“Deməli, Rusiya Türkiyəni Azərbaycandan çıxarmaq üçün bütün vasitələrə əl atacaq”
Rusiya mediası bu ölkənin müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfərini çox solğun işıqlandırdı. Nazirin Azərbaycana səfərinin səbəbi kimi onun “Dəniz kuboku” oyunlarının açılışında iştirakı göstərilir. Burdan belə qənaətə gəlmək olar ki, Xəzər ətrafında “oyunlar” hələ də davam edir.
Digər tərəfdən də Şoyqunun səfəri həm də az qala sülhməramlı missiya kimi təqdim edilir.
Bəs həqiqətdə Şoyqu Bakıya hansı missiya ilə gəlmişdi? Bu sualın cavabını nazirin özünün açıqlamalarında tapmaq olar. Amma öncə səfərdən əvvəl olmuş bəzi olayları xatırlayaq.
Düşmənin Tovuz təxribatı və ondan düz 1 ay sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deməsi ki, münaqişəyə səbəb Ermənistanın köhnə sərhəd məntəqəsini bərpa etmək istəyi olub. Lavrov onu da bildirdi ki, bunun məqsədi Azərbaycanın Tovuz ərazisindən keçən kommunikasiyalarına nəzarət istəyi olub.
Beləliklə, üzdə Ermənistanı ittiham edən bəyanatın əsl məqsədi hədəfi göstərməklə Azərbaycanı təhdid etmək idi, çünki Ermənistanın ən azı 4 ölkəyə Azərbaycanın enerji daşıyıcılarını nəql edən kəmərlərə nəzarət istəyi ona çox baha başa gələ bilərdi və bunu da İrəvan anlamaya bilməz.
İndi qayıdaq Şoyqunun Bakıdakı bəyanatlarına:
1. Tovuz təxribatının arxasınca Rusiyadan Ermənistana daşınan 400 t yük silah yox, az qala Rusiya hərbi bazası üçün kırpic, qum, sement kimi tikinti materialları imiş;
2. Ermənistanın hərbi müttəfiqi olan Rusiya Azərbaycana qarşı heç vaxt heç bir addım atmayıb;
3. Rusiya Azərbaycana öz tərəfdaşı kimi baxır və pandemiya səbəbindən zəifləyən əlaqələri əvvəlki səviyyəyə qaytarmaqda maraqlıdır;
4. Rusiyanın Cənubi Qafqaz bölgəsində maraqları var, amma bu maraqlar bölgə ölkələrinə qarşı yönəlməyib.
Gördüyümüz kimi, Şoyqunun açıqlamaları Lavrovun bəyanatının davamıdır. Bəli, Rusiya Cənubi Qafqazı öz mütləq təsir dairəsinə qaytarmaqda israrlıdır, bu isə o deməkdir ki, bölgədə təxribatlar və münaqişə ehtimalları artacaq. Rusiya Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını öz maraqlarına təhdid kimi görür.
Deməli, Rusiya Türkiyəni Azərbaycandan çıxarmaq üçün bütün vasitələrə əl atacaq. Bu, həm də Rusiya qazından imtina edərək, Azərbaycandan qaz idxal edən Türkiyəni yenidən öz qazını almağa məcbur etmək üçün zəruridir. Nəhayət, müxtəlif bölgələrdə Türkiyənin təpkisi ilə üzləşən Rusiyaya Qafqazda uğur lazımdır.
Əks halda onun Yaxın Şərq missiyası mənasını itirə bilər.
Beləliklə, özünü “sülh göyərçini” kimi təqdim edən Şimal qonşumuzun əsas məqsədi Cənubi Qafqazı və xüsusilə də Azərbaycanı özünün Yaxın Şərqə çıxış dəhlizi kimi əldə saxlamaqdır.
Amma təcrübə göstərir ki, istənilən ölkəni təslimçiliyə sürükləmək üçün xarici amildən istifadə (bizim halda Qarabağ münaqişəsi) yetərli deyil. O, yalnız detonator rolunu oynaya bilər, partlayıcı isə ölkənin daxilində olmalıdır. Bu mənada isə RHamısı birmənalı olaraq Rusiyaya ümidlə baxan müxtəlif qruplar arasında başladılan qarşıdurmaların, xüsusilə də onların kəskinləşməsinin məhz indiyə təsadüf eləməsi də təsadüfi sayılmamalıdır. Azərbaycan yaxın gələcəkdə istər daxildən, istərsə də xaricdən qaynaqlana biləcək bütün təxribatlara hazır olmalıdır.
Ərəstun Oruclu, Politoloq
araz.az xəbər portalı.