“Ceyhun Bayramovun Moskvaya səfəri və Lavrovun “ATƏT-in Minsk qrupunun həmsədrləri formatın dəyişdirilməsini qəbul edilməz hesab edir” açıqlaması Dağlıq Qarabağ münaqişəsi ətrafında hərbi addımların öndə olacağı yeni gərginliyin başlanğıcıdır. Nə Bakıda, nə Moskvada razılıq əldə olunmadı və Rusiyanın “hakim” olduğunu nümayiş etdirmək üçün eskalasiyaya ehtiyacı var”.
Turkustan.info xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı söyləyib.
Bakıda nə baş verdi?
Onun sözlərinə görə, Rusiya Şoyqunu Bakıya Türkiyənin danışıqlarda vasitəçi olmaq istəyinə cavab verməzdən öncə müəyyən məsələləri aydınlaşdırmaq və istəyini çatdırmaq üçün göndərib. İstəkləri isə bunlar olub:
1. Türk ordusunun Azərbaycanda varlığı nə qədərdir və bu, nə qədər davam edə bilər?
2. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı minimallaşdırılmalı (söhbət türk hərbiçilərinin varlığından gedir), yaxud Qarabağ məsələsində həlledici rol oynamamalıdır:
“Böyük ehtimalla Şoyqunun öyrənmək istədikləri və irəli sürdüyü şərt bundan ibarət olub. Azərbaycan-Türkiyə hərbi təlimləri və türk ordusunun torpaqlarımızda varlığı Rusiya üçün təkcə Qarabağ münaqişəsi baxımından yox, tarixi-siyasi maraqlar fonunda qəbuledilməzdir.
Moskva Qərblə mübarizədə Türkiyə amilinin əhəmiyyətini nəzərə alaraq, münaqişənin Ankara ilə birgə həllinə türk ordusunun bölgədə varlığının olmaması şərti ilə razı olar, bunun əksi – Azərbaycan və Türkiyənin hərbi platformada birgə hərəkəti rusların problemin sülhməramlılarını Qarabağa yerləşdirmək və həll açarını daim əlində saxlamaq planları üçün təhlükəlidir.
Şoyqu Bakıda hərbi masadakı vəziyyəti aydınlaşdırmalı və diplomatik masada veriləcək qərara istiqamət verməli idi. Nəticə ruslar üçün ürəkaçan olmadı”.
Moskvada nələr oldu?
A.Nərimanlının fikrincə, Ceyhun Bayramovla görüşən Lavrovun çıxışı üç aspektdən diqqət çəkir.
– “ATƏT-in Minsk qrupu həmsədrləri formatın dəyişdirilməsini qəbul edilməz hesab edir”;
– “Rusiya bundan sonra da həm milli formatda, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri çərçivəsində səylərini davam etdirəcək”;
– “Danışıqlar danışıqlar xatirinə yox, sülh yolu ilə həll üçün məqsədyönlü olmalıdır”;
Birinci mesaj: Türkiyənin Minsk qrupunda əsas vasitəçilərindən biri olmasını qəbul etmirik.
İkinci mesaj: Rusiya “milli formatda”, yəni tərəflər arasında “əsas vasitəçi”dir və danışıqlara biz nəzarət edəcəyik;
Üçüncü mesaj: “Danışıqlar sizin istədiyiniz kimi, danışıqlar xatirinə keçirilməyəcək”.
Siyasi şərhçi düşünür ki, son mesaj Azərbaycana verilir və Rusiya bununla “əsas vasitəçi olaraq istəklərinizi nəzərə alırıq” demək istəyir:
“Lavrovun həmsədrlərin gələn ay bölgəyə səfərini anons etməsi də proseslərin hansı istiqamətdə inkişaf edəcəyi təxminlərinə yön verir.
Rusiya bununla səfərin təşkilatçısı olduğunu açıqlayır, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi fonunda həmsədrlərin görüşündə nə müzakirə olunacaq, daha doğrusu, “danışıqların məqsədyönlü olması” üçün hansı addımlar atılacaq sualı aktualdır.
Rusiya nöqteyi-nəzərindən yanaşdıqda:
birincisi, Moskva danışıqlar masasına tərəflərə təkliflərlə gəlməlidir;
ikincisi, münaqişənin həllində əsas “barışdırıcı və sülhü təmin edən” kimi görünməlidir;
üçüncüsü, Türkiyəyə və Türkiyəni danışıqlar prosesinə daxil etmək istəyən Azərbaycana problemin həllində olduğu kimi, regionda da “hakim mənəm” mesajını verməlidir;
Mövcud şərtlərdə danışıqlara getmək rusların istəyinə nail olmasında effektsiz olacaq, “bölgədə əsas güc” nümayişi planı yalnız hərbi gərginlik fonunda mümkün görünür”.
Cəbhədə nə baş verə bilər, yaxud nəyə hazırlıq gedir?
A.Nərimanlı bildirdi ki, Tovuz döyüşlərindən sonra Türkiyə-Azərbaycan birgə hərbi təlimləri keçirildi və bu təlimlər nəzərdə tutulan vaxtda – avqustun 10-da bitmədi, 11-də müdafiə və xarici işlər naziri Ankarada idi, 12-də türk hərbi rəhbərliyi Bakıya gəldi. Bu, rusları narahat edən “türk hərbi varlığının” və mümkün toqquşmalarda Türkiyənin iştirakının nümayişi idi. Tovuz döyüşləri ərəfəsində və sonrakı günlərdə Rusiyadan Ermənistana tonlarla silah daşındı, daşımanın müəyyən aralıqlarla hələ də davam etdiyinə dair məlumatlar var:
“Şoyqu Bakıda 400 tonluq silah partiyasının Gümrüdəki rus bazasına aparıldığını açıqlaması isə ictimaiyyət üçün nəzərdə tutulmuşdu, qapılar arxasında müzakirə yəqin ki, açıq gedirdi. Çünki silah daşınması dəqiq informasiya olmasaydı Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə sonuncu telefon danışığını bu məsələ üzərində qurmazdı.
Daşınan silahlar rusların Bakı və Ankaranın hərbi planları önə çıxarmasına hazırlığı kimi görünür, hərçənd, Şoyqunun səfəri və Lavrovun mesajları hücumun Ermənistan tərəfindən edilə biləcəyi ehtimalını gücləndirir.
Və bu proseslər fonunda Ermənistanda sonuncu kadr təyinatı təsadüfi deyil.
Nikol Paşinyan keçmiş müdafiə naziri Vaqarşak Harutyunyanı müşaviri təyin etdi. Bakı Hərbi-dənizçilik məktəbinin məzunu olan Harutyunyan Rusiya ilə sıx əlaqələrə malikdir, Azərbaycanı və bölgəni yaxşı tanıyır.
Erməni baş nazir bu təyinat üzərindən Moskva ilə körpüləri inşa edir, lakin yeni hərbi planların ruslarla koordinasiya edilməsində Harutunyanın əsas vasitəçi olacağı da istisna deyil.
Mümkün ssenari:
– cəbhədə erməni təxribatı ilə eskalasiya başlanır və böyük ehtimalla bu toqquşmaların miqyası kiçik olmayacaq, Rusiya “hakim” olaraq tərəflər arasında sülhü təmin edən kimi çıxış edəcək və həmsədrlərin görüşünə konkret təkliflərlə gələcək;
– bu təkliflər “Kazan düsturu” və “Lavrov planı” kimi tanınan, “aprel müharibəsi”ndən sonra masadakı əsas sənəd olan ətraf rayonların qaytarılması, ardınca digər addımların atılmasıdır;
– hərbi toqquşma Ermənistan hakimiyyəti üçün daxili vəziyyətdən yayınmaq üçün lazımdırsa, Rusiyaya Serj Sarkisyanın qəbul etdiyi plandan imtina edən Nikol Paşinyanı masaya gətirmək və öz planına razı salmağa məcbur etmək üçün sərfəlidir;
– Türkiyə və Azərbaycana bölgədə “əsas gücün” Rusiya olduğunu göstərmək istəyirlər;
Yaxın günlərdə cəbhədən gələn xəbərlərə baxın…” /BakuPost/
{loadmoduleid 242}
araz.az xəbər portalı.