876189Ermənistan hərbi birləşmələri atəşkəsin imzalandığı 1994-cü ildən indiyə qədər qoşunların təmas xəttində dəfələrlə təxribatlara əl atıb. Düşmən ölkə daim Azərbaycan Ordusunun mövqelərini ələ keçirməyə cəhd edib. Son beş ildə Ermənistanın hərbi birləşmələri bütün cəbhəboyu mövqelərdə bir-birinin ardınca ağır zərbələrə məruz qalıblar. Onların bu təxribat hərəkətlərinin nəinki qarşısı alınıb, hətta əks-zərbə ilə bəzi istiqamətlərdə mövqelərini itirmək məcburiyyətində qalıblar.

araz.az bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib.

R.Məmmədli bildirib ki, 2016-cı ilin aprelində baş verən döyüşlər bunun bariz nümunəsi ola bilər. Həmin vaxt Ermənistan ordusunun təxribatı Azərbaycan hərbi birləşmələri tərəfindən 3 istiqamətdə həyata keçirilən əks-zərbə nəticəsində qələbə ilə yekunlaşdı. Azərbaycan həmin istiqamətlər üzrə döyüşün taleyini həll edə biləcək vacib yüksəklikləri geri aldı və ermənilərin mövqelərinə müşahidə imkanını genişləndirdi. 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı da buna növbəti misal ola bilər. Bu ilin iyulunda isə Tovuz döyüşləri zamanı ermənilərin təxribatı Ermənistanın ərazisində – düşmən mövqelərinin dərinliyində yerləşən hərbi məntəqələrin darmadağın olunması ilə nəticələndi.

Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun həyata keçirmək istədiyi təxribatda isə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edildi. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan əsir götürüldü.

Ümumiyyətlə, erməni hərbi birləşmələri 2016-cı ildəki Aprel döyüşlərindən sonra Goranboy istiqamətindəki mövqelərini gücləndirmək, ordumuzun postlarını ələ keçirmək üçün davamlı kəşfiyyat-təxribat hərəkətləri etməyə cəhd edirlər. Bu da növbəti cəhdlərdən biridir. Lakin bu dəfə də Azərbaycan Ordusunun həmin istiqamətdə xidmət aparan hərbçiləri vəziyyəti düzgün qiymətləndirərək, Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunu pusquya sala bildilər. Bu hadisə Ermənistanın Qarabağda vəziyyəti yenidən gərginləşdirmək niyyətindən xəbər verir. Əlbəttə, Ermənistan rəsmiləri bunu etiraf etmək istəmirlər. Əslində, erməni tərəfinin bunu etiraf etməsini gözləməyin özü də yanlışdır. Xocalı faciəsini törətdiyini inkar edən Ermənistandan bunu etiraf edəcəyini gözləmək sadəlövhlük olardı.

“Diversiyanın Ermənistanın müdafiə naziri D.Tanoyanın “Armiya-2020″ hərbi-texniki forumda iştirak etmək üçün Moskvaya səfəri zamanı baş verməsi də təsadüfi xarakter daşımır. Hesab edirəm ki, Ermənistan bu hərəkəti ilə Azərbaycanı təxribata çəkməyə və rəsmi Bakının cəbhədə gərginlik yaratdığı haqda fikir yaratmağa cəhd edib. Həmin səfər zamanı imkandan istifadə edərək isə Azərbaycana qarşı çirkin təbliğata start vermək niyyətində idilər. Lakin cəhdləri baş tutmadı və məlum olduğu kimi, erməni kəşfiyyatçı əsir götürüldü. Ermənistan bu dəfə də əsl faktı gizlətmək üçün növbəti dəfə siyasi həyasızlıq edərək, əsirlə rəftar məsələsini gündəmə gətirmək istəyir. Məncə, Ermənistan həmin kəşfiyyatçının Azərbaycan Ordusunun nəzarətində olan mövqelərə hansı məqsədlə gəldiyini etiraf etsin və buna aydınlıq gətirsin”, – deyə R.Məmmədli qeyd edib.

R.Məmmədli onu da vurğulayıb ki, Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror, diversiya aksiyaları həyata keçirir. Hazırda ölkəmizə qarşı bu tipli aksiyalar həyata keçirməyə çalışan bir çox Ermənistan hərbçisi saxlanılıb və mühakimə olunub. Onlardan Baqdasaryan Arsen Eduardoviçi, Ğazaryan Karen Armenoviçi göstərmək olar.

Xatırladaq ki, Ermənistanda xüsusi təlim keçən Arsen Baqdasaryan Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman hərbi hissə komandirindən Azərbaycan Respublikasının vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrimizin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstərişlər alıb. Arsen Baqdasaryan bu məqsədlə cinayətkar birliyin digər üzvləri ilə birlikdə 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “Fuqas” tipli piyada əleyhinə minalardan üçünü Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub.

Ğazaryan Karen Armenoviç isə 2018-ci il iyulun 15-də səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunlarının təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü – Ğazaryan Karen saxlanılıb

araz.az

araz.az xəbər portalı.