876293Dünya miqyasında Çini Avropaya bağlayan bir neçə nəqliyyat dəhlizi var. Dəniz yoluna alternativ olaraq Çini quru yolu ilə Avropaya bağlayan əsas yükdaşımaları Rusiya üzərindən həyata keçirilir. Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin fəaliyyətə başlaması və bu istiqamətdə yükdaşımalarının artırılması region ölkələrinin iqtisadi inkişafına təkan verməklə yanaşı, Çini Avropa ilə birləşdirən alternativ nəqliyyat dəhlizi kimi strateji əhəmiyyətə də malikdir. Paralel olaraq alternativ nəqliyyat dəhlizlərinin inkişafı Çinlə yanaşı, Qərb ölkələri üçün təhlükəsizlik baxımından çox önəmlidir.

Artıq bu ilin iyul ayında Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “ADY Konteyner” (“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi),KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) şirkətləri Çinin Sian şəhərindən çıxan konteyner qatarının Türkiyənin İzmit şəhərinə rekord qısa müddətdə çatdırılmasını təmin ediblər. Bu da dəhlizin cəlbediciliyi baxımından xüsusi önəm daşıyır.

araz.az bildirir ki, Türkiyə Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (TBND) Strategiya və biznesin inkişafı departamentinin rəhbəri, nəqliyyat üzrə ekspert Fatih Şener fed.az-a açıqlamasında BTQ-nin alternativ nəqliyyat dəhlizi olaraq üstünlüklərini sadalayıb.

BTQ Avropa ölkələri üçün strateji əhəmiyyət daşıyır

O qeyd edib ki, Çindən Rusiya üzərindən Avropaya qədər uzanan quru yoluna alternativ bir dəhlizə ehtiyac var: “Rusiya Avropaya təbii qazın verilməsində məhdudiyyətlər edə biləcəyi kimi, Avropaya uzanan nəqliyyat dəhlizində də problemlər yaradaraq təzyiq vasitəsi kimi istifadə edə bilər. Avropa ölkələri buna görə alternativ quru yollarının yaradılmasına çox önəm verir. BTQ-nin fəaliyyət göstərməsi bu baxımdan strateji əhəmiyyətə malikdir”.

BTQ ucuz və kefiyyətli məhsulların Türkiyə bazarına çatdırılmasını təmin edir

F. Şenerin sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin iş birliyi ilə tikilən bu dəmiryolu Çinin Avropa ilə iqtisadi əlaqələrini gücləndirməsi ilə eyni vaxta təsadüf edir. Bu da BTQ-ni önəmli bir alternativ halına gətirir. Ekspert BTQ-nin Türkiyə üçün önəmi olduğunu da qeyd edib: “Qazaxıstanın Aktau limanında bitum (asvalt) zavodu, polipropilen və buğda anbarlarını gəzmişdim. Ucuz və kefiyyətli olan Qazaxıstan məhsulları logistik problemlər səbəbindən Türkiyəyə çox baha gətirilirdi və Rusiya məhsulları ilə rəqabət edə bilmirdi. Bu Türkiyə bazarı üçün problemlər yaradır”.

BTQ iki qardaş ölkənin iqtisadi inteqrasiyası üçün əsas şərtlərdən biridir

Ekspert BTQ-nin Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, BTQ Türkiyə məhsullarının Xəzər hövzəsinə və oradan da dünyanın müxtəlif istiqamətlərinə sürətli çatdırılması üçün önəmlidir. Eyni zamanda, Azərbaycanın daha sərfəli nəqliyyat dəhlizi ilə Türkiyəyə bağlanması və Türkiyə üzərindən həm gəmilərlə Aralıq dənizinə, həm də Londona və Budapeştə qədər uzanan dəmiryollarına bağlanması strateji əhəmiyyət daşıyır.

Digər tərəfdən iki qardaş ölkənin bir-birinə iqtisadi baxımdan inteqrasiyası nəqliyyat xərclərinin aşağı salınmasını şərtləndirir. BTQ dəhlizi həm də bu məqsədə xidmət edir: “Azərbaycan məhsullarının Türkiyəyə, Türkiyə məhsullarının da Azərbaycana ucuz və sürətli daşınmasında yeni yatırımlarla bağlı iş birliyi olacaq. Əlverişli mühit bir çox türk şirkətinin Azərbaycanda istehsal həyata keçirərək Rusiya, Orta Asiya ölkələrinə və ümumilikdə dünyaya satışlar həyata keçirməsinə şərait yaradacaq. Bu isə ancaq dəmiryolu kimi az xərc tələb edən nəqliyyat dəhlizləri vasitəsilə mümkündür”.

Gəmi ilə daşıma tariflərinin aşağı salınması, BTQ ilə yükdaşımlarını kəskin artıra bilər

F. Şener bildirib ki, Xəzər dənizi üzərindən yükdaşıma tariflərinin aşağı salınması BTQ üzərindən daşımaların həcmini kəskin artıra bilər və hazırda buna ehtiyac yaranıb: “Hazırda Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan marşrutundan geniş istifadə edilir. Yüklər Bakıdan Aktua üzərindən Özbəkistana oradan isə Çinə daşınır. Bu nəqliyyat dəhlizinin inkişafını Türkiyə və Azərbaycan rəhbərləri diqqətdə saxlayır. İqtisadi böhran dönəmində belə Azərbaycanda Ələt portu yaradıldı. Xəzərin digər sahilində Türkmənbaşıda və Aktauda yeni limanlar fəaliyyətə başladı. Amma Xəzər üzərindən daşıma tarifləri alternativlərlə müqayisədə yüksəkdir. Nəticədə, Çindən Avropaya yüklər əsasən Rusiya vasitəsilə daşınır, Bakı üzərindən yükdaşımaları isə istənilən səviyyəyə deyil. Bu nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsinə ehtiyac var”.

araz.az

araz.az xəbər portalı.