Bu ilin yanvar ayında Rusiya prezidenti Vladimir Putinin sözçüsü, Kremlin “boz kardinalı” hesab olunan Vladislav Surkov işdən çıxdı. 56 yaşlı Surkovun bu qədər erkən (?) işdən ayrılması Rusiya mediasında ciddi müzakirələrə səbəb oldu. Şübhəsiz, Surkov başa düşürdü ki, o, rəsmi Kreml kimi rus xalqı üçün də vacib fiqurdur və işdən ayrılması ciddi iddiaların ortaya atılmasına səbəb ola bilər. Hətta Surkov işdən çıxdığı gün (25 yanvar 2020-ci il) ilk və təhlükəli iddia səsləndi: “Rusiya Ukrayna istiqamətində kursu dəyişdirdiyinə görə Surkov vəzifəsini tərk edib”. O, vəziyyətin ciddiliyini başa düşürdü, ona görə də, bundan sonra heç bir vəzifə arzusunda olmadığını və meditasiya ilə məşğul olacağını dostu Aleksey Çesnakov vasitəsilə bəyan elədi. O, keçmişlə və gələcəklə bağlı bütün düşüncələrindən xilas olmaq üçün əqlini bir yerə cəmləyib meditasiyaya üstünlük verdi. Bununla da, Surkovla bağlı “strateji” iddialar səngiməyə başladı. Rus politoloqlar bildirirlər ki, “boz kardinal”lar ya gedir, ya qalır, bu məsələdə orta xətt olmur.
Azərbaycanda “boz kardinal” kimi məşhurlaşan 82 yaşlı Ramiz Mehdiyev 2019-cu il oktyabrın 23-də Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarıldı. Onun bundan sonrakı fəaliyyəti haqqında səslənən iddialar öz təsdiqini tapdı və elə həmin gün AMEA-nın prezidenti oldu. O zamana qədər də AMEA bir dövlət qurumu olaraq, R.Mehdiyevin kurasiyasında idi. 82 yaşlı “boz kardinal” meditasiyaya, istirahətə üstünlük vermədi, dərhal digər bir vəzifəyə təyinatını reallaşdıraraq, sanki “hələ görülməmiş işlər var” mesajını vermiş oldu. Amma hansı “görülməmiş işlər”dən söhbət gedirdi? Rusiyanın Azərbaycanda əsas adamı kimi tanınan R.Mehdiyev ölkədə formalaşan yeni münasibətlər sistemində daha bir “maraqlı” addım atmış oldu: Azərbaycanda yeni təyin olunan nazirlər və köhnə məmurlar AMEA-da R.Mehdiyevin masasının ətrafına toplandı. “Boz kardinal” başda oturmuşdu. Ölkənin siyasi-iqtisadi dayaqlarını darmadağın edən köhnə qvardiyanın əsas “majestə”si hesab olunan R.Mehdiyevin yenilikçi komandanın üzvləri olan şəxslərlə öz otağında iclas təşkil etməsinin nə dərəcədə doğru olub-olmadığı ilə bağlı suallar bu günə qədər də adamı məşğul edir. O, həqiqətən belə düşünürdümü ki, ölkədə yeni formalaşan, müasir, daha çevik idarəçilik mexanizmlərində onun “ağsaqqallığı” yenidən təmin olunacaq?
Artıq bu gün vəziyyət tamamilə dəyişib. R.Mehdiyevin karantin qaydalarını pozaraq, bağ evində qız nəvəsinə toy etməsi onun ətrafındakı həlqələri daha da daraltmış oldu. Ölkə mediası, millət vəkilləri, politoloqlar, ictimai-siyasi xadimlər, sosial şəbəkə fəalları onu daha sərt tənqidə məruz qoydular. O, Azərbaycanda xaos yaratmaq istəyən, “ideoloji korpusu” daha çox Rusiyada mənzillənən “5-ci kolon”un əsas adamı olmaqda ittiham olundu. Toy ətrafında baş verənlər, məclis iştirakçılarının ard-arda verilmiş “kifli” bəyanatları və daha sonra baş verən dəyişikliklər başqa mövzunun predmetidir. Bu haqda daha sonra. Amma birmənalı şəkildə bütün ölkə mediası R.Mehdiyevin bu hərəkətini qınadı, nəticədə o, iki dəfə bəyanat yaymaq məcburiyyətinə qaldı. Özü də AMEA-nın rəsmi saytında!
Bəs Rusiyaya bağlı hesab olunan yerli media qurumları R.Mehdiyevi niyə “vurdu”?
Azərbaycanda Rusiyaya bağlı olduğu iddia olunan bir neçə media qurumu var. Həmin media qurumları peşəkar fəaliyyət ortaya qoya bilməsələr də, ancaq “Rusiyanın maşası” olduqlarını da peşəkar şəkildə gizlətməyi bacarırlar. Məsələn, “Novoye Vremya” qəzeti… (Rusiyaya bağlı digər media qurumları və şəxslər haqqında daha sonra)
Qəzetin rusdilli “novoye-vremya.com” (Новое время) saytında 25 avqustda “Ramiz Mehdiyev öz tələsinə düşdü” (Рамиз Мехтиев угодил в свой же капкан) başlıqlı məqalə dərc olundu. Öncədən qeyd edək və maraqlıdır ki, bu məqalə tərcümə olunaraq qəzetin Azərbaycanda dilli yenizaman.az saytında dərc olunmayıb.
Məqalədə hakimiyyətdaxili “müharibə”nin olduğu, bu “müharibə”nin qəzetlərin və sosial şəbəkələrin səhifələrində yer alması, kütlənin bütün bunlardan narahatlıq keçirməsi və R.Mehdiyevin nəvəsinin toyunun bu baş verənlərdə başlanğıc rol oynadığı qeyd olunur. Daha sonra yazılır ki, R.Mehdiyevə beyət edənlər ona xəyanət etdilər: “Bir vaxtlar onlar üçün “kral adamı” olan Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev indi sərt tənqid obyektinə çevrilib. Söz deyildiyi kimi, bir aslan qocalanda çaqqallar sürüyür”. Maraqlıdır ki, məqalənin əvvəlində R.Mehdiyevi “aslan”a bənzədən bu qəzet daha sonra onun haqqında yazır: “Ramiz Mehdiyev ətrafında yaranan vəziyyət onun fəaliyyətinin birbaşa nəticəsidir”.
R.Mehdiyevin açıqlama yayaraq baş verənlərə münasibətini də “yersiz reaksiya” adlandıran müəllif yazır: Ramiz Ənvəroviç, siz ölkəmizdəki bu ikili standartların müəllifi deyilsiniz? 20 illik rəhbərliyiniz dö“vründə, akademik və fəlsəfi bacarıqlarınızla Azərbaycanda qanunun aliliyini, demokratiyanı və çoxpartiyalı bir sistemi məhv edən siz idiniz. Siz, Ramiz Ənvəroviç, polis və məhkəmə qanunsuzluğunun müəllifi və ideoloqu idiniz. Buna görə ikili standartlardan şikayətlənməyin günahdır”. Məqalədə R.Mehdiyev Azərbaycan mediasını məhv etməkdə, siyasi şantajla məşğul olmaqda ittiham edilir.
Bu günə qədər “boz kardinal”ın “çete”sinə daxil olan, onun müdafiəsi üçün bütün “qüvvələrini” səfərbər edən, sərf Mehdiyevin sayəsində və vasitəçiliyi ilə xüsusi qayğı və imtiyazlarla əhatə olunan “Novoye Vremya” qəzeti və onun Baş redaktoru Şakir Ağayevin indiki mövqeyi diqqətçəkəndir.
Ortada iki məqam var:
Birincisi, məlum qəzet R.Mehdiyevi “palaza bürün, elnən sürün” prinsipi ilə “vurur”mu? Yəni, başa düşür ki, artıq Rusiya şəbəkəsinin xilası, “boz kardinal”ın müdafiəsi heç bir halda mümkün deyil və gedişləri dəyişmək lazımdır, yoxsa gəmidə olanlarla bərabər o da suda boğulacaq.
İkincisi, R.Mehdiyevin xilasını mümkünsüz hesab edən, əlini onun üzərindən çəkən “5-ci kolon”un Rusiyada oturan müəllifləri indiki məqamda geri çəkilərək belə yazmağı məsləhət ediblər?
Əgər “Novoye Vremya” qəzeti Rusiyaya, rusmeylli qüvvələrə bağlıdırsa, o zaman sadalanan bu iki məqamın heç biri onları xilas edə bilməz. Bu, sadəcə vaxt udmaq üçün atılan addımdır. Poetik dildə ifadə etsək, bu, suda boğulan saman çöpündən də yapışmağı kimi bir şeydir. Yeni zamanı gözləyək…
Samir FEYRUZOV
araz.az xəbər portalı.