Koronavirusa görə ötən ilin sonlarından başlayan stresli günlər artıq 8 aydan çoxdur ki, davam edir. Bu müddətdə bir neçəsi istisna olmaqla dünyanın müxtəlif ölkələrində, müəyyən zaman çərçivəsində karantin rejimi tətbiq olunub. Hər ölkə özünəməxsus şəkildə karantin rejimi həyata keçirib. Bəzi ölkələr ÜST-ün tövsiyə etdiyi bütün qadağaları tətbiq edib, bəziləri isə qismən…
Pandemiya bütün dünyada həyatı iflic edib, iqtisadiyyatı, xüsusən də, turizmi çökdürüb. Koronavirusun təsir etmədiyi sahə, şəxs qalmayıb desək, yanılmarıq. COVİD-19-a yoluxub, sağlamlığına zərər dəyənlərdən əlavə minlərlə insan virusun yaratdığı böhran vəziyyətindən ziyan görüb. Hazırda bütün ölkələrdə yüzlərlə insan iş yerlərinin fəaliyyətinin bərpasına ümid edir, onlarla gənc ailə qurmaq üçün koronavirus qadağalarının bitməyini, minlərlə azarkeş fanatı olduğu klubunun oyununda iştirak etməyi, şoppinq həvəskarları səbrsizliklə iri ticarət mərkəzlərinin, dindarlar ibadət yerlərinin, foodbloqerlər restoranların, idmançılar fitness mərkəzlərinin açılmağını gözləyir. Bir sözlə, hər kəs qısa zamanda əvvəlki günlərinə qayıdacağına ümid edir.
Bu virusla bağlı ilk məlumatlar yayılmağa başlayandan çoxlarını “koronavirus nə zaman bitəcək?” sualı maraqlandırıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərində dəfələrlə virusun eliminisasiya metodu barədə məlumatlar verilsə də, hələ də koronavirusun oyun olduğunu düşündüklərinə görə bunun anidən yox olacağını zənn edənlər var.
“Koronavirusun bitməsi” isə absurd anlayışdır, pandemiya bitə, məhdudiyyətlər aradan götürülə bilər, amma bu virus hələ bizimlə uzun müddət yaşayacaq. Çünki pandemiya elan edilməsinə səbəb koronavirusun yoluxuculuq qabiliyyətinin olduqca yüksək olması idi. Yoluxucu virus isə həyatda qalmaq üçün özünə daima növbəti qurban axtaracaq. Yəni, COVİD-19-un müalicəsi üçün vaksin tapılmayana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özümüzü və ətrafımızı qorumağa davam etməliyik. Amma uzun müddət karantin rejimində qalmaq daha ciddi fəsadlara gətirib çıxara bilər ki, bu koronavirusun insan sağlamlığına verdiyi ziyandan qat-qat yüksək ola bilər.
İnsanların aylarla evdən çıxa bilməməsi, planlarının alt-üst olması, doğmalarından ayrı qalması və başqa məqamlar stresin, psixoloji gərginliyin artmasına şərait yaradır. Bundan əlavə pandemiya insanların yaşam səviyyəsinə də mənfi təsir edir, maddi çətinliklərə səbəb olur. Həmçinin, karantin rejimi ayrı-ayrı şəxslərin yox, ölkələrin də iqtisadiyyatını iflic vəziyyətdə qoyur. Hətta bu barədə Ümumdünya Səhiyyə Təşkilatının etirafı da var.
Məhz psixoloji və iqtisadi faktorlaq nəzərə alınaraq müxtəlif ölkələrdə özünəməxsus formada yumşalma tədbirləri həyata keçirilib. Ölkəmizdə də, avqust ayının əvvəllərindən etibarən müəyyən qədər güzəştlər edilib, bəzi məhdudiyyətlər ləğv edilib.
İlk yumşalma qərarı zamanı yoluxma sayında ciddi şəkildə artım baş versə də, növbəti yumşalmadan sonra rəqəmlər çox da qorxulu görünmür. Bu da yaxın günlərdə bəzi sahələrdə məhdudiyyətlərin aradan qaldırılmasına səbəb ola bilər. Həmçinin, karantin rejimi tətbiq olunan bəzi rayonlarımızda bu qadağaların ləğv olunma ehtimalı da var.
Amma beynəlxalq təcrübə göstərir ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur olublar.
Bəxtiyar Umarlı
Milli.Az
araz.az xəbər portalı.