Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial Bağlar” layihəsinə cəlb olunan iştirakçılara dəstək məqsədilə bir sıra dəstək tədbirləri həyata keçirilir.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, ilk olaraq iştirakçıların və onlar üçün yaradılacaq bağçılıq təsərrüfatının növünün seçimi aparılır, iştirakçılar üçün biznesə başlama və biznesin idarə edilməsinə dair təlimlər keçirilir.
Növbəti mərhələdə torpaq sahələri əkin üçün hazır vəziyyətə gətirilir, ərazi köhnə ağaclardan, kollardan, daşlardan təmizlənir və tinglər əkilir. Ərazi hasara alınır, elektrik xətləri çəkilir və damla suvarma sistemi quraşdırılır.
Həmçinin bağlarda mütəmadi monitoriqlər keçirilərək mövcud vəziyyət qiymətləndirilir. İştirakçılar gübrə və dərman vasitələri ilə təmin edilir, onlara lazımı aqrotexniki və digər məsləhət xidmətləri göstərilir. Qurumuş və inkişafdan qalmış tinglər yeniləri ilə əvəz edilir, iştirakçıların avadanlıqlara olan əlavə ehtiyacları da təmin olunur.
Qeyd edək ki, 2018-ci ildən reallaşdırılan layihə çərçivəsində 375 ailə üçün bağ salınıb. Cari ildə 16 rayon üzrə 250 aztəminatlı ailə üçün intensiz meyvə bağlarının yaradılması da nəzərdə tutulur. Hazırda layihəyə müraciətlərin həmin rayonlar üzrə Ərazi Məşğulluq Mərkəzləri tərəfindən qeydiyyatı davam edir. Son müraciət tarixi sentyabrın 1-dir.
araz.az
araz.az xəbər portalı.