətirib çıxara bilər. Bu fərqlilik Ermənistan, Azərbaycan və Gürcüstanda demokratiyanın irəliləməsi üçün hər ölkəyə unikal, xüsusi yanaşmanın işlənib hazırlanmasını tələb edir.

ABŞ Cənubi Qafqazda davamlı siyasət formalaşdırmaq yolunda

Təhlükəsizlik sahəsində Gürcüstanla münasibətlər ABŞ-ın Cənubi Qafqaz siyasətində ən mürəkkəb elementidir. Vaşinqton, həmçinin ölkənin NATO-ya üzv olmasına dəstək olacağını bəyan edib. ABŞ Gürcüstanın NATO üzvlüyünə qətiyyətlə israr edir və dəfələrlə Alyansı Gürcüstanı inandırmağa çalışıb ki, təşkilatın qapıları onun üzünə həmişə açıqdır. Amma keçmiş SSRİ respublikalarının NATO-ya qoşulmasının qarşını almaq məqsədilə Rusiyanın müharibəyə başlamağa hazır olduğunu nümayiş etdirməsi (2008-ci il Gürcüstanla, 2014-cü il Ukrayna ilə), həmçinin Alyansın açıq-aşkar şəkildə onların köməyinə gəlmək istəməməsi göstərir ki, Gürcüstanın NATO-ya üzv olması çox uzaq gələcəyin məsələsidir. Nə Alyans, nə də üzvləri Gürcüstana görə Rusiya ilə müharibə riskinə girməyəcək. Bu, heç də o demək deyil ki, ABŞ və onun NATO müttəfiqləri Gürcüstanı taleyin öhdəsinə buraxmalıdır. Əksinə Gürcüstanın silahlı qüvvələr sahəsində apardığı islahatlara, ölkənin müdafiə qabiliyyətini və rəqibə müqavimət potensialını möhkəmləndirməyə kömək etmək üçün ABŞ ilə Gürcüstan arasında ikitərəfli əlaqələri, Qərb ölkələri ilə çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək lazımdır. Ancaq ABŞ-ın Gürcüstanın NATO-ya qoşulması ilə bağlı aktiv fəaliyyətini nəzərdə tutan istənilən siyasi kursu çox güman, nəticəsiz olacaq və ya məhsuldarlığı ilə seçilməyəcək, çünki Alyans üzvləri arasında yeni fikir ayrılığına gətirib çıxaracaq.

Amerikanın region siyasəti üçün Azərbaycan ən çətin tərəfdaşdır. Bakının avtoritar daxili siyasi kursu ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına ciddi əngəl törədir. Vətəndaş cəmiyyətinə qarşı repressiyaya, Amerika əleyhinə güclənən ritorikaya və hər yerdə yayılan korrupsiyaya laqeyd qalmaq mümkün deyil. Bir çox aparıcı fəallar, xüsusilə Qərb hüquq mühafizəçiləri ilə əməkdaşlıq edənlər, ya ölkəni tərk etmək məcburiyyətində qalıb, ya da hal-hazırda həbsdədir. Azərbaycandakı vəziyyətə təsir göstərmək üçün ABŞ-ın çox az imkanı var. Məhdud çıxış şərtləri daxilində Vaşinqton ölkə daxilində vətəndaş cəmiyyətinə birbaşa dəstək göstərmək iqtidarında deyil. Üstəlik, belə bir yardım əks nəticələrə səbəb ola, ABŞ ilə əlaqə saxlayan şəxsləri zərbə altına qoya bilər. Alternativ olaraq müvafiq resurslar regional proqrama daxil edilə bilər. Bu proqrama həm ölkədə yaşayanları, həm də sürgündə olanları cəlb etmək lazımdır.

Mənbə: KARNEGİ MƏRKƏZİ

araz.az xəbər portalı.