hjmmmm99Avqustun 9-da Belarusda prezident seçkiləri keçirildi. Belarus Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonun 80% , onun əsas rəqibi Svetlana Tixonovskayanın isə 10,1 % səs topladığını açıqladı. Məhz bundan sonra paytaxt Minskdə və digər şəhərlərdə əhalinin kütləvi mitinqləri keçirildi, vətəndaşlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurmalar baş verdi. Mitinqlər hələ də səngiməyib. Avqustun 26-sı axşam saatlarında Minskdə yağışlı havaya baxmayaraq, müxalifətin yüzlərlə tərəfdarı “İstiqlal” meydanında icazəsiz aksiyaya başladı. Bəs nə baş verir, siyasətçi olmayan, kimliyi və fəaliyyəti xeyli suallar yaradan, seçkilər ərəfəsində müəmmalı şəkildə ortaya atılan Tixonovskaya kimdir və kütlə onu nə üşün müdafiə edir?

Birinci istiqamət: a) Tixonovskaya avqustun 11-də Litvaya qaçdı və oradan Avropa ölkələrinin liderlərini Belarusda keçirilmiş prezident seçkilərinin nəticəsini tanımamağa çağırdı. Litvanın Xarici İşlər naziri Linas Linkeviçius S.Tixonovskayanın təhlükəsizlikdə olduğunu, onun ən yüksək səviyyədə müdafiə olunduğunu bildirdi. b) Avropa İttifaqı “Belarusun xalqının özünə lider seçmək hüququ var” deyərək Lukaşenkoya təzyiq edir, amma Tixonovskayaya da açıq dəstək nümayiş etdirmir. c) “Azadlıq radiosu” və “Amerikanın səsi” ardıcıl və sistemli şəkildə Tixonovskayanın “tarixi zərurətdən doğan” lider olduğunu, Lukaşenkonun “sonuncu Avropa diktatoru” kimi getməsinin vacibliyini bildirir. Belarusda Qərb dairələrinə bağlı qüvvələrin, siyasi fəalların bütün çıxışları yerli müxalif kanallarla birlikdə “Azadlıq radiosu” və “Amerikanın səsi”ndə paralel formada aparılır. Bir çox materiallar müxtəlif loqolarla eyni anda paylaşılır. Amma hazırlanan sujetlərin eyni mətbəxdə hazırladığını aydın görünür. d) Lukaşenkoya qarşı davamlı mübarizə aparan, xalqın etiraz aksiyalarını proqnozlaşdıran “Next” və “Belarus qolovnoqo mozqa” kanallarının hazırladığı materiallar ABŞ-da və Avropa ölkələrində mənzillənən beynəlxalq insan hüquqları təşkilatlarının Belarusla bağlı əsas material bazası rolunu oynayır. Hər iki kanal “Amerikanın səsi” və “Azadlıq radiosu”nun nəzarəti altında fəaliyyət göstərir.

Belarusu “dünyanın bir parçası kimi” Rusiyadan tamamilə ayırıb Avropaya qatmaq, amma necə? Ukraynada baş verən “Maydan” hadisələrini Belarusda təkrarlamaq yolu ilə… Ukraynanın taleyini Belarusa yaşatmaq şərtləri altında… Belarus da Ukraynanın taleyini yaşamalıdır. Qürurlu və iradəli Belarusun ərazi bütövlüyünü qorumaq şərtilə Avropanın bir parçasına çevirmək sadəcə yuxudur.  Krımın taleyi bütün dünyaya bəllidir, Avropa isə Belarusun bütövlüyünə zəmanət vermir.

İkinci istiqamət: a) Avqustun 17-18-də Lukaşenko Avropa ölkələri ilə sərhəddə qoşunu hazır vəziyyətə gətirir. Lukaşenko Avropadan gələn hansı təhlükəni hiss edir? b) Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsinin sədri Valeri Vakulçikə müxalifətin inqilab ssenarisinin qarşısını almağı tapşırır c) Lukaşenko Belarusdakı vəziyyəti Ermənistanla və ya Ukrayna ilə müqayisə edərək “bəziləri isə burada yaradılan hər şeyi-nəinki prezident Lukaşenkonu, bütün hakimiyyəti qəpik-quruşa satmaq istəyirlər, xalq təşkil olunub” deyir d) Lukaşenkonu devirmək istəyən şəxslərin, qısa müddətdə etirazçı kütlənin “rul”una çevrilən şəxslərə diqqət yetirək: bloqqer Sergey Tixanovski (“Həyat üçün ölkə” YouTube kanalının sahibi), onun həyat yoldaşı Svetlana Tixanoskaya, Belarus Yüksək Texnologiyalar Parkının keçmiş rəhbəri, prezidentin sabiq köməkçisi Valeri Tsepkalo və “Belgazprombank”ın keçmiş sədri Viktor Babariko! Bu şəxslərin heç biri dünənən qədər cəmiyyətdə ciddi qəbul olunmurdu, amma etiraz aksiyaları onların ciddiliyini, eləcə də, Lukaşenkonun onları ciddəyətə almasını təmin etmiş oldu. Bu şəxslər, onlara yaxın insanlar, xüsusilə də, onların nəzarətində olan aktiv siyasi fəalların əksəriyyəti Avropanın müxtəlif təşkilatlarının fərdi təqaüdçüləridirlər. Düşünməyə dəyməzmi? Putinin Belarusun daxili işlərinə müdaxilə etməyin düzgün olmaması ilə çağırışı o anlama gəlmir ki, Lukaşenko Rusiya tərəfindən qorunur. Şübhəsiz ki, Belarus üçün belə bir çətin məqamda Rusiya öz şərtlərini qəbul etdirmədən Lukaşenkonun hakimiyyətə qalmasına “yaşıl kart” yandırmayacaq. Hər bir dövlət Belarusla bağlı öz maraqları çərçivəsində siyasət aparmağa məcburdur. 

Lukaşenko hələ keçən il “artıq prezidentlikdən yorulmuşam” da demişdi. Bəs niyə getmir? Lukaşenko öz hakimiyyətini qorumaq üçün yox, Belarusun gələcəyini və dövlətçiliyi xilas etmək üçün mübarizə aparır.

Amma hazırda tərəfdarları ilə bərabər onun hakimiyyətinin hələ də qorunub saxlanılmasında əsas faktora çevrilən güc strukturlarıdır. Özündən sonra alternativ lider yetişdirməmək isə ona qarşı irəli sürülən əsas iddiaların sırasındadır. Tutaq ki, o getdi, o zaman Belarusun gələcəyini hansı milli qüvvə və milli müxalif lider qarantiyaya alacaqdı? Təsadüfi deyil ki, Belarus üçün belə bir həssas məqamlarda Tixonovskayaya bənzər kimliyi, məqsədi bilinməyən şəxslər ortaya atılıb kütlənin liderinə çevrilə bilirlər. Bu, amil təkcə Belarusda deyil, bütün ölkələrdə keçərli aksiomadır. Xalqı, dövləti, cəmiyyəti alternativ liderdən məhrum etmək, dövləti bu sarıdan qısır etmək olmaz. Əks halda, dövlətin gələcək taleyi sual altına düşür.

Bəs bizə kim lazımdır: Lukaşanko, yoxsa Tixinovskaya?

Elə əsas sual da budur! Biz Belarusda baş verənlərə öz milli çıxarlarımız çərçivəsində baxmağı bacarmalıyıq. Belarusun taleyini biz həll edə bilmərik, bu dövlətin üzərində növbəti oyun qurulub və biz heç bir halda bu oyunları poza biləcək gücdə deyilik. Deməli, bircə yol qalır: Azərbaycan xalqı öz dövlət strategiyası çərçivəsində Belarusda baş verənləri dəstəkləməli, münasibət bildirməlidir.  

Birinci amil: Lukaşenko Azərbaycan dövlətinin beynəlxalq aləmdəki haqlı mövqeyinə daim dəstəyini ifadə edib. Ölkəmizin ərazi bütövlüyünün vacibliyini bildirib.

Birincisi, Lukaşenko Qarabağ probleminin hələ də həll olunmamasına görə ATƏT-in Minsk qrupunu dəfələrlə sərt şəkildə tənqid edib. Sonuncu dəfə ötən il dekabrın 14-də Qarabağ probleminin tezliklə həll olunmasını, bu problem ətrafında oyunbazlığa son qoyulmasını tələb etmişdi.

İkincisi, Lukaşenko bir neçə gün öncə Belarusun Ermənistan və Ukrayna ilə müqayisə olunmasına etiraz edərək bildirmişdi: “Bizi burada yeni paşinyanlarla, zelenskilərlə müqayisə etməyə ehtiyac yoxdur. Bizdə hazırkı vəziyyət nə Ermənistanda, nə də Ukraynadakı kimi deyil”.  

Göründüyü kimi, Lukaşenkonun Ermənistana və Paşinyana münasibəti bəllidir, o, “paşinyanlar” ifadəsindən dərhal sonra “onlar hakimiyyətlərini, hər şeyi qəpik-quruşa satdılar” deməklə, əslində bizim milli çıxarlarımıza uyğun bir möqve ortaya qoyur və bu, ümumilikdə, Belarus dövlətinin Ermənistan dövlətinə və Paşinyana olan mənfi münasibətinin ifadəsidir.

Bu günə qədər Azərbaycan və Ermənistan arasında baş verən hadisələr zamanı, eləcə də, regionda və dünyada cərəyan edən proseslərdə Belarusun ədalətli mövqeyini müşahidə etmişik.

Heç şübhəsiz ki, Belarus xalqının daha yaxşı yaşaması, sosial tələblərinin yerinə yetirilməsi bizim də marağımızdadır. Lakin Belarusda müxalif qüvvələrin kütlə halında həyata keçirdiyi planlar Belarusun gələcəyini məhv etmək üçün hazırlanmış məkrli planlardır.

Liviya, Misir, Suriya, Ukrayna və s. dövlətlər “xalq demokratik inqilab etdi” adı altında terorra məruz qaldı. Bu dövlətlər özlərini hələ də toparlaya bilmirlər, bir hissəsi öz keçmiş liderlərinin həsrətini çəkir, xalq zəlalət içərisində yaşayır, digərləri isə hələ də sərhəd savaşındadırlar.

İkinci amil: S.Tixonovskayanı tanımırıq, o, siyasətçi də deyil, ərinin həbsindən sonra kütlənin qarşısına atılmış, daha sonra ölkədən qaçmış “lider”dir. O, yalnız Qərb mediasına açıqlama verir, “bütün xalq məni dəstəkləyir” deyir, amma nədənsə, onu dəstəkləyən xalq “acizdir”, Tixonovskayanı Belarusa gətirə bilmir. Dolayısı ilə xalqın yox, ölkələrə inqilablar ixrac edən Qərb dairələrinin küçələrə tökdüyü, nə istədiyini bilməyən kütlənin “lideri” olduğunu ifadə etmiş olur. Lukaşenko da bunu gözəl bilir. Oturuşmuş bir dövləti hardan idarə olunduğu bilinməyən kütlənin başında duran ixtisassız şəxslərə həvalə etmək axmaqlıq olardı. Tixonovskaya naşı “siyasət”çidir, Avropanın “maşası” olduğuna görə sabah Qarabağ problemi ilə bağlı ermənipərəst möqve ortaya qoymayacağı ilə bağlı kimsə zəmanət verə bilməz. 

Etiraz edənlərə nəyə görə “nə istədiyini bilməyənlər” deyirik, izah edək:

Belarus iş adamları pullarını ölkədən çıxarmırlar, əksinə öz ölkələrinə gətirirlər. Dövlət tərəfindən bütün iş adamlarına aqrar və sənaye sektorunda münbir şərait yaradılıb. Belarus xalqı ən yüngül və sərfəli iş rejimində çalışan xalqlar sırasında ilk yerlərdən birini tutur. Belarus möhkəm iqtisadi sistemi malik aqrar dövlət kimi tanınır, ölkədə maldarlıq, əkinçilik, bitkiçilik və aqrar texnika istehsalı çox inkişaf edib. Belarus öz daxili yem tələbatını artıqlamasıyla ödəyir və qonşu dövlətlərə kütləvi halda süd, süd məhsulları, tərəvəz ixrac edir. Ölkədə maşınqayırmanın bütün sahələri və yüngül sənaye ən yüksək səviyyədə inkişaf edib.

Belarusun resurslarını istismar etmək istəyən əksər xarici biznes təşkilatları ölkədən qovulub və əvəzində yerli sərmayələrə üstünlük verilib. Yerli sahibkarlar ölkənin bütün şəhərlərində istehsal müəssisələri yarada biliblər. Ona görə də, Belarus dünyada işsizliyin ən az olduğu ölkələrdən biridir. Belarusda kimsə işsizlikdən əziyyət çəkmir.

Təhsil və səhiyyə sietemində rüşvət demək olar ki, yoxdur. Hətta ödənişli təhsil sistemi 90% ləğv edilib, insanlar dövlət hesabına təhsil alırlar. Bu da təhsildəki bürokratiyanı tamamilə aradan qaldırıb.

Lukaşenko 26 ildir Belarusda prezidentdir, adı korrupsiya və rüşvətdə heç vaxt hallanmayıb, dövlət məmurları rüşvətdən uzaqdırlar. Axı əksər ölkələrdə prezident əleyhinə keçirilən mitinqlərdə birinci şüar korrupsiya və rüşvətlə bağlı olur. Belarusda isə bu yoxdur. Korrupsiyanı dövlətin, cəmiyyətin beynində “xərçəng şişi”nə bənzədirlər. Belarus “xərçəng şişi”ndən əziyyət çəkmir. 

1991-ci ildə müstəqillik qazanan Belarusun Qərb dövlətləri ilə münasibətləri daim soyuq olub, heç şübhəsiz, insanları küçələrə tökərək bu münasibətlərdə “istilik” yaratmaq cəhdləri uğursuz taktikadır. Xalq pulsuz təhsilin olduğu, bilik səviyyəsinə görə dünyada ilk yerlərdən birini tutan, dünyanın heç bir ölkəsində uğurla nəticələnməyən tibbi əməliyyatların 100% uğurla nəticələndiyi Belarus dövlətini qorumalıdır.

Əgər kütlə istəyinə nail olacaqsa, Belarus cəmiyyətinin aldığı ən ağır zərbələrdən biri də bu olacaq: cəmiyyət 3 hissəyə bölünəcək: XALQ – İQTİDAR – MÜXALİFƏT. Xalq nə müxalifətin, nə də iqtidarın yanında olacaq. Və bu zaman Belarusun gələcəyini kimsə xilas edə bilməyəcək.

Samir FEYRUZOV

Ardı var...

araz.az xəbər portalı.