Son həftələr Operativ Qərargahın Azərbaycanda koronavirus infeksiyasının yayılma vəziyyəti ilə bağlı açıqladığı statistika bölgələrdə yoluxma sayında ciddi azalmaların olduğunu göstərir. Əgər azalma dinamikası bu templə davam etsə, yoluxma təhlükəsinin yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər 10 rayonun (Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) “sarı” zonaya keçirilməsi mümkündür. Uzun müddətdir bu rayonlarda yoluxma faktlarının aşağı səviyyədə olması buna tam şərait yaradır.
Həmçinin sanitar-epidemioloji vəziyyətdən asılı olaraq və ciddi nəzarət mexanizmi tətbiq edilməklə qadağaların olunduğu bir sıra sahələrdə, o cümlədən, tədris, repetitor xidmətlərində məhdudiyyətlərin aradan qaldırılması da mümkündür.
“Yeni Gündəm” xəbər verir ki, iyun ayından bəri açıqlanan statistik məlumatlarda Gəncə-Qazax bölgəsində yoluxma dinamikasının azalan templə getdiyi müşahidə olunur.
Məsələn, iyun ayının 23-də açıqlanan statistikada bölgələr arasında koronavirusa ən çox yoluxma halı Gəncə-Qazax regionunda baş verib – 10,3 faiz.
İyunun 29-da təqdim edilən nəticələrdə isə bu rəqəm 9,4 faiz, iyulun 7-də 8,4 faiz, iyulun 30-da 6,9 faiz təşkil edib. Avqust ayında açıqlanan statistik rəqəmlər bu nəticənin bir qədər də azalaraq 7 avqustda 6,7 faizə və 18 avqustda 6,6 faizə düşdüyünü göstərir.
Eyni nəticə Lənkəran zonasında da müşahidə olunur. İyun ayının sonlarında 6,4 yoluxma faizi qeydə alınan Lənkəranda növbəti aylarda rəqəmlərdə xeyli azalma olub və avqust ayının 18-nə aid son statistikada 4,4 faizə düşüb.
Həmçinin iyul ayının 30-a açıqlanan statistikada ölkə üzrə koronavirus infeksiyasına yoluxanların 2 faizi Quba-Xaçmaz zonasının payına düşürdüsə, növbəti ayda bu sayda azalma qeydə alınıb. Belə ki, avqustun 7-si və 18-nə açıqlanan göstəricilərdə bu faiz dərəcəsi 1,9 faizə enib.
Qeyd edək ki, 50-yə qədər yoluxma sayı sarı bölgəyə, 50-100 arası yoluxma olan bölgələr isə narıncı bölgələrə daxil edilir. Ökə ərazisində indiyə qədər 35707 virusa yoluxma halı qeydə alınıb, 33281 nəfər sağalıb, 522 nəfər ölüb. Aktiv xəstə sayı isə 1904-dür./qafqazinfo/
araz.az xəbər portalı.