IMG_3455.JPG


– Buludxan müəllim, Yusif  Vəzir Çəmənzəminlinin, Nəriman Nərimanovun əsərlərində ermənilik, onun fərqli aspektdən açılması ilə bağlı araşdırmalarınız diqqətimizi cəlb etdi. Çox zaman deyirik ki, bizim yaddaşımız qısadır. Yaxın və uzaq tariximizdən ibrət götürmürük. Bu baxımdan Azərbaycan ədəbiyyatında ermənilik necə təsvir edilib?

– Onu deyim ki, yaddaşımızın erməni məsələsinə münasibətində bir az korşalma var. Bu faktdır. Yəni XX əsrin əvəllərində  dəfələrlə baş vermiş erməni təcavüzünü, ermənilərin azərbaycanlılara qarşı  törətdikləri soyqırımı unutmuşuq. Amma fakt ondan ibarətdir ki, bu hadisələr bizim ədəbiyyatımızda öz əksini tapıb. Nəinki  XX əsr Azərbaycan ədəbiyyatında, hətta Nizami Gəncəvinin, Nəsiminin yaradıcılığını da bu baxımdan araşdırmağa ehtiyac var.  Mən Nizami  Gəncəvidəki  “ərmənilər” məsələsinə toxunmaq istəyirəm. Çox təəssüflər olsun ki,  bizim tarixşünaslıq və dilçilik elmimiz  indiyə qədər belə analiz aparıb ki, Nizami Gəncəvi ərmənilər, ərmən tayfası və Ərməniyyə dedikdə,  indiki Ermənistan və  müasir erməniləri nəzərdə tutub. Əslində isə Nizami Gəncəvinin bəhs etdiyi ərmənilər qədim türk tayfalarıdır. Siz  fikir verirsinizmi, Nizami Gəncəvi həmin ərməniləri  çox dürüst şəkildə təsvir və xarakterizə edir, onlara rəğbətlə yanaşır. Nizami Gəncəvi  qədər ikinci  bir türkcü şair tapmaq çox çətindir. O, türkçülüyə çox bağlı adam olub. O heç zaman indi başa düşdüyümüz erməniləri  o cür rəğbətlə  təsvir edə bilməzdi. Həmin ərmənilər qədim türk tayfalarıdır və Ərməniyyə dedikdə,  ərmənilərin yaşadığı,  yəni türk tayfalarının yaşadığı ərazi nəzərdə tutulur.

Bizim ədəbiyyat tariximizdə  bu məsələlərə kifayət qədər aydınlıq  gətirən ədəbi-bədii nümunələr  tapa bilərik. XIX və XX yüzillik Azərbaycan xalqının həyatında çox  yadda  qalan və  taleyüklü məsələləri  həll edən əsrlər olub. XIX-XX əsrlər millətlərin formalaşdığı,  elmlərin bir-birindən ayrıldığı dövr idi. XIX əsr həm də Azəbaycan ədəbiyyatı, mədəniyyəti, düşüncəsi, tarixi, etnoqrafiyası tarixində maarifçilik dövrü idi. XX əsr müharibələr dövrü kimi yaddaşlarda qalıb. İki dünya müharibəsi, Sovet İttifaqının yaranması, dağılması məhz bu əsrin payına düşüb. Hazırda yaşadığımız XXI əsr isə məhz  yaddaşsızlıq əsridir. Bizim ədiblərimiz 20-ci əsrin əvvələrindən  başlayaraq  bəzən tarixi mövzulara  müraciət edərək erməni məsələsinə çox ciddi yanaşıblar. Məmməd Səid Ordubadinin, Yusif  Vəzir Çəmənzəminlinin yaradıcılığında erməni məsələsi öz əksini tapıb, müəyyən dərəcədə Səməd Vurğun “Vaqif”  dramında erməni ilə bağlı xarakterik  obraz yaratmaq istəyib, Cəfər Cabbarlının “1905-ci ildə”  əsəri bilavasitə bu mövzudadır, Üzeyir Hacıbəylinin  felyetonlarında  erməni məsələsinə toxunulub. Amma təəssüf ki, ədiblərimizin yaradıcılığında erməni məsələsini düzgün təhlil edə bilməmişik.  Çünki, bizim ədəbi tənqidimiz sovet ideologiyasının içindən çıxıb. Sovet tarixşünaslığı  və   ədəbi tənqidi ideologiyaya, xalqlar dostluğuna, beynəlmiləlçiliyə xidmət edirdi.  Ona görə Cəfər Cabbarlının “1905-ci ildə” əsərini təhlil edəndə  erməni-müsəlman arasındakı münasibəti xalqlar dostluğu zəminində, beynəlmiləlçi kimi təhlil  ediblər. Əslində Cəfər Cabbarlı  orada  sətiraltı erməni xislətini açır, erməninin xarakterini göstərir. Yusif  Vəzir Çəmənzəminli də, Məmməd Səid Ordubadi də, Manaf  Süleymanov da  “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsərində erməni xislətini açır. Biz o xisləti açmaqdan uzaq düşmüşük. Əslində bizim ədiblərimiz böyük bir  qaynaq qoyub gediblər. Cəlil Məmmədquluzadənin “Kamança”  pyesində  erməni məsələsi nə qədər düzgün təhlil olunub. Adını çəkdiyimiz ədiblərimiz  erməni məsələsini ədəbiyyata gətirib və düzgün təhlil ediblər. Buna görə biz onlara minnətdar olmalıyıq. Bu əsərlərdə erməni xislətindəki nankorluq, sədaqətsizlik, dini amildən istifadə etmək, gəlmə olaraq məskunlaşdıqları yerlərdə ayrı-ayrı dövlətlərin siyasətini, ideologiyasını həyata keçirmələri öz əksini tapıb. Sovet  ədəbi tənqidi  düzgün qurulmadlğı üçün bu ədiblərin yaradıcılığına  yenidən yanaşmalıyıq, onları yenidən təhlil etməliyik.

– Elə bir yanaşma, meyl hiss olunurmu?

– Çox təəssüflər olsun ki mən bunu görmürəm. Erməni məsələsi, ermənilərin Cənubi Qafqaza, regiona bədbəxtlik gətirməsi, onların məkrli siyasəti və niyyəti sadalanan bədii əsərlərdə öz əksini tapıb. “1905-ci ildə” əsərində  erməni obrazı var deyə  bunu ədəbiyyat tarixindən çıxarmaq olmaz. Əksinə, “1905-ci ildə” əsərini ədəbiyyata, dərsliklərimizə gətirib onu  müasir, müstəqil Azərbaycan dövlətinin, azərbaycançılıq ideologiyasının tələblərinə uyğun yenidən təhlil etmək  lazımdır. Bayaq vurğuladığım kimi 21-ci əsr yaddaşsızlıq əsridir. Ona görə yaddaşsızlıq əsridir ki, informasiya-komunikasiya texnologiyaları həyatımıza gəlir. Qloballaşma o demək deyil ki, vahid dil yaranacaq, qloballaşma odur ki, dünya vahidləşib. Hər hansı bir informasiyanı yaymaq ani olaraq baş verir. İnformasiya-kommunikasiya texnologiyaları, tərəqqi həyatımıza, məişətimizə gəldikcə insanlar kökündən, yaddaşından uzaqlaşırlar.Yəni informasiya bolluğu yaddaşa bağlılığı itirir. İnternetə girmədən, kitab oxumadan belə  insanın özündən asılı olmayaraq beyninə  o qədər informasiya daxil olur ki, yaddaşsızlıq yaranır. Bu informasiya bolluğunun insanın vaxtına  hücum etməsidir. Bu yaddaşsızlıq  əsrində  elmi-texniki tərəqqi dəyərlərimizi, keçmişimizi, klassiklərimizi əlimizdən almağa  çalışır. 21-ci əsrdə yenidən ədəbiyyat tariximizdə bu məsələləri araşdırmalıyıq. Mənə elə gəlir ki, bu araşdırmalar azərbaycançılıq düşüncəsi ilə, Azərbaycanın milli-mənəvi dəyərlərinə sadiqliklə  araşdırılarsa  erməni məsələsinin , erməni xislətinin  kökü tam üzə çıxa bilər. Bu bizim gəncliyə lazımdır. Tarix göstərdi ki, biz gənclikdən çox şeyi gizlətməklə onu yarımçıq hazırlamışıq. İndi gəncliyi bütöv hazırlamaq üçün tariximizdə mövcud olan  hadisələri ona dürüst çatdırmaq lazımdır. Bunun üçün Heradota və Strabona, orta əsrlərdə yazılmış hansısa yazılı qaynağı müraciət etməzdən əvvəl, XIX-XX əsrlərdə yazılmış ədəbi-bədii nümunələrə istinad etmək lazımdır. Mənə elə gəlir ki, bu istiqamətdə görüləcək  işlərə çox böyük ehtiyac var. Əgər biz bu işi görməsək, gələcək nəsillərə problem saxlayırıq, Çünkü indiki nəsil qədər bu problemin siyasi, elmi, mənəvi, ideoloji tərəfini bilən nəsil olmayacaq. Gələcək gənclik bu işlərdən artıq  getdikcə uzaqlaşır. Ona görə bu işləri başlamağın vaxtı çoxdan çatıb. Fikrimcə, bu istiqamətdə bir proqram  lazımdır. Azərbaycan  Milli Elmlər Akademiyasının müvafiq institutları (Tarix, Enoqrafiya, Coğrafiya, Dilçilik, Ədəbiyyat) və qeyri-hökumət təşkilatları proqram layihələr hazırlayıb bu məsələləri araşdırmalıdırlar.

– Buludxan müəllim, sizin erməni əlifbasının Avestadan götürülməsi ilə bağlı maraqlı məqalənizə rast gəldim. Tarix elmlər doktoru Həcər Verdiyeva da müsahibə zamanı qeyd edirdi ki, bu Parfiya əlifbasıdır. Erməni əlifbasının Efiopiya əlifbasından götürüldüyü deyənlərin də əsaslı arqumentləri var. Bütün hallarda bu oğurluqdur. Amma siz nəyə görə belə hesab edirsiniz ki, erməni əlifbası Avestadan götürülüb?

– Mən tədqiqatçı Əjdər müəllimin (red. – filologiya elmləri doktoru Əjdər Tağıoğlunun (İsmayılovun) “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabı) araşdırmasını oxumuşam və görürəm ki, erməni əlifbası Avestadan götürülmədir. Amma, istənilən halda bu mövzuda seminarlar, müzakirələr təşkil olunmalı, bu istiqamətdə tədqiqatlar aparmalıyıq. Siz qeyd etdiyiniz kimi  erməni əlifbasında Efiopiya və Orxon-Yenisey əlifbasının ünsürləri var. Faktiki olaraq erməni əlifbası oğurluqdur. Mesrop  Maştos  adlı adamın kimliyini biz araşdırmalıyıq. Ola  bilməz ki, qaraçı xislətində olan bir millət əlifba yaratsın. Ermənilərin həyatı, fəaliyyəti  qaraçı simasında olub. Ən qədim yazı daş üzərində həkk olunmuş yazıdır. Əgər hansısa  xalqın daş üzərində həkk olunmuş yazısı varsa, o, xalqın əlifbası da, yazısı da qədimdir. İkincisi, gil üzərində  həkk olunmuş yazılı abidələrdir (“Gilqamış” və ya “Bilqamıs” dastanı). Növbəti dövrdə dəri və nəhayət  kağız üzərində  həkk olunmuş yazılar meydana çıxdı. Bizim Alban yazılı abidələrimiz, Sibirdə Orxon-Yenisey abidələrimiz var. Ermənilərin daş üzərində yazılmış  hansı yazılı abidəsi var?  Erməninin 5-ci, 7-ci və ya 10-cu əsrə aid hansı yazılı abidəsi var?  Ermənilərin əlifbası oğurluqdur, onların himayədarları və özlərinin hiyləgər siyasəti bizim etnoqrafları, tarixçiləri hərəkətə  gətirməyib. İndi  hərəkətə gəlmək və bunları  sübut etmək lazımdır. Mesrop Maştos özündən əlifba yarada bilməzdi. Erməni əlifbası Avestadan, Efiopiya əlifbasından götürülüb, Orxon-Yeniseyin müəyyən komponentlərindən istifadə edilib. Mən çox istərdim ki, bizim  gənc araşdırmaçılar bu yöndə  tədqiqat mövzuları götürsünlər.

– Buludxan müəllim, Azərbaycan miqyasında müəyyən işlər görülür, amma o tədqiqatlar beynəlxalq miqyasa çıxmır.

– Siz mənim yaralı yerimə toxundunuz. Bəli, Respublika səviyyəsində işlər gedir. Amma  çox qəribədir ki, biz bu işləri özümüz görüb, özümüz eşidirik. İndi bunu xaricə çıxarmaq lazımdır. Bu araşdırmaları beynəlxalq aləmə çıxarmaq üçün qeyd etdiyim kompleks  yanaşmanı elə qurmalıyıq ki, xarici alimlər  oxuyanda  bizim dediyimiz fikirlərə şübhə ilə yanaşmasınlar. Özümüzü inandırmaq çox asandır, biz bu işlərin içindəyik. Amma, xarici  alimləri inandırmaq üçün elmi dəlillər, sübutlar, faktlar  o qədər dürüst və inandırıcı olmalıdır ki, o oxuyanda inansın.

Təmkin Məmmədli, 1905.az

araz.az xəbər portalı.